"Zirə" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Osiyek"i qəbul edəcək.
Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda danışıb.
- "Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Sabahkı matçlarda "Sabah"a və özümüzə uğurlar arzulayıram. Allah qoysa, hər iki komanda mərhələni keçər. İlk dəfə üç klubumuz pley-off-da oynayır. Oyundan öncə danışmaq çətindir. Hamı bilir ki, önəmli matça çıxacağıq. Hamımız oyunun əhəmiyyətini yaxşı dərk edirik. Gərgin qarşılaşma olacaq. Hər iki komanda üstünlük əldə edib, mərhələni keçməyə çalışacaq. İki komandanın da yetərincə usta, ambisiyalı futbolçuları var ki, nəticə üçün çalışacaqlar. Necə olacaq, onu zaman göstərəcək.Məni məyus edən tərəf meydançanın yaxşı durumda olmamasıdır. Bunu əvvəlki oyunlarda da öz üzərimizdə hiss etmişdik. Mətbuat konfransından əvvəl meydançaya baxdım. Bir az da pisləşib. Hər iki komandanın futbolçuları üçün texnikalı oyuna mane ola bilər. Şərtlər iki komanda üçün də eynidir. Hər şeyi edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun.
- "Qarabağ"ın oyununa kollektiv şəkildə baxdız? Bu möhtəşəm qələbə "Zirə"yə necə təsir edəcək?
- Toplanışdayıqsa, hamımız birlikdə baxırıq. Deyilsə, hərə sərbəstdir. Dünən bizdə istirahət günü idi. Motivasiya o ola bilər ki, Azərbaycan çempionu Bolqarıstan çempionu "Ludoqorets" kimi güclü rəqib üzərində möhtəşəm qələbə qazanırsa, bizim oyunçulara da motivasiya verə bilər. Çempionatımızın klubu bu cür rəqibi üstələyir. Xırda detallar da əlavə motivasiya ola bilər.
- Çempionatda və avrokuboklarda yaxşı irəliləyirsiz. Bu mövsüm qarşısınıza hansı hədəfi qoymusuz?
- Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq erkəndir. Klub olaraq qarşımıza ən azından bir mərəhələ keçmək hədəfi qoymuşduq. Amma hazırda o haqda düşünmürük. Çalışırıq ki, qarşıdakı oyunu düşünək. Başa düşürük ki, sabahkı oyun bizim üçün çox önəmlidir. Klub rəhbərliyi, futbolçular və məşqçilər üçün də önəmlidir. Qarşımızda çox təcrübəli komanda var. "Dinamo"ya qarşı da yaxşı oyun keçirdilər. Son anda qol buraxıb, məğlub oldular. Çempionatda da klub rəhbərliyi qarşımıza xüsusi tapşırıq qoymur. Həmişə tələb edir ki, komanda inkişaf etsin, əzmkar kollektiv olsun. Bu gün də qarşımızda xüsusi məqsəd yoxdur. Amma yeni sezonda da avrokuboklarda çıxış etmək istəyirik. Uğurlu başlamışıq. Amma klubların iddiasını görürük. Çempionluğa əsas namizəd "Qarabağ"dır. "Neftçi" və "Sabah" da onlara rəqibdir. 5-6 komanda dördlük uğrunda amansız mübarizə aparacaq. Bunu ilk turdan da hiss etmək olur. "Sabah" da iddiasını ortaya qoyub. "Turan Tovuz" da yaxşı oynayır. Məncə, keçənilki liqanın davamı olacaq. Proqnoz vermək çətin olacaq. Kimsə ikinci də ola bilər, 6-cı da.
- Mərhələ keçsəz, transfer olacaq?
- Hazırda bu haqda danışmaq istəmirəm. Aktual məsələ sabahkı oyundur. Nə oyunçulara baxırıq, nə başqa nəyəsə.
- "Şerif"i məğlub etdiz, amma mərhələ keçə bilmədiz. İndi də münasib nəticə var. Daxildə narahatlıq yoxdur ki, arxayınlaşma ola bilər?
- "Şerif"lə və "DAK 1904" klubları ilə ilk oyunlardan sonra narahatlıq var idi. Amma indi yoxdur. Səfər qolu qüvvədə olsaydı, indi də olardı. Lakin səfər qolunun üstünlüyü yoxdur. "Osiyek"lə görüşdə də çox diqqətli olmalıyıq. Onlar bizim səhvimizdən istifadə edə bilər, biz də onların. Bu dəfə narahat deyiləm. Hiss edirəm ki, futbolçular da bilir ki, bizi necə oyun gözləyir.
- Salifu Sumanın psixoloji durumu necədir?
- Heyətlə bağlı danışa bilməyəcəm. Bu da bizim üçün önəmlidir. Əlimizdə geniş heyət var. İlk dəqiqədən də başlaya bilər, sonradan da oyuna qoşula bilər. Sabah çalışacağıq ki, dəyişiklər də effektli alınsın. Ən ağır yük bəlkə də bizdədir.
- "Osiyek"ə qarşı ağır oyun oynadız, daha sonra "Sabah"la çətin matç keçirdiz. İki ağır oyundan sonra futbolçuların hazırkı durumu sizi qane edə bilib?
- "Sabah"la oyundan sonra yüngül bərpa məşq oldu. Dünən də istirahət etdik. Futbolçulara yaxşı istirahət lazım idi ki, oyun günü gümrah olsunlar. Bir gün vaxtımız var. Hazırıq. Bu gün dəqiq biləcəm ki, hansı durumdadırlar. İnanıram ki, sabah ən yaxşı vəziyyətdə olacaqlar.
- İlk oyundan sonra rəqibi yenidən analiz etmisiz?
- Üzbəüz qarşılaşanda fərqli detallar gördük. 4-5 oyunu analiz edəndə onları görə bilməmişdik. Üzərində işləmişik. Çalışacağıq ki, sabah həyata keçirək. Necə olacağını görəcəyik.
- "Neftçi Arena"nın da ot örtüyünün durumu yaxşı deyil. Klub rəhbərləri bu qədər sərmayə qoyurlar. Bunun günahkarı kimdir, meydançaların vəziyyəti niyə belədir?
- Təəssüflər olsun ki, avrokuboklarda ev oyunlarını öz meydanımızda keçirə bilmirik. Mən "Qarabağ"da oynayanda bundan şəraiti zəif olan stadionlarda oyun keçirməyə imkan verirdilər. Çox istəyərdik ki, Zirədə oynayaq. Bura öz meydançamız deyil, çox şey tələb edə bilmirik. Amma stadion rəhbərliyi nəzarə almalıdır ki, burada avrokubok oyunu olacaq. "Şerif"lə oyunda da rəqib təzyiq edəndə, meydanın vəziyyəti imkan vermirdi ki, pressinqdən çıxaq. Bu stadionda texnikalı futbol oynamaq çətindir. Görək də, sabah necə olacaq. Çox məyusedici amildir. Bu qədər vəsait ayrılıb, meydançaların vəziyyəti niyə belədir, bilmirəm. Səfərdəki matçlara baxın, komandamız daha inamlı, daha texnikalı oynayır. O da ot örtüyü amili ilə bağlı idi. Rəqiblərin meydançaları ideal idi. Amma evdə tam əksini görürük. Ümid edirəm ki, meydança sabah bizə hansısa maneçilik törətməyəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC