“Zirə” klubu 10 illik tarixində ilk dəfə avrokubokların pley-off mərhələsinə vəsiqə qazanıb.
Presssport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Konfrans Liqasında (KL) “Osiyek”i (Xorvatiya) üstələyərək buna nail olub.
Bu komandaların Osiyekdəki ilk matçı 1:1, Bakıdakı cavab qarşılaşmasının əsas və əlavə vaxtı isə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini məğlub edən (2:1) “qartallar” növbəti mərhələyə adlayıb.
Beləliklə, bu mövsüm avrokuboklarının pley-off mərhələsində Azərbaycanın 2 klubu yarışacaq. “Zirə” KL-də, “Qarabağ” isə Çempionlar Liqasının təsnifat mərhələsinin sonuncu - 4-cü raundunda oynaya biləcək. Rəqiblər müvafiq olaraq "Omoniya" (Kipr) və “Dinamo” (Xorvatiya) olacaq.
Onu da bildirək ki, son dəfə 2 klubumuz avrokubokların pley-off mərhələsində 2016/17 mövsümündə çıxış edib. 2016-cı ilin yayında “Qarabağ” və “Qəbələ” əvvəlcə Avropa Liqasının pley-off, sonra isə qrup mərhələsinə vəsiqə qazanıb. Maraqlıdı ki, bundan əvvəlki ildə də həmin 2 komanda həmin turnirlərdə pley-offda iştirak edərək, qrupa çıxmışdı.
2014-cü ildəsə "Qarabağ"la “Neftçi" Avropa Liqasının pley-offunda oynasa da, "ağ-qaralar” “Partizan”ı keçə bilmədiyindən, qrupda bir təmsilçimiz olmuşdu.
Azərbaycan pley-offda ilk dəfə 2 komandayla isə 2009-cu ildə təmsil olunub. Onda “Bakı” da, "Qarabağ" da Avropa Liqasının qrup mərhələsinə yüksələ bilməmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC