“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyev bu gün Azərbaycan Premyer Liqasında debüt edəcək.
Presssport.az xəbər verir ki, 72 yaşlı türkmənistanlı mütəxəssisə startda rəqib olan “Neftçi” yaxşı tanışdı.
Belə ki, Berdıyev 12 il əvvəl - 2012/13 mövsümündə Avropa Liqasının qrup mərhələsində “ağ-qaralar”a rəqib olub. Onda Rusiyanın “Rubin” klubuna başçılıq edən təcrübəli çalışdırıcı həm Kazanda, həm də Bakıda 1:0 hesablı qələbə qazanıb.
Sadəcə, həmin vaxt Berdıyev komandanı paytaxtımızda Tofiq Bəhramov adına Respublika stadionuna çıxarıb. “Neftçi” isə uzun illərdi öz stadionda - “Neftçi Arena”da çıxış edir.
Berdıyevin rəqibi olan ukraynalı həmkarı, 6 ildən sonra Premyer Liqamıza dönən Roman Qriqorçuk isə “Turan Tovuz”la ilk dəfə görüşəcək. Belə ki, 59 yaşlı mütəxəssis 4,5 il əvvəl “Qəbələ”ni çalışdırsa da, o vaxt Tovuz klubu Premyer Liqada çıxış etmirdi.
Əvəzində Roman İosifoviçin yeni klubu ona yaxşı tanışdı. Özü də maraqlıdı ki, “Neftçi” 1992-ci ildən keçirilən, hamısında iştirak etdiyi milli çempionatlarımızda ən böyükhesablı mğlubiyyəti məhz Qriqorçukdan alıb. Bu, 2015/16 mövsümün əvvəlində - 2016-cı ilin sentyabrın 10-da Masazırda 0:8 hesabıyla olub. Yeri gəlmişkən, qollardan birinin müəllifi olan millimizin üzvü, təcrübəli xorvat yarımmüdafiəçi Filip Ozobiç hazırda Qriqorçukla “Neftçi”dədi. "Ağ-qaralar"ın 0:8-də qalan tək futbolçusu isə yarımmüdafiəçi Rəhman Hacıyevdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC