Azərbaycanın Paris Yay Olimpiya Oyunlarına yollanan 5 boksçusundan 3-ü (Nicat Hüseynov, Malik Həsənov və Məhəmməd Abdullayev) elə ilk döyüşdə məğlub olaraq mübarizəni erkən tamamladı.
Presssport24.az xəbər verir kİ. cəmi 2 dəri əlcək ustamız - Alfonso Dominges (92 kq) və Murad Allahverdiyev (80kq) birinci qarşılaşmalarında rinqi başıuca tərk edərək ən güclü "8-liy"ə adlarını yazdırdı.
Tokio Olimpiadasının bürünc mükafatçısı, kubalı legionerimiz olan Domingesin həmvətəni 2 qat Olimpiya və 5 qat Dünya çempionu Xulio Sesar La Krus üzərində qələbəsi xüsusilə qeyd olunmalıdı. Muradın isə özündən kifayət qədər təcrübəli misirli rəqibindən üstün olması diqqətəlayiqdi.
Maraqlıdır ki, hər iki boksçumuzun 1/4 finaldakı rəqibləri qazaxıstanlı əkiz qardaşlar olacaq - Nurbek və Aybek Oralbaylar. Alfonso 1 avqustda Aybeklə, Allahverdiyev isə bir gün sonra Nurbeklə rinqdə münasibətlərinə aydınlıq gətirəcək.
Ötən il Özbəkistanda keçirilən son dünya çempionatının 1/16 finalında Muradı məğlub edən Nurbek növbəti görüşlərində də qələbə qazanaraq mundialın qızıl medalına yiyələnib. O, həmçinin gənclərin dünya çempionatında da fəxri kürsünün birinci pilləsinə qalxıb.
Dünya çempionumuz Domingeslə üzləşəcək Aybek də “dişli” rəqibdir. Doğrudur, idmançımız daha titulludur, lakin Oralbay da Asiya çempionu və Gənclərin Olimpiya Oyunlarının qalibi olmağı bacarıb.
Qeyd edim ki, 1/4 finalda qalib gələn boksçular ən azı Paris Olimpiadasının “bürünc”ünü təmin edəcək. Azərbaycan boksçuları çıxış etdiyi son 6 Olimpiya Oyunlarında medal qazanmağa müvəffəq olub - 1 gümüş, 8 bürünc. Ümid edirik ki, bu ənənə davam edəcək (Elmar Rza).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC