"Neftçi"də yeni sponsor təqdimatı olacaq: "Fərqindəyik ki, seçdiyimiz yol uzun və çətindi, amma bundan qorxmuruq"

"Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərlinin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Presssport.az xəbər verir ki, klub rəsmisi “Neftçi Arena”nın mətbuat konfransı otağında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq ümumi fikirlərini bölüşüb:

- Format sizin üçün də gözlənilməz ola bilər. Bizim üçün gözlənilməz bir şey yoxdu. Bu mətbuat konfransının birincisi ötən həftəyə planlaşdırılmışdı. Texniki səbəblərdən alınmadı. Müxtəlif fikirlər səsləndirilir, yazılır. Bu konfransın məğlubiyyətlərə aidiyyatı yoxdu. Çalışacağıq ki, ayda iki dəfə görüşək, "Neftçi"də baş verənləri, klubun siyasətini müzakirə edək, klubun mövqeyini media nümayəndələrinə, azarkeşlərə çatdıraq. Qərara gəldik ki, həm sizi, həm də azarkeşləri maraqlandıran suallara birinci mənbədən canlı yayımda cavab versək, daha məqsədəuyğun olar. Bugünkü mətbuat konfransının gündəmini siz müəyyənləşdirirsinizz. Sizi maraqlandıran suallar varsa, verə bilərsiz. Bizim də demək istədiklərimiz var.

- Niyə məhz siz ilk mətbuat konfransında media qarsına çıxdınızz? Axı, oşiniz media koordinatorluğudu və suallara cavab verə biləcək başqa şəxslər var. Niyə məhz siz burda əyləşmisiniz?

- Bu suala bu formada cavab verim. Bu, vəzifə təlimatlarımdan biridi - mətbuatla ünsiyyət, işlərin koordinasiyası. Burda qeyri-adi heç nə yoxdu. Klubun fəaliyyətini, həftə ərzində klubda baş verənləri ictimaiyyətə çatdırmaq vəzifə borcumdu. Burda oturmağımın səbəbləri də budu. Meydanda baş verənlərə isə baş məşqçimiz cavab verə bilər. Onu da həftədə minimum bir dəfə görürsünüz, suallar verə bilərsiniz. Ötən bazar baş məşqçiyə suallar vermək imkanınız oldu. Bu şənbə günündə qarşılaşmadan sonra meydanda baş verənlərlə bağlı o şəxsə suallar verə bilərsinizz. Meydandan kənardan baş verənlər, klubun fəaliyyəti, transfer siyasəti, infrasturkturla bağlı məndə tam dolğun informasiyalar var.

- Mövsümün sonunda "Neftçi" avrokuboklara vəsiqə qazana bilməsə, siz məsuliyyəti üzərinizə götürəcəksiniz?

- "Neftçi" avrokuboklara vəsiqə qazanacaq. Nəticələrə cavabdeh şəxs baş məşqçidi, buna məsuliyyət daşıya bilmərəm. Mövsümün sonunda uğur olacaqsa, bu, hamının uğuru olacaq. Uğursuzluq isə olacaqsa, bu, hamının uğursuzluğu olacaq.

- Maraqlıdır, indiki mətbuat konfransının strukturu necə olacaqdı? Burda təksiniz - Cenk Sümer, Yens Andersson, Kamil Məmmədov da yoxdu...

- "Neftçi TV"yə müsahibə vermişdim və klubun strategiyasını açıqlamışdım. Klub quruculuğunda infrastruktur məsələləri də gündəmə gəlir. Mövzulardan biri klubun infrastrukturudu. Bilirdik ki, bu ilə qədər "Neftçi"nin tarixinə yaraşan səviyyədə deyildi. Amma qısa müddətdə çox yaxşı işlər görüldü. Bazamız hazırdı. Yaxın günlərdə ikinci mərtəbə də, ofisimiz də orda olacaq. Sizi də dəvət edəcəyik, siz də görəcəksiniz. Stadiondan da danışmaq lazımdı. "Neftçi" azarkeşlərini maraqlandıran əsas mövzulardan biri stadionun ot örtüyü idi. Müxtəlif yazılar oldu və reaksiya vermədik. Onsuz da bəyanatımızda dolğun yazılmışdı. "Neftçi Arena" bizim deyil, AFFA-nındır. Amma istənilən halda, bura yatırım edirik. Onlardan biri də ot örtüyüdü. Birinci turda gördük ki, qazon azarkeşlərin və medianın xoşuna gəlmədi. "Forza Neftçi" oyuna çox ciddi hazırlaşmışdı. Böyük pankart da asılmışdı. O hazırlığı pozmamaq üçün "Turan Tovuz"la oyunu "Neftçi Arena"da keçirməyə qərar verdik. Ancaq ot örtüyünün qənaətbəxş olmadığına görə stadionu dəyişdik. İndi işlər gedir. Çox ciddi irəliləyiş var. "Qarabağ"la oyunumuz var. Ona qədər stadionun ot örtüyü yaxşı olacaq. Bu arenada ot örtüyünün yenilənməsi 2019-cu ildə baş verib. Türkiyə millisi Avropa çempionatına hazırlıq üçün "Neftçi Arena"nı seçmişdi. Ondan bu yana stadionda kiçik bərpa prosesləri edilib. Hazırda meydanda görülən işlər ot örtüyünün üst hissəsinin bərpa işləridi. Bizim arena digər arenalardan təbii quruluşuna görə fərqlənir. Stadionda havalandırma ilə bağlı problem olur. Yay aylarında havanın isti olduğu müddətdə havalandırma mənfi təsir göstərdiyi üçün otun bitməsində problemlər önə çıxır. Ona görə bərpa işləri aparılmalıdı. Yenidən toxumlar səpilib. Dəliklər var idi. Görəcəksiz ki, azalıb. Bizim gündəmdəki problemlərdən biri bu idi. Mətbuatda həmkarlarımız yazırlar, müxtəlif fikirlərə yer verirlər. Transfer məsələlərinə gəlincə, çox rahat danışa bilərəm. Transfer fəaliyyətinin necə həyata keçirilməsi haqda məlumatlıyam - A-dan Z-yə qədər bilirəm. Bütün dünyada hazırda həyata keçirilən sistem "Neftçi"də də həyata keçirilir. Çox sivil sistemdir. Kluba futbolçular təklif edilir. Baş məşqçinin bildirdiyi problemli mövqelər olur, onun istədiyi keyfiyyətdə futbolçular bildirilir. Skautlarımız futbolçuları idman direktoru ilə birlikdə seçir. Baş məşqçinin tələbinə uyğun "şort-list" təqdim olunur. O da ən bəyəndiyi, uyğun gələnini seçir və futbolçu ilə danışıqlara başlanılır. Doğrudur, sonradan hansısa xırda problemlər çıxa bilər. Məxsus olduğu klub çox yüksək qiymət istəyə bilər, orda razılığa gəlməyə bilərik. Amma baş məşqçi hansı futbolçunu istəyirsə, onunla danışıqlar aparılır. “Transfer pəncərəsi”nin bağlanmasına bir ay var. Meydandan baş verənlərə fikir bildirməyimiz, müdaxilə etməyimiz mümkün deyil. Baş məşqçimiz bununla bağlı danışır. Nəticələr ürəkaçan deyil. Yeni bir şey icad etmirəm. Nəticələr azarkeşləri də narazı salır. Klubu da, baş məşqçini, futbolçuları narahat edir. Bir az vaxt lazımdı. "Sabah"la matçda start heyətdəki futbolçulardan 5-i yeni idi. Bu da öz təsirini göstərdi.

- Bir çoxları fikirləşir ki, medianın, azarkeşlərin sizə olan sevgisi, hörmətinə görə rəhbərlik sizdən qalxan kimi istifadə edir, sizi medianın önünə atır. Bu təşəbbüs sizdən gəlib, yoxsa rəhbərlikdən? Pərdərarxasında səlahiyyətləriniz daha çoxdur deyə bilərik?

- Tamamilə əsassız fikirdi ki, mətbuatı və ya azarkeşləri sakitləşdirmək üçün... Bu, ağlagəlməz bir şeydi. Bu, vəzifə təlimatlarımda var. Biz də sizin içinizdən çıxmışıq. Qayıdacağımız yer də oradı. Səlahiyyətə gəlincə, xeyr. Klubda hər kəsin öz işi var, hamı öz işi ilə məşğuldu. Klubun siyasətini, klubda baş verənləri ictimaiyyətə çatdırmaqdır işimiz. Təşəbbüsə gəlincə, ümumi qərardı. Rəhbərliyin istəyi olub, mən də “hə” demişəm.

- Son zamanlarda Qara Qarayevlə bağlı çoxsaylı yazılar yazılır. Komandada qalacaq, yoxsa gedəcək?

- Qara Azərbaycan futbolunda artıq iz qoymuş biridir. Millidə, "Qarabağ"dakı çıxışları... Onun Azərbaycan futbolunda böyük xidmətləri var. Olub və məncə, yenə də olacaq. Əminəm ki, Qara yaxşı məşqçi, funksioner də ola bilər. Futbol adamıdı. Onun haqda danışanda, böyük hörmətlə danışırıq, belə də olmalıdı. Meydanda baş verənlərə baş məşqçi qərar verib. Roman Qriqorçuk da bildirdi ki, Qaraya start heyətində görmədiyini deyib Bu, onun seçimidi, müdaxilə edə bilmərik. O ki qaldı, Qaranın "Neftçi"dəki karyerası ilı bağlı proseslərə, xahiş edərdim ki, bu hələlik klubun daxilində qalsın. Anlayışla qarşılaşayın ki, heç bir tərəf bu məsələdən zərər görməsin. Çox qısa zamanda yəqin ki, məlumat verərik. Ancaq klubun daxili işidir deyə, sizdən bizi anlayışla qarşılamağınızı rica edərdim.

- Azarkeşlər Emin Mahmudovun komandadan getməsini tələb etmişdi. Onun gələcəyi haqda plan necədi?

- Azarkeşlər istənilən futbolçunu tənqid etməkdə də azaddı, tərifləməkdə də. Eminin "Neftçi" ilə müqaviləsi var, kapitanımızdı. Onun gələcəyi ilə bağlı hardasa müzakirə edilməyib. Bir müjdə verim azarkeşlərə. Bu gün artıq bir yeni futbolçumuzun tibbi baxışı həyata keçiriləcək. Alınsa, bu gün, alınmasa sabah yeni transferimizi açıqlayacağıq. Mövqeyi isə sol cinah müdafiəçisidir. 

- Bəs, Azər Əliyev və Azər Salahlı?

- İkisi də komandada qalır. Hansı futbolçunu hansı mövqedə oynatmaq baş məşqçinin qərarıdı.

- Azarkeşlər üçün tribunada xüsusi oturacaqlar quraşdırılacağını demişdiniz. Bu barədə yenilik nə vaxt olacaq?

- İş başlayır. Ot örtüyü ilə bağlı yeniliyə dərhal başladıq. Mütləq sentyabrın 21-nə qədər ot örtüyü çatdırılmalıdı. Digər məsələlər də həmin tarixədək başa çatdırılmalıdı. İnanırıq ki, həmin vaxta qədər stadionun oturacaqları ağ-qara rəngə dəyişdiriləcək. Həm də, fəal azarkeşlərimiz üçün oturacaqlar açılıb-bağlanan olacaq. Digər məsələlər də var. Stadiondakı çatışmazlıqları adi gözlə də görürsünüz. Dam örtüyü, səs sistemi, işıqlandırma ilə bağlı çatışmazlıqlar var. Hamısı həyata keçiriləcək.

- Olmazdı ki, "Sabah"la oyun Masazırda olsun? Belə təklif etmişdiz?

- Müxtəlif düşüncələr var idi. Elə düşüncə də var idi ki, ev oyunlarının yerini dəyişək. Azərbaycanda indi stadion tapmaq çətindi. Bəzi komandaların məqş etməyə stadionu yoxdu. Qarşılıqlı danışıqlardan sonra qərar gəldik ki, ev stadionu axtarmaq lazımdı. "Dalğa Arena" variantı üzərində dayandıq. "Zirə" ilə danışıqlardan sonra ev oyunumuz Zirəyə keçirildi. Biz də razılıq verdik. "Zirə"nin stadionunun ot örtüyü çox yaxşı vəziyyətdə idi. Hansısa narazılığımız yox idi.

- Gələcək mətbuat konfranslarında da ancaq sizi görəcəyik, yoxsa gedişata uyğun dəyişəcək?

- Nəticənin mətbuat konfransına aidiyyatı yoxdu. Yeni sponsor təqdimatımız olacaq. Ciddi danışıqlar gedir. Bazada yerləşdiriləcək banner, forma üzərində olacaq sponsor yazıları da ola bilər. Yeni oyunçuların fərqli təqdimatı iştirakı lazımdı. Onları da mətbuat konfransına çıxaracağıq. Amma başa düşmək lazımdı ki, iyul və avqust aylarında proseslər çox tez oldu. Sanki xaotik formada görünürdü. Gələcək konfranslarda idman direktorumuz da iştirak edəcək. Baş icraçı direktorumuzla da tanış olacağıq. Yeni sponsorlarımız bura çıxa bilər. Ola da bilər, həftədə 1, ayda 2 dəfə görüşək, fikir mübadiləsi aparaq.

- "Neftçi" kimi köklü kluba özünün balansında olacaq stadion lazım deyil?

- Əlbəttə ki, lazımdı. Amma reallıqlar var. Desək ki, 1-2 ildən sonra müasir, əla stadionumuz olacaq, doğru olmaz. Amma qlobal planlarda bu da var. Yəni, "Neftçi"nin özünəməxsus stadionunun olması. Bunlar zaman alan, texniki proseslərdi. Klubda çalışan insanlar da bunu istəyir. Hamımız istəyirik ki, klubun adına, tarixinə yaraşan stadion inşa edək. Ümid edək ki, yaxın vaxtlarda bu, baş verəcək.

- "Neftçi"də hazırda neçə rəhbər var?

- Bir rəhbər var. Müşahidə Şurası və hər şöbənin öz rəhbəri. 

- "Neftçi"yə cavabdehlik daşıyan kimdi?

- Klubun Müşahidə Şurası.

  • "Neftçi"nin çempionatdakı 3 oyununu görmüşük. Dediniz ki, 5-6 tur vaxt lazımdır. 3-4 həftəyə dəyişəcək? Bu "Neftçi" ilə nəyə ümid edirsiz?

- 5-6 tur lazımdı fikri mənim deyil. Roman Qriqorçuk yeni futbolçuların adaptasiyası ilə bağlı demişdi. Deməmişəm ki, "Neftçi" 5-6 tur sonra yaxşı oynayacaq. Komandanın nə vaxt necə oynayacağını baş məşqçiyə sual verin. Klub nümayəndəsi kimi gözləntilərim nikbindi. Gündəlik məşqlərə baxıram. Klubdakı fəaliyyətinin içindəyəm. Hamı öz işini məqsədyönlü şəkildə, peşəkarlıq keyfiyyəti ilə yerinə yetirir. Qriqorçuk 24 saat çalışır. Onun keçmişi var. Ölkə xaricində, öz ölkəsində, bir neçə bizim kimi potsovet ölkələrində çempion olub. "Qəbələ"də gördüyü işlər göz önündədi. Bu şəxsin baş məşqçi kimi nəyə qadir olduğunu bilirik. O, Azərbaycanı son dəfə tərk edəndə 2018-ci il idi, 6 il keçib. Azərbaycanı tanıyır, amma yenidən uyğunlaşmaq, öz ideyalarını yeni komandasına aşılamaq üçün vaxt lazımdı. O isə bunu daha yaxşı bilir. Qarşıdakı həftələrdə "Neftçi"nin daha yaxşı oynayacağını proqnozlaşdırmaq olar. Ümid edək ki, azarkeşləri də nəticələrlə sevindirəcəyik. Mətbuatda yazılır ki, Qriqorçuk gedəcək, narazıdı... Bu xəbərlərin altında mənbə olmadığı üçün hardan götürüldüyü görmürük. Ona görə də nəsə demək çətindi. Məşqlərimiz də açıq deyil ki, deyək orada nəsə olub. Qriqorçukun kimdən, nədən narazı olmasının məndə cavabı yoxdu. Ötən həftə rəhbərliyə narazılığını bildirib? Bununla bağlı məlumat yoxdu. Klub yeni nəfəslə yeni mövsümə atılıb. Nəticələr heç birimizi qane etmir. Hamımız başa düşürük ki, 3 turdan sonra 2 xal yığmağımız normal deyil. Ümid edək ki, qısa müddətdə baş məşqçiyə verilən suallar yalnız qalibiyyətlə bağlı olacaq.

- "Qarabağ"da nə Türkiyədən, nə də İsveçdən klub rəsmisi var. "Zirə"də də həmçinin. Avropa strukturu formalaşdırana qədər klublarımız irəli gedir. Bəlkə uğur düsturunu "Qarabağ"dan götürəsiniz?

- "Qarabağ"da Türkiyədən mütəxəssis var. Amma məsələ o deyil. Hər klubun öz yolu var. Bu gün seçilən yolun yekunları haqda avqustda danışa bilmərik. İndidən nəyin necə olacağını bilmirik. İnanırıq ki, seçilən yol doğrudu. Bilirik ki, Danimarkadakı kimi klub formalaşdıra bilmərik. Hər şeyin fərqindəyik. Sadəcə, dünyanın qabaqcıl klublarının yaxşı işlərini götürməkdə pis nə var? Yaşayaq, görək. İnanırıq ki, seçdiyimiz yol doğrudu və qısa müddətdə uğur qazanacağıq. Amma bu da qısa yol deyil. Qısa yol çox böyük pul xərcləməkdi. Bəlkə də, bir mövsümlük nəticə olar. Fərqindəyik ki, seçdiyimiz yol uzun və çətindi. Amma bundan qorxmuruq. İş gedir və bir gün bəhrəsini görəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC