Qriqorçuku qayıdışında ilk məyus edən şans tanımadığı oldu

“Neftçi” keçən mövsüm son turda məhz "Sabah"a ev məğlubiyyətinə görə nəinki medalçılardan, ümumiyyətlə, avrokuboklardan kənarda qalmışdı. Onda “ağ-qaralar”ı, çempion olduğu 2020/21 mövsümündə Premyer Liqamızın bombardiri olmaqla liderlərindən biri olan keçmiş futbolçusu Namiq Ələsgərov sona az qalmış vurduğu qolla cəzalandırmışdı. 

Yeni mövsüm yeni başlamışdı ki, bu 2 paytaxt təmsilçisinin yolu yenidən kəsişdi və yenə “Neftçi” meydan sahibi idi. Sadəcə, “Neftçi Arena” təmirə bağlandığına görə həmşəhərlilərini paytaxtın başqa qəsəbə stadionunda - Zirədə qəbul etdi. Bu dəfə isə ağ-qaralar" ukraynalı yeni baş məşqçisi Roman Qriqorçukla ilk məğlubiyyətini aldı. Burda da matçın qəhrəmanı əks düşərgədəki tanış sima idi. Daha dəqiq desək, “Neftçi”yə yox, onun 59 yaşlı çalışdırıcısına. Söhbət Amin Seydiyevdən gedir ki, yetirməsi olduğu, "Sabah"a gəldiyi “Qəbələ”də Qriqorçukun futbolçusu olub.

26 yaşlı Seydiyev bəlkə də karyerasınən ən yaxşı matçını keçirdi dünən. Halbuki, Zirə İdman Kompleksinin stadionundakı matçlar onün heç də uğurlu alınmırdı. Elə götürək keçən mövsüm məhz aqvustda “Zirə”ylə oyunu ki, rəqibinə qarşı çox kobud oynadığına, az qala ayağını qırdığına görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuş və yekunda uduzmuşdular. 

Budəfəsə Amin Zirədə əla performans göstərdi və həm gözəl qol vuraraq, həm də gözəl məhsuldar ötürmə edərək 2:0 hesablı qələbə qazandıqları görüşün qəhrəmanı oldu. O, “Qəbələ”də Roman İosifoviçdən şans gözləsə də, bunu heç cür qazanmamışdı. Bəlkə də buna görə Seydiyev üçün Qriqorçukla duel prinsipial idi və özünü yaxşı motivasiya edərək bunun bəhrəsini gördü. Maraqlıdı ki, Aminə həmin “Qəbələ”də şansı Qriqorçukun gedişindən sonra baş məşqçi postuna keçən köməkçisi, indi də “Neftçi”də məşqçilər korpusunda yer alan Sənan Qurbanov vermişdi.

Qriqorçuk Azərbaycan karyerasına məğlub olaraq son vermişdi. Belə ki, 6 il əvvəl Qəbələdəki ölkə kubokunun finalında onun komandasının qələbə şansı yüksək qiymətləndirilsə də, yekunda “Keşlə” qalib oldu (1:0) və ukraynalı mütəxəssis istefa verərək Vətəninə qayıtdı. Onu da deyək ki, Roman İosifoviç “Qəbələ"də işlədiyi 3,5 ildə ”Sabah" Premyer Liqada yox idi. Buna görə də bu komandayla ilk dəfə görüşdü və dönüşündən sonra ilk məğlubiyyətini də ondan aldı. 

Məğlubiyyət bir yana, özünün etiraf etdiyi kimi, yaxşı oyunun da olmaması sabaha yaxşı ümidlər vermədi. Əlbəttə, mövsüm yeni başlayıb, cəmi 3 tur keçib və hələ hər şey qabaqdadı. Amma “Neftçi”nin hələ qələbə üzünə həsrət qalması, 3 oyuna cəmi 1 qol vurması (onu da müdafiəçisi), yeni futbolçuların hələ də özünü göstərməməsi, böyük ümidlərlə transfer olunan millimizin hücumçusu Ramil Şeydayevin sönük oyunu, kapitan Emin Mahmudovun liderlik keyfiyyətlərini göstərməməsi narahatlıq doğuran məqamlardı. İndi bir şey dəqiqdi ki, “Neftçi” tezliklə toparlanmamlıdı. Yoxda Qriqorçuka yeni komandasıyla liderlər qrupunda qərarlaşmaq çox çətin olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC