“Rəqibin zəif cəhətləri? Mənə zəng edən olsa, nələrsə deyə bilərəm. Amma düşünürəm ki, Qurban müəllimin mənim məsləhətimə ehtiyacı yoxdur”.
Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo" klubu ilə keçirəcəyi oyunlar barədə danışarkən deyib.
2022-2024-cü illər aralığında Zaqreb təmsilçisinin formasını geyinən 27 yaşlı hücumçu bu cütdə şansların bərabər olduğunu bildirib:
"Hər tərəfin özünə görə üstünlükləri var. "Dinamo"nun avrokuboklarda "Qarabağ"a nisbətən təcrübəsi daha çoxdur. Fərdi keyfiyyəti olan, müxtəlif milli komandalarda çıxış edən oyunçulara malikdirlər. Futbolçular uzun müddətdir ki, birlikdə oynayırlar. Bu il heyəti bir neçə futbolçu ilə gücləndiriblər. Son iki rəsmi matçda da qalibiyyət əldə ediblər. Çempionata yaxşı başladıqları üçün motivasiya da yüksək səviyyədədir. Amma "Qarabağ"ın da üstün tərəfləri var. Qurban Qurbanov illərdir oradadır. Komanda oturuşmuş sistemə malikdir. "Dinamo"da tez-tez baş məşqçi dəyişirsə, Azərbaycan çempionunda bu baş vermir. Düşünürəm ki, bu gün meydanda göstərilən oyun baxımından təmsilçimiz rəqibindən üstündür. Bu cür matçlara proqnoz vermək çətindir. Amma mən şansları bərabər görürəm".
Avqustun əvvəlində Almaniyanın “Nürnberq” klubuna transfer olunan forvard Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun rəqiblərini çox yaxşı təhlil etdiyini də diqqətə çatdırıb:
"Çalışdığım mütəxəssislər arasında hələlik rəqibi onun kimi təhlil edə biləni görməmişəm. Bu baxımdan "Qarabağ" çox üstündür. Birinci matçdan sonra bütün mənzərə bilinir və ikinci görüşə necə hazırlaşacaqlarını anlayırlar. "Dinamo" isə standart vəziyyətlərdə də çox təhlükəli komandadır. Ucaboy futbolçuları var. "Qarabağ" da bu cəhətdən problem yaşayır. III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" komandası ilə matçlarda da bunu gördük. Ehtiyat olunmalı məqamdır. Məncə, "Dinamo" ilə qarşılaşmalarda da topla oynayan tərəf təmsilçimiz olacaq. Çünki bunu istənilən rəqibə qarşı göstərə bilirlər. Xorvatiya klubunun isə sürətli oyunçuları var. Bəlkə də əks-hücumlara üstünlük verəcəklər. Topla oynamaq istəsələr, "Qarabağ" imkan verməyəcək. Əks-hücumları həqiqətən çox təhlükəlidir. Bu komanda ilə bağlı məndən nəsə soruşsalar, düşüncələrimi deyərəm. Amma məsləhətimə ehtiyacları olduğunu düşünmürəm".
Emreli "köhlən atlar"ın III təsnifat mərhələsində Bolqarıstan çempionu "Ludoqorets"i mübarizədən kənarlaşdırmasına da toxunub: "Səfərdəki cavab qarşılaşmasında buraxılan iki qola kimi "Qarabağ" kəskin şəkildə qapıya getmirdi. Amma ikinci qolu qapılarında görəndən sonra təzyiq göstərməyə başladılar və bunun da nəticəsini gördülər. Bu cür turnirlərdə hesab 4:2 olanda rəqib çox irəli atıldı. Həmin anadək də meydan sahiblərinin yaxşı futbol sərgilədiyini deyə bilmərəm. Amma istər-istəməz önə çıxanda arxada boşluqlar verirsən. Tarixi və böyük qələbə idi. "Ludoqorets" də zəif deyil. "Dinamo" bu komandadan 1-2 baş üstün ola bilər. "Qarabağ"ın bu uğurunu "Dinamo" ilə matçda da gözləyirik və komandamıza inanırıq".
Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə avqustun 28-də Bakıda keçirəcək (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC