“Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub müsahibı verib.
Pressssport.az həmin müsahibəni təqdim edir:
- “Şamaxı” Premyer Liqaya qayıtdıqdan sonra ilk matçında səfərdə “Sabah”dan xal aldı (2:2). Düşünmürsünüz ki, bu oyun doğma meydanda keçirilsəydi, komandanız ilk turu qələbə ilə başa vura bilərdi?
- Xeyr, bu barədə düşünmürəm. Bəli, “Şamaxı”nın çempionatda bəlli məqsədləri var. Amma Azərbaycan futbolunun da ali məqsədləri mövcuddur. İndi müxtəlif fikirlər ola bilər. Artıq irəli baxmalıyıq. Göstərdik ki, Premyer Liqaya elə-belə qayıtmamışıq. Çempionatda bizim də yerimiz var. Təbii ki, xal almağımızda “Sabah”ın yorğunçuluğunun da rolu oldu.
- Meydanda bu cür inamlı “Şamaxı” görəcəyinizi gözləyirdiniz?
- Buna ümid edirdik. İnşallah, bundan da yaxşısını görəcəyik.
- Komandanızın hədəfləri nədən ibarətdir?
- Hədəfimiz Premyer Liqadakı yerimizi möhkəmləndirməkdir. Qarşıda hələ 35 tur var. Yalnız ondan sonra nəticələr barədə danışmaq olar. Lakin nəticələrdən asılı olmayaraq göstərmək istəyirik ki, Premyer Liqaya elə-belə qayıtmamışıq.
- “Sabah”la oyunun yerinin dəyişdirilməsi heç də birmənalı qarşılanmadı. Halbuki 2 il əvvəl “Neftçi”nin eyni təklifi ilə razılaşmamışdınız...
- Bəli, bu barədə mediada da müzakirələr getdi. Bilirəm ki, “Neftçi” azarkeşləri tərəfindən də bu qərar birmənalı qarşılanmayıb. Amma 2 il əvvəl vəziyyət indiki ilə müqayisədə bir qədər başqa cür idi. “Şamaxı”da həmin vaxt dəyişikliklər olmuşdu, komandanın yeni məkanda ilk oyunu idi və şamaxılılar həmin matçı böyük səbirsizliklə gözləyirdilər. Qərarda bütün bunların təsiri olub. Bu dəfə də hər şeyi götür-qoy etdik. “Sabah”ın müraciətini və real şanslarını nəzərə alıb oyunun yerinin dəyişdirilməsinə qərar verdik.
- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?
- Birmənalı şəkildə Premyer Liqada səviyyə yüksəkdir. Stadionlarda daha çox azarkeş olsa, mübarizə daha da gərgin keçər. İnanıram ki, oyunların səviyyəsi artdıqca azarkeşlər də gələcək. Tamaşaçısız futbol o futbol deyil.
- “Sabah”la matçda komandanızın azarkeşlərinin sayı çox az idi. Fanatlarla bağlı hər hansı təbliğat işləri görməyi düşünürsünüz?
- Ən yaxşı təbliğatımız oyunumuzdur. İstərdim ki, Şamaxı ictimaiyyəti də - istər rəsmi dairələr olsun, istər biznes dairələri - onlar da bu kluba yiyələnsinlər, sahib çıxsınlar. Bu sahiblənmənin nişanəsi də azarkeşlərin stadiona gəlməsidir. I Liqadakı təcrübə göstərdi ki, ötən mövsüm hər oyunumuza 1000-1500 azarkeş gəlirdi. Stadionun tutumunun 2000-2200 olduğunu nəzərə alsaq, bu, pis göstərici deyil. Əminəm ki, şamaxılılar Premyer Liqada komandalarını daha yaxşı dəstəkləyəcəklər.
- Komandaya yeni sponsorun cəlb olunması gözlənilir?
- Gözləməklə iş bitmir. Xırda-xırda da olsa, iş gedir, ilkin razılaşmalar da var. Sadəcə mən irəli qaçmaq istəmirəm. Şamaxının yerli biznes dairələri ilə müəyyən müzakirələr aparılır. Məsələlər həll olunduqdan sonra klubumuz tərəfindən müvafiq açıqlamalar veriləcək (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC