Patrik Andrade "Ludoqorets"ə qarşı oyunlarını xatırladı: "Püşkdə bizə bu rəqib düşəndə Leandroyla birgə..."

“Qarabağ”ın legioneri Patrik Andrade Misli Premyer Liqasının ilk turunda “Araz-Naxçıvan”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Presssport.-az müsahibə verib.

Kano-verde yığmasının üzvü olan yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibləri olan, yaxşı tanıyaraq vaxtilə qarşı oynadığı “Ludoqorets”i incələyib. 

- Mövsümün açılış oyununda “Araz-Naxçıvan” üzərində qazanılan böyükhesablı qələbəni necə şərh edərdiniz?

- Böyükhesablı qələbəyə baxmayaraq, istədiyimiz formada deyilik. Çempionatın əvvəlidi və yaxşılaşdırmalı olduğumuz detallar var. İnanıram ki, növbəti turlarda daha yaxşı çıxış edəcəyik.

- Artıq çempionat start götürdü və avrokuboklardakı çıxışınızı davam etdirdiyinizi nəzərə alsaq, həftədə iki oyuna çıxacaqsınız. Təqvimin sıxlığı problem yaradacaq, yoxsa “Qarabağ” artıq buna öyrəşib?

- Əslində, sıx qrafikdə oynamaq həmişə çətindi. Amma şükür ki, heyətimiz genişdr. Demək olar ki, iki heyətimiz var. Bu səbəbdən də baş məşqçimiz həm avrokuboklarda, həm də ölkə çempionatında rotasiyalar edir. Ona görə də təqvimin sıxlığı bizim üçün elə bir çətinlik yaratmır.

- Növbəti matç “Ludoqorets”ə qarşıdır. “Qarabağ” qələbə seriyasını Bolqarıstan çempionu ilə matçda da davam etdirə biləcək?

- Rəqibi analiz edəcəyik. Lakin əsas məsələ “Lodoqorets” yox, özümüzük. Oyun keyfiyyətlərimizi artırmalı, gücümüzə güvənməliyik. Düşünürəm ki, yaxşı oyun nümayiş etdirəcəyik.

- Vaxtı ilə Bolqarıstan çempionatında - “Çerno More”də oynamısan. Həmin vaxtdakı “Ludoqorets”lə indiki komanda arasında fərq var?

- 4 il əvvəllə müqayisədə “Ludoqorets” çox şey dəyişib. İndiki heyətə, oyunçulara yaxından bələd deyiləm. “Çerno More” ilə yoxlama oyunlarına baxmışam. Hiss olunur ki, yaxşı komandadı. Dediyim kimi, bizi “Ludoqorets”lə iki maraqlı oyun gözləyir.

- Maraqlıdır, 2018-2020-ci illərdə “Çerno More”nin heyətində “Ludoqorets”lə oyunlarınız bir futbolçu kimi sənin üçün necə alınıb?

- Təəssüf ki, qələbəmiz olmayıb. Ya “Lüdoqorets”ə uduzmuşuq, ya da heç-heçə olub. Amma o yadımdadı ki, bonlara ən çox başağrısı verən komanda olmuşuq.

- Sənə yaxşı tanış olan Bolqarıstandakı publikanı bizə necə təsvir edə bilərsən?

- Ab-hava çox yaxşı olur. “Ludoqorets”lə matçlar maraqlı keçəcək. Orda çoxlu dostum var. Oyunları izləməyə gələcəklər.

- “Qarabağ”dakı komanda yoldaşın, həmyerlin Leandro Andrade də səninlə birgə “Çerno More”də çıxış edib, “Ludoqorets” ona da tanış rəqibdi. Maraqlıdır, püşkdən sonra Leoyla bunu necə qarşıladınız?

- Leandro ilə köhnə günləri xatırladıq. Hesab edirik ki, Bolqarıstana qayıtmaq maraqlı olacaq. Dostları görəcəyik, ötən günləri yada salacağıq. Bir sözlə, maraqlı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC