“Zirə”nin qapıçısı Tiaqo Silva Konfrans Liqasının III təsnifat mərhələsinin “Osiyek”lə cavab oyununda penaltilər seriyasında 5 zərbədən 4-nü dəf edərək matçın qəhrəmanına çevrilib. Braziliyalı qolkiper pley-offa vəsiqə qazandıqları oyundan sonra Presssport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- “Zirə” tarixində ilk dəfə pley-offa adladı. Bu möhtəşəm qələbəni necə şərh edərdin?
- Özümüzlə qürur duymalıyıq. Yaxşı çempionatı təmsil edən güclü kollektivə qarşı layiqli mübarizə aparıb qələbə qazandıq. Nəticədən məmnunuq, xoşbəxtik. Artıq bundan sonra “Omoniya” (Kipr) ilə oyunlara köklənməliyik.
- Baş məşqçiniz Rəşad Sadıqov penaltilər seriyasından öncə səni bir qədər kənara çəkdi, təxminən 1 dəqiqə nəsə dedi...
- Bəli, baş məşqçimiz mənə yaxınlaşdı və bildirdi ki, “Şerif”lə oyunsonrası penaltilər seriyasındakı çıxışımdan məmnun qalmayıb. Baş məşqçimiz hər zaman doğrularımızı, səhvlərimizi bilir. Onun iradlarını pozitiv qəbul edirəm. Bəlkə də elə buna görədir ki, bu dəfə penaltilər seriyasındakı çıxışım çox uğurlu alındı.
- Demək olar ki, “Şerif”lə matçdakı “günahınızı yudun”?
- “Şerif”lə oyundakı penaltilər seriyası “Osiyek”lə matçdakından fərqli idi. Orda demək olar ki, əksər zərbələr qola çevrilmişdi. Hər oyun bir təcrübədi. Səhvlərimizdən öyrənirik.
- Sən penaltilər seriyasında zərbələri dəf etdikcə komanda yoldaşların da şanslarını boşa verirdi. Maraqlıdı, həmin anda hansı hissləri keçirirdin?
- Rəqib qapıçı da 3 penalti dəf etdi. Normalda rəqibin 3 zərbəsini qaytarmısansa, qalib olursan. “Osiyek”in qapıçısı penaltidən qola imkan vermədikcə, daha da gərgin olurdum. Düşünürəm ki, eynilə mən də penaltini dəf etdikcə rəqibdə gərginlik yaranırdı. Çox şükür ki, sonda daha dəqiq olduq və qələbə qazandıq.
- 5 penaltidən 4-nü dəf etmək həqiqətən də möhtəşəm göstəricidir. Bu yüksək performansı nə ilə izah edə bilərsən?
- Futbol kollektiv oyundu. Rəqibin penaltiləri necə yerinə yetirdiyini analiz etmişdik. Demək olar ki, onların ilk 3 penaltini hansı istiqamətə vuracağını analizlərə əsasən bilirdim. Lakin son 2 penaltini intuisiyama əsasən qaytardım. Buna görə də qapıçı yoldaşlarıma və qapıçı məşqçimizə minnətdaram.
- “Omoniya”nın oyununu izləmisənmi və bu rəqiblə dueldən gözləntilərin nədi?
- “Omoniya” güclü rəqibdi. Kipr çempionatı kifayət qədər yaxşı yarışdı. Lakin rəqibdən asılı olmayaraq çəkinəcəyimiz bir şey yoxdu. Sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimizə nail olaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC