Yunis Hüseynovla 59 ilə səyahət - siqaretə tövbədən Olimpiya çempionu ola bilməmək yanğısınadək
Azərbaycan futbolunun canlı əfsanələrindən olan Yunis Hüseynovun həyatında bu gün əlamətdar gündü. Belə ki, ad günü olan təcrübəli mütəxəssisin 59 yaşı tamam olur. UEFA-nın Elit məşq layihəsinin rəhbəri, Futbolun İnkşaf Fondunun həmsədlərindən, Əməkdar məşqçi olan Hüseynov Presssport.az-a müsahibəsində həm keçmişə səyahət etdi, həm də gələcəklə bağlı arzularını dilə gətirdi.
“Ürəyimə stent qoyulandan sonra da futbol oynayıram”
- 60 illik yubileyiniz ərəfəsində son dayanacaqdınız. 59 yaşınızda özünüzü necə hiss edirsiniz?
- - Gənc bir oğlan kimi. Açığı, heç vaxt yaşa önəm verməmişəm. Deyim ki, yaşın üstünə bir yaş gəldi, artıq 59 oldu, ay aman, yaşlaşdım - heç vaxt belə şeyləri fikirləşməmişəm. Həyatımı yaşayıram, özümü yaxşı hiss edirəm. Həyatda yaşamaq lazımdı, yaşa fikir vermək yox. Əsas odur ki, can sağlığı olsun. Bu, varsa, deməli, hər şey yaxşıdı.
- - Can sağlığından söz düşmüşkən, son 3-4 ildə həm koronavirusla, həm də ürəyinizlə bağlı ciddi problemləriniz oldu….
- - “Korona”nı həqiqətən bir az ağır keçirdim o vaxtları. Bir dəfə də ürəyimə stent qoydular - bir damara ikisini. İndi şükürlər olsun ki, yaxşıyam. Sizə bir şey deyim ki, qabaqlar məndə çox başağrısı olardı. Açığı, siqarət çəkən də olmuşam, 13 ildir tərgizmişəm. Buna baxmayaraq, həmişə başım ağrıyardı. Ürəyimə stent qoyulandan sonra isə sizi inanırdım ki, maşallah, başağrım yoxdu (gülür). Deməli, qan dövranım yaxşı işləyir. Heç kimin heç yeri ağrımasın, ağrımaq pisdi. Ürəyimdə problem çıxanda, stentlə bağlı internetdə çox oxudum, araşdırdım. Stent elə bir şeydi ki, damarı açır, heç bir problemi də yoxdu. Bu dəqiqə dünyada neçə milyard adama stent qoyurlar. Yəni, qorxulu bir şey də deyil, onu qoyanda sonra da şükürlər Allaha ki, özümü yaxşı hiss edirəm.
- - Bəs, indi də futbol oynayırsınız?
- - Əlbəttə ki. Elə şey olar? Düzü, mənə stend qoyanda həkimdən birinci onu soruşdum ki, düzünü de, futbol oynaya biləcəm? Dedi ki, hə, yüz faiz oynayacaqsan, sadəcə, 57-58 yaşın var, bundan sonra neynirsən futbol oynamağı. Cavab verdim ki, futbolsuz qala bilmərəm, nə danışırsan….İndi də futbol oynayıram, şükür ki, heç bir problem yoxdu.
"Futbol oynayanda da siqaret çəkirdim - özü də günə “3 paçka”
- - Siqaretə toxundunuz. Futbolçu dövründə çəkməzdiniz, yoxsa…?
- - Yox, çəkirdim. 19 yaşından çəkmişəm. Nə siqaret çəkən olmuşam, nə də içki içən. Sadəcə, o vaxt mənə öyrətdilər. Gənc olmuşam, 19-20 yaşım vardı. Düzdü, içki içən deyiləm, heç vaxt onunla aram olmayıb. Gərək o vaxt çəkməyəydim. “Neftçi”də oynadığım vaxtı veteran futbolçular mənə öyrətdilər, nə isə…
- - Neçə il siqaretlə dostluq etdiniz?
- - 27 il çəkmişəm.
- - Özünüzü necə hiss edirdiniz?
- - O vaxt gündə 2-3 dəfə məşq edirdim. Elə bir problemim yox idi ki, deyim, siqaret çəkəndə, pis olmuşam. Nəfəs almaq baxımından elə bir problemim olmayıb. Amma əlbəttə ki, zərərli şeydi, gərək çəkməyəydim.
- - Hansısa bir baş məşqçiniz sizi siqarət çəkəndə tutub cəzalandırmışdımı?
- - Baş məşqçi bilmirdi ki…Xəlvət çəkirdik. Belə deyək, o vaxt futbolçuların hardasa 90 faizi siqaret çəkən olub. Amma bu, baş məşqçilər bilən şey deyildi. Günə 3 “paçka” siqaret çəkirdim. Özü də ağır siqaretlər çəkmişəm - SSRİ vaxtında “Malboro”, sonra isə İsveçrə “Davıdov”u.
- - Necə oldu ki, siqareti atdınız? Tövbə etdiniz?
- - Sağlamlığıma görə atdım. Gördüm ki, ağır şeydi. Oturmuşduq, dedim ki, daha bu gündən siqaret çəkməyəcəm. Orda da dostlar vardı, dedilər ki, Yunis müəllim, günə 3 “paçka” siqaret çəkən birdən tullaya bilməz, mümkün deyil, çəkəcəksiniz. Dedim ki, yox, elə deyil, bu, nə deməkdi, əlimdə deyil? Söz verdim, çəkməyəcəm. Həmin günü də 2 "paçka" almışdım, qoydum stolun üstünə, uşaqlara dedim ki, götürün çəkin, daha çəkməyəcəm, vəssalam, qurtardım! Artıq 14-cü ildim çəkmirdəm. Məşqçi dövründə daha streslli olursan, çəkirsən. Bu da ziyanlı bir şeydi. Heç kimə də məsləhət görmürəm siqaret çəkməyi.
“Xəzər Lənkəran”da işləyəndə mənə ad günümə bahalı qol saatı hədiyyə etmişdilər"
- - Deyəsən, ad günləri keçirməklə o qədər aranız yoxdu…
- - Elədi, həqiqi, zarafatsız. Düzdü, evdəkilər, bacı-qardaş hamısı keçirir Amma açığı, özümün ad günü keçirməklə bağlı o qədər də aram olmayıb.
- - Bir çox veteran futbolçu 50 ilik yubileyini təmtəraqla keçirib. Məncə, sizdə bu, olmadı….
- - Bəli, yalnız 5-6 dostla keçirdim 50 yaşımı. Hələ futbolu quratanda dedilər ki, vida oyunu keçirək, heç onu da keçirmədim.
- - Ad günündə yaddaqalan, bahalı hədiyyə almısınız?
- - Hədiyyələr əlbəttə ki, olub - klub səviyyəsində də, dostlarım tərəfindən də. “Xəzər Lənkəran”da işləyəndə bahalı, qəşəng qol saatı hədiyyə etmişdilər. Dostlarım tərəfindən yaxşı bir hədiyyə almışam ki, onu indiyədək evdə saxlayıram.
- - Sovet dövründə fevralda çempionat olmurdu. Bəs, Azərbaycan milli çempionatında ad gününüzə təsadüf edən oyun olub?
- - Olub. Sırf biri yadımda qalıb ki, "Xəzər Lənkəran"da idman direktoru idim, səhv etmirəmsə, 2015-ci il idi, 1 fevralda “Simurq”la Zaqatalada oynayırdıq. Orda stadionda məni təbrik etdiıər. Lakin həmin matçı uduzduq - 1:2, yoxsa 1:3 oldu.
“Ən çox xoşladığım yemək ”3 bacı" dolmasıdı"
- - Ad gününüzdə çox təbrik zənglər olur. Bu gün çox olub?
- - Səhər tezdən yalan olmasın, 10-15 nəfər zəng edib. Təbrik edənlər çoxdu, sağ olsun hamısı. Diqqətlərinə görə hamısına təşəkkür edirəm.
- - Ailənizdə yaxşı bir süfrə açılıb?
- - Təbii. Elə sizinlə danışanda buna hazırlıq gedir (gülür).
- - Yunis Hüseynova mədəsinə ən rahat gedən, ən dadlı yemək hansıdı?
- - Həmişə demişəm ki, badımcan dolması ən xoşladığım yeməklərdən olub. El arasında “üç bacı” deyirlər. Bu dəqiqə yox, çünki qış vaxtıdı. İndi də mənə çox yağlı yeməklər yemək olmaz axı... Buna görə belə yeməkləri yemirəm. Nə oldu Allah verəndən.
“İstəyərəm ”Neftçi"nin, milli komandanın baş məşqçisi olum"
- - İndiki bu yaşınızda futbolunuzda olduğunuz yer, işiniz sizi qane edirmi? Yoxsa daha faydalı ola bilərsiniz?
- - 50 yaşımın olmasına baxmayaraq, hələ özümü gənc kimi hiss edirəm. Qocalmamışam da…Əlbəttə, istəyərdəm ki, futbolumuza fayda verim. Bilirsiniz, hər yaşının dövrünün öz ləzzəti var. Bu yaşımda da nə fayda verə bilərəmsə, bunu etmək istəyərəm - əlimdən nə gəlirsə. Təbii ki, məsləhət bilsələr. Əlbəttə, indi də baş məşqçi işləmək istəyərəm. Hələ qarşıda o boyda illərim var. Qocalmamışam ki, deyim, daha işləyə bilmərəm. O qədər uzun müddət çalışmaq istəyərəm ki… Əlbəttə, bu, klublardan asılıdı ki, onlar gərək sənə etimad göstərə.
- - Futbol həyatınızda 2 klubun xüsusi yer - futbola başladığınız “Kəpəz” və sizi futbolçu kimi tanıdan "Neftçi". “Kəpəz”də baş məşqçi olmaq nəsibiniz oldu. Bəs, “Neftçi”nin baş məşqçisi olmaq ən böyük arzunuz olaraq qalır?
- - Arzum deyəndə, belə bir şeyim yoxdu. Bu, bir az xasiyyətimə uyğun bir şey də deyil. Əlbəttə, istəyərəm milli komandamızın baş məşqçisi olum, bunu hamı istəyər. Dediyiniz kimi, ömrümü “Neftçi”yə həsr etmişəm və istəyərəm ki, orda baş məşqçi olum. Sizə belə bir şeyim ki, ”Neftçi"də oynayıb çıxanların 99 faizi baş məşqçi, məşqçi işləyib. Amma araşdırsanız, görərsiniz ki, futbolçu kimi oynayıb yalnız mən baş məşqçi işləməmişəm. Bu, hələ olmayıb. Amma arzum , yanğı deyə bir şey yoxdu ki, deyim yanıb-tökülürəm “Neftçi”də baş məşqçi olum.
- - Bu müddətdə təklif də olmayıb? Heç olmasa ağzınızı aramaq…
- - Yox. Söz-söhbət olmuşdu ki, hə, baş məşqçi qoymağı istəyirlər. Bunu eşitmişdim, amma zəng gəlməyib.
- - Bəs, o yanğı milli komandayla bağlı var?
- - Əlbəttə, orda baş məşqçi işləmək istəyərəm. Bunu yalan demirəm. Özü də deyim ki, nəticə də verərəm, heç bir problem yoxdu. O barədə ki, yalandan deməyim ay, qrupda 1-2-ci yeri tutacağıq, final məthələsinə çıxacağıq. Yox, sadəcə, İndiyədək işləyən baş məşqçilərdən zəif nəticə vermərəm - belə deyərdim.
“Olimpiadaya mən yollanmalı idim, qarşımı kəsdilər”
- - Futbol və məşqçi həyatınız tam ürəyincə olubmu?
- - Yox. Çünki bundan da yaxşı nəticələr əldə edə, yaxud bundan da yaxşı - Avropanın istənilən klubunda oynaya bilərdim. Buna gücüm də vardı. Sadəcə, gənc olmuşam, bizdə psxoloji cəhətdən darıxqanlıq olur. Bundan başqa, əlbəttə, Olimpiya çempionu da ola bilərdim. 35 il keçib, hələ də ürəyimdə qalıb ki, Olimpiya çempionu olmalıydım. Nə qədər vaxt keçsə də, bu yanğı məndə durur, yalan danışmayım. Həmişə də onu fikirləşirəm ki, 1988-ci ildə Olimpiya çempionu olmalı idim.
- - Sizi sonda yığma komandaya götürmədilər….
- - Götürmədilər yox, qarşımı kəsdilər. O vaxt İdman Komitəsində, komandada işləyənlər bunu etdilər. Əvəzimə başqasını göndərdilər, nə isə, söhbət ondan getmir. Məni pislədirlər ki, guya içki aludəçisiyəm, avarayam. Amma Olimpiadaya gedəsi futbolçu mən idim. Ölənə kimi də onu fikirləşəcəm. Qarşımı kəsənlərin də Allah bəlalarını verəcək, verib də. Gənc olduğuma görə xaricə getmədim, getsəydim, bundan da yaxşı karyeram ola bilərdi. İndi bəlkə Azərbaycanda yox, başqa ölkədə yaşayırdım.
- - 80-ci illərin sonunda Yuri Syomin sizi "Lokomotiv"ə dəvət etmişdi. Ordan tez-bazar Bakıya qayıtmağınızı ən böyük səhviniz sayırsınız?
- - “Lokomotiv"”dən başqa da məni o qədər istəyən klublar olub ki… Əlbəttə, səhvim olub. Misal üçün Lokomotiv"də bütün şərait də yaradılmışdı. Orda oynasaydım, bəlkə başqa yerə də gedə bilərdim. Bundan başqa Vladiqafqazdan da məni çağırmışdılar, "Çernomorets" variantı da vardı. Bir sözlə, məni istəyən klublar çox idi, sadəcə, gənc olduğumdam kənarda qala bilmirdim və sonra peşmanlığım vardı. O vaxt getsəydim, Avropanın güclü klublarında yaxşı ad-san qazana bilərdim. Onu da da deyim ki, başqa klublarda oynayanda tamam fərqli Yunis Hüseynov olurdum. Çünki həddən artıq çox məsuliyyətli idim. Qarşında, yanında güclü futbolçular olanda, belə motivasiyada olursan ki, əsas heyətdə yerini itirməyəsən, həmişə meydana çıxan “11-lik”də olasan. Bu məsuliyyət həmişə məndə olub. SSRİ Olimpiya yığmasına gedəndə həmişə məndə məsuliyyət çox idi. Yalnız ilk oyunda start heyətdə olmadım, 30 dəqiqə oynadım. Həmin müddətdə elə gözəl oyun göstərdim ki, bundan sonra bütün matçlarda əsas heyətdə oynadım, öz yerimi vermirdim. Çünki meydana çıxanda o qədər məsuliyyətli, istəkli olurdum ki, bütün matçlarda özümü yaxşı göstərirdim. O xüsusiyyətlər məndə vardı. “Lokomotiv”ə, yaxud ”Çernomorets"ə gedəndə yoxlama matçına çıxırdıq və elə bir oyun göstərirdim ki, baş məşqçinin həqiqətən xoşuma gəlirdi.
- - Sonda özünüzə həm iş, həm şəxsi planında arzunuz?
- - Arzum odur ki, balalarım xoşbəxt olsun, onların xoşbəxt günlərini görək. Ailə üzvlərimə, hamıya can sağlığı arzu edirəm. Hələ baba olmaışam, inşallah, bu, mənə nəsib olaram.