Sadıqov Papunaşvilinin transferinin gec baş tutmasına aydınlıq gətirdi: "Bu mövsüm çempionat keçənilkidən də çətin olacaq."
"Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Sezona başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm".
Presssport.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının I turunun “Səbail”lə ev oyunundan (4:0) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını da cavablandırıb.
- "Osiyek"i nə dərəcədə incələyə bilmisiz?
- Yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı baş məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq.
- - Georgi Papunaşvilinin transferinin gec baş tutması nə ilə bağlıdır? Yəqin, ona marağınız indi olmayıb…
- - Bəli, sezonun əvvəlindən marağımız var idi. Sadəcə, klubla futbolçu arasında müəyyən detallarda razılıq yox idi. Bir həftə əvvəl razılıq əldə olundu. Məyus edən tərəf odur ki, futbolçu ayyarım zədəsini müalicə edib, sonra isə fitnes məşqləri edib. Dörd aydır kollektivdən uzaqdır. Bəlkə də, formasını 2 aya bərpa edəcək.
- - Uğurlu performansın davamı üçün hansı planlarınız var?
- - Rəqibi bir az da təhlil edəcəyik. Oyun planı ilə bağlı məsləhətlər aparacağıq. İlk matçda uğurlu çıxış etmək çox önəmlidi. Rəqib də doğma azarkeşləri önündə sərfəli nəticə istəyəcək. Çox ciddi dəyişiklik etməyəcəyik. Bu günə qədər də maksimum çalışırdıq. Ən vacibi bu dəqiqə konsentrasiyanı qorumaqdı.
- - Klublarımızın avrokuboklarda III mərhələyə çıxması çempionatın səviyyəsi ilə bağlıdı, yoxsa büdcələrin yüksəlməsiylə?
- - Futbolçu keyfiyyəti olaraq, bütün komandalarımız eyni səviyyədədi. Bizdə büdcə artması baş verməyib, yerində qalıb. Eyni büdcə ilə işləyirik. Düşünürəm ki, bu, büdcə ilə bağlı deyil. Keçən il çempionatın maraqlı və gərgin keçməsi komandaların keyfiyyətini qaldırdı. Bu tip oyunlarda faydalı olur. İstəyərdik ki, növbəti mərhələyə hamımız keçək. Bütün komandalar uğurlar arzulayıram.
- - İssa Cibriladakı perfromans artımını nə ilə əlaqələndirisiz? Sanki Donald Geryenin "Qarabağ"a gəldiyi ilk günləri xatırladır...
- - İssa keçən mövsüm tez-tez zədələnirdi. Bu mövsüm daha məsuliyyətli yanışır işinə. Bəhrəsini də görür. Donald Gerye ilə müqayisə etdiz. Əsas sol cinah müdafiəçimiz Cibrila olmayacaq. Sağdan da hücumameyilli oynayır. Sdəcə, hələ ki avrokuboklarda sol müdafiəçi kimi yoxlayırıq. Məqsəd və Fuad da daha çox bu mövqedə oynayır. Avrokuboklarla bağlı planımız budu. Məqsədin də performansından çox razıyam. Fuad da o mövqedə yaxşı oynayıb. Sevindirici haldır ki, futbolçularda universallıq var. Belə olduqda, məşqçi üçün manevr imkanları asan olur.
- - "Səbail"dən hamı ilə görüşdüz, Kərim Diniyevlə görüşmədiz. Səbəb nə idi, probleminiz var?
- - Nə problemim ola bilər? Futbolçu vaxtında ən çox hörmət etdiyim futboçulardan idi. Bir çox futbolçularla yaxınlıq edirik. Kərim 4-5 futbolçudan biridir ki, hər məşqçinin məhəbbəti və hörməti olar. Görüşməmişəmsə də, xartırlamıram. Bir-bir hamı ilə görüşdüm.
- - Roman Qriqorçukun "Neftçi"si, Kurban Berdıyevin "Turan Tovuz"u haqda təəssüratınız necədi?
- - Oyunu izləyə bilməmişəm. Çünki məşqimiz vardı. Havalar çox isti keçi və məcburuq məşqi sərin vaxta salmağa. Oyunun icmalını izlədim. Dünən necə oynayıblar bilmirəm. İki təcrübəli, böyük məşqçi çempionatımıza gəlib. Belə təcrübəli məşqçilərin insanların gəlişinə çox sevinirəm. Öz komandalarına oyunlarını, ustalıqlarını yansıdacaqlar. Bu mövsüm çempionat keçənilkidən də çətin olacaq.
- - Bu yay yalnız yerli bazardan transferlər edirsiz. Təsadüfdür?
- - Bəli, təsadüfən elə alındı. Başqa ölkələrdən də transferlərimiz olur.