"Kəpəz"in gəncəlisi üçün hazırkı durum ikiqat ağırdı, amma komandaya inanır: "Azarkeşlərimiz çox səbr etməyəcək"
“Kəpəz” Misli Premyer Liqasında yeni mövsümə çox uğursuz start götürərək turnir cədvəlində son pillədədi. Belə ki, Adil Şükürovun komandası nə xal hesabını aça bilib, nə də qol hesabını. Gəncə təmsilçisinin vitse-kapitanlarından olan təcrübəli yarımmüdafiəçisi Əli Səmədov Presssport.az-a ardıcıl 2-ci böyükhesablı məğlubiyyətlərinin - 0:3-ün səbəbləri haqda fikirlərini bildirməklə başlayıb.
- - Tovuzda gözləmədiyimiz nəticə oldu. Belə deyim ki, oyuna yaxşı başlamışdıq, yaxşı da davam elədik. Oyuna nəzarət əlimizdə idi. Qapımıza 4 təhlükəli vəziyyətləri oldu ki, bunun 3-nü qola çevirdilər. Bunu da gözləmirdik, heç kim gözləmirdi. Önəmli olan da nəticədi. Bizim üçün acınacaqlı məğlubiyyət oldu. Həm də Qərb derbisi idi, azarkeşlər də haqlı səbəbdən təzyiq göstərir bizə.
- - 0:2 geridə olduğunuzda "Turan Tovuz"un oyununu dağıtdınız, hətta baş məşqçisi Kurban Berdıyevi “texniki zona”da özündən çıxardınız. Həmin anda qol vurmağınız lazım idi. Niyə alınmadı?
- - Təbii ki, fasiləyə hesabda 1:2 geridə gedə bilsəydik, daha yaxşı olardı. Ən azından 1 qol üçün çalışardıq. Sonra rəqib qapandı və 2 topun əvəzini çıxmaq artıq çətin oldu. Qabağa atıldıq və qapımızda 3-cü topu gördük.
- - Ümumiyyətlə, komandanız qol vura bilmir. 3 tura buna nail olmamağınız da acınacaqlı nəticədi…
- - Yeni komandayıq, futbolçular arasında meydanda anlaşılmazlıq olur. Legionerlər yenidi, bizim ab-havaya öyrəşə bilmirlər. Bir az vaxt lazımdı. O vaxt da əleyimizə işləyir. Xalları get-gedə itiririk və gələcəkdə bizə çətin olacaq. Bildiyiniz kimi, gərgin mübarizə gedir və bizə çox çətin olacaq.
- - Bu mövsümün aşkar autsayderi sayılırsınız. Necə toparlana biləcəksiniz? Üstəlik, basqı var…
- - Hər il bizdə basqı olur bildyiniz qədərilə. Hər il də uğursuz startımız olur. 5-6 tura maksimum 4 xalımız olub. Lakin bu komanda yenidi və inanıram ki, futbolçular toparlanıb daha yaxşı çıxış edəcək. Bunu oyunumuzla göstəririk. Düzdü, qol vura bilmədik. Amma oyunla göstərdik ki, bunu daha yaxşı edə bilərik.
- - Səncə, indiki legionerləriniz keçən mövsümdəkilərdən zəif deyil? Onlara inanırsınız?
- - Mən inanıram, məşqçilərimiz inanır. Belə deyim, hamısı yüksək səviyyədə futbol oynayıb. Təbii ki, bunu deyəndə, öz liqalarıını nəzərdə tuturam. Məşqlərdə də özlərini yaxşı tərəfdən göstərirlər. Sadəcə, anlaşma istənilən səviyyədə deyil. Hər kəs bir-birini başa düşmür. Komandamıza - legionerlərimizə də, yerli futbolçularımıza da inanıram. İnanıram ki, daha yaxşı olacağıq.
- - Tovuzdakı oyundan dərhal sonra azarekşlərinizlə söhbət oldu. Sizə qarşı çoxmu təpki oldu?
- - Təpki deyəndə, real istəkləri var. Qərb derbisidi və komandadan yaxşı nəticə gözləyirlər. Onları başa düşmək olar. Amma biz də onlara anlatdıq ki, komanda yenidi.
- - Səncə, gəncəli azarkeşlər səbrlidi?
- - (gülür) Gəncəli azarkeşlər əsasən çılığındırlar əlbəttə ki.
- - Səncə, onlar belə vəziyyətə nə qədər səbr edəcək?
- - Məncə, çox səbr etməyəcəklər. Mən də hardasa gözləyirəm kİ. 2 turdan sonra komanda tam formalaşıb, tam toparlanıb yaxşı çıxış edəcək. Zədəli futbolçularımız da qayıdandan sonra kollektivimiz yaxşı olacaq.
- - Bir gəncəli olaraq bu vəziyyət sənin üçün ikiqat üzücü olar. Hər halda, legioner, gəlmə yerli futbolçu sənin qədər məyus ola bilməz…
- - Demək olar ki 10 ildi burdayam. Bu müddətdə 6 ay “Şamaxı", 6 ay da "Sabah” karyeram olub. Yerli, gəncəli futbolçu olaraq mənə ikiqat ağırdı. Amma onu da deyim ki, bu situasiyaya artıq öyrəşmişəm. Hər il belə olur, hər il təzyiqlər olur, hər il çətin olur. Amma komandaya inanıram. Keçən il də inanırdım, ondan əvvəlki il də. Toparlanıb daha yaxşı yerlər uğrunda mübarizə aparacağıq.
- - Faktdı ki, keçən mövsüm sizi I Liqada hazırkı baş məşqçiniz xilas elədi. Bundan əvvəl Tərlan Əhmədov bunu etdi. Yəni mövsümün əvvəlində olan baş məşqçi dəyişikliyinin sonradan bəhrəsini görüsünüz. Səncə, bu dəfə də belə ssenari çıxış yoludu?
- - İnanmıram belə bir şeyə. Çünki Adil hoca yaxşı məşqçidi, keçən mövsüm bizi Premyer Liqada saxladı. Məncə, bu il də hər şey qaydasındadı. Sadəcə, dediyim kimi, futbolçular yenidi və toparlanmağa vaxt lazımdı. Bir-birimizi biz az daha yaxşı başa düşməliyik.
- - Bir də “Kəpəz”ə sponsor lazımdı…
- - Əlbəttə, bu, mütləqdi. Büdcəmiz aşağıdı.
- - Niyə “Kəpəz”ə sponsor tapılmasın?
- - Gəncədə bir az çətindi. Neçə ildi burda axtarış gedir, amma tapılmır. Bütün komandalara, hətta I Liqadakılara sponsor tapıldı, lakin “Kəpəz”ə yox. Belə deyim ki, bizə bu dəqiqə cüzi miqdarda maddi dəstək də böyük şeydi, böyük köməkdi. İnşallah, görək…
- - Bəlkə Gəncədə söz-söhbət çox olur deyə heç kim bura əl qoymaq istəmir?
- - Ola da bilər. Bu hadqa dəqiq bir şey deyə bilmirəm. Çünki bu, artıq böyük səviyyədə həll olunan məsələdi. Burda həyatı boyu görməmişəm ki, sponsor gələ, qala, işləyə. İnşallah, olar. Amma bir az çətin məsələdi.
- - Sirr deyilsə, maaşlarınız çoxmu aşağı düşüb?
- - Yox, normaldı, keçən mövsümdəki kimidi. Legionerlərin də hamısı demək olar eyni vəziyyətdədi. Sadəcə, bir az artıq xərclər var, çoxalıb. Bunun nəyə olması artıq rəhbərliyə aid olan məsələdi. Xərclər artanda çətindi, çox çətindi. İnşallah, yaxşı olar.