“Gərgin oyun keçdi. Bu gün qalib müəyyənləşməsə də, mübarizənin ilk hissəni oynamışıq. Hər şeyə Qəbələdə aydınlıq gələcək. İnanıram ki, öz meydanımızda “Araz-Naxçıvan”ı məğlub etməklə yarımfinala vəsiqə qazanacağıq”. Bu sözləri “Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan”la ilk oyundan (1:1) sonra Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə deyib.
Əzizli buraxılan qolda səhvə yol verdiyini etiraf edib: “Risk elədim, topu tutmağa çalışdım. Gərək o epizodda topu tutmağa çalışmazdım, elə birbaşa uzaqlaşdırardım. Çıxartsaydım, daha yaxşı olardı”.
Rəşad “Araz-Naxçıvan”ın qaçırdığı penaltiyə də toxunub: “Ürəyimə dammışdı ki, Turan Manafov sol tərəfə zərbə vuracaq. Sadəcə, zərbəni qeyri-dəqiq yerinə yetirdi. Top qapıya getsəydi, penaltini qaytaracaqdım”.
Təcrübəli qapıçının fikrincə, mərhələ adlamaq şansları yüksəkdi: “Cavab oyunu öncəsi özümüzü favorit görürəm. Səfərdə heç-heçə pis nəticə deyil. Düzdür, bu gün qalib də gələ bilərdik. Fərqlənmək üçün şanslarımız çox oldu. Qələbə topunu vursaydıq, daha rahat olardı. Yarımfinala yüksələcəyimizə inanırıq, buna ümidimiz böyükdü”.
Əzizli hədəflərinin kuboku qazanmaq olduğunu deyərək, buna şanslarının heç də az olmadığını sözlərinə əlavə edib: "Özü də bu mövsüm kubokun qalibi Avropa Liqasına vəsiqə qazanacaq. Bu da bizi daha çox motivasiya edir. Kubokdan avrokuboklara gedən yol daha qısadı. Ona görə də əlimizdən gələni edəcəyik ki, ötənilki nəticəmizi təkrarlayaq. Ancaq çempionatda da sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, turnir cədvəlində mümkün olduğu qədər yuxarı qalxaq”.
Rəşad hakimlərin idarəçiliyindən narazılığını belə ifadə edib: “Əvvəl səhv idi, indisə qərəzdi. Bir şey olan kimi dərhal qırmızı vərəqə göstərilir. Belə rahat “qırmızı”lar verilmir. Düşünmürəm ki, bu, turnir cədvəlində aşağı pillədə olmağımızla bağlıdır. Çünki yuxarı pillələrdə olan “Zirə”yə qarşı da haqsızlıqlar olur. Hakimlər səhvlərini qəbul etmək istəmirlər. Məsələn, bir epizoda 10 nəfər baxır, hamı da deyir ki, hakim burda səhv qərar qəbul edib, amma onlar razılaşmırlar. Hakimin səhv qərarı futbolçuların əziyyətini verə vurur. VAR da gəldi, amma xeyri yoxdur”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC