Yunanovun Premyer Liqadan təklifi yoxdu, I Liqadakılarla razılaşmayıb: "Açığı, belə situasiyaya hazır deyildim, ümidim var ki, sonda kiminsə yadına düşərəm"

1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarında 200-dən çox oyun keçirən, 50-dən çox qol vuran futbolçular sırasında olan Amil Yunanov hələ də klubsuzdu. Hazırda doğma Tovuzunda olaraq təklif gözləyən təcrübəli hücumçu Presssport.az-ın suallarını cavablandırıb.

  • - Artıq Premyer Liqada 3 tur arxada qalsa da, hələ də klubsuzsan. Real bir variant olmadı?
  • - Heç bir xəbər yoxdu. Premyer Liqadan heç bir təklif almamışam. Keçmiş komandalarımdan, o cümlədən “Sumqayıt”dan da heç bir şey deməyiblər - nə danışmışam, nə də başqa bir şey. Bilmirəm necə olacaq, gözləyirəm.
  • - Bəs, I Liqadan?
  • - Ordan 2-3 komanda idi, ad çəkmək istəmirəm. Onlar da elə-belə variant idi. Demişdilər, razılaşmadıq, bağlandı söhbət.
  • - Maddi şərtlər çox aşağı idi, yoxsa aşağı liqada oynamaq istəmədin?
  • - Elə şey vardı maddi məsələlərə görə idi, elə şey vardı getməklə bağlıydı. Bəzi şərtlər var idi ki, danışığımız müsbət yekunlaşmadı. 
  • - İndi nəyi gözləyirsən?
  • - Belə baxanda, indi elə bir vəziyyət yaranıb ki, heç özüm də bilmirəm açığı, nə qərar verim, nə edim. Çox çətin bir situasiya yaranıb. Düzü, belə bir vəziyyətə hazır deyildim, gəldi belə bir vəziyyət də yarandı. Heç bilmirəm bundan sonra nə olacaq. Tam qərar verməmişəm ki, nə edim. 
  • - “Kəpəz”də qalıb aşağı məbləğə razılaşmadığına görə indi peşman deyilsən?
  • - Heç bir peşmanlıq yoxdu. Sadəcə, orda mənə deyilən sözlərin heç birinə əməl etmədilər. Halbuki, "Kəpəz"ə belə gəlməmişdim, başqa cür gəlmişdim. Baş məşqçinin özüylə danışmışdım, amma dedikləri sözlərin heç birinə əməl etmədilər. Belə deyim ki, mənə qarşı heç yaxşı hərəkət eləmədi. 
  • - Xeyli vaxtdı məşqsiz də qalmısan ki, bu da əlavə çətinlikdi…
  • - İnanırsınız, hər gün burda Tovuzd parka gedib fərdi məşq edirəm, qaçıram. Arada uşaqlarla düşəndə futbol da oynayıram. Çalışıram ki, ən azı çəkimi qoruyum, formamı saxlayım. 
  • - Artıq çəkin yoxdu?
  • - Heç bir artıq çəkim yoxdu. Desəm ki, hələ çəkimi də bir salmışam…Məşq edim hazır olub gözləyirəm ki, bəlkə bir şans olar. Çünki bir dəfə belə bir situasiyaya düşmüşəm və sonda bir varinat çıxıb hazır getmişəm. Buna görə də müəyyən bir müddət gözləyəcəm.
  • - Bəs, gözləməyin bir nəticə verməsə? 31 yaşında karyeranı bitirmək?
  • - Real bir variant olmasa, yəqin, belə olar. Başqa nə edəcəm? Artıq onda başqa şeylər fikirləşəcəm. 
  • - Məşqçiliyə başlamağı, yoxsa futboldan birdəfəlik getməyi düşünürsən?
  • - Bilmirəm açığı. İnanırsınız, indi düşdüyüm elə bir vəziyyətdi ki, adam futboldan bir az soyuyur. Düzdü, bu işin içindəyik, istəməsək də, məcburuq bu işlə məşğul olmağa. Yəqin, ya məşqçilik olar, ya da nəsə başqa bir şey. Bəlkə başqa bir iş oldu ki, başımı qatdım. Dediyim kimi, belə situasiyanı gözləmirdim və açığı, hər gün fikirləşirəm ki, necə edə bilərəm. Amma nəsə ortaq bir məxrəcə gələ bilmirəm. Hər halda, inşallah, zamanı gələndə yekun bir qərar verəcəm. Sonu gözləyirəm, tələsmək istəmirəm. Ümidim bitməyib, var və deyirəm ki, ola bilər kiminsə yadına düşərəm hardasa. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC