"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Dinamo"nu (Zaqreb) qəbul edəcək.
Presssport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun mahiyyəti bəllidir. Çox vacib oyundur. Hesabda geridə olsaq da, Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək böyük şansdır. Komanda pis hazırlaşmayıb. Hər şey qaydasındadır. Üç top fərqi ilə geridə olsaq da, inamımız böyükdür, hazırlığımız yaxşı keçdi. Qalibiyyət üçün hər şeyi etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyunumuzdan razı qalsın. Əsl final matçı kimi hazırlaşmışıq. Rəqibimizi tanıyırıq, bilirik ki, ambissiyalı komandadır. Onların üstünlüyü bizdən çox görünə bilər. Amma hər bir halda komandama inanıram, güvənirəm. Sabah yaxşı nəticə üçün hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır. Bunu da onlardan gözləyirəm.
- Sabah burda da uduzsanız, bunu faciə hesab etməyəcəksiniz?
- Əlbəttə ki, yox. Hər məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sahədə işləməyə dəyməz. Çünki idmanda qələbə, məğlubiyyət, bərabərlik olur. Bunlara hazır olmalıyıq. Ümumi işimizə dəyər verməliyik. Bir şeyə əmin olmuşam ki, hər oyuna çox məsuliyyətlə yanaşmışıq. Geridə nəsə alınmayıbsa, məsuliyyətsizlikdən bir şey olmayıb. Sadəcə, burda rəqibin üstünlüyü və ya hansısa digər detallar olub. Hər bir halda, məğlub oluruqsa, nəticə çıxarırıq. Sabah qalib gəlmək istəyirik. Vaxtımız var, məğlub olmaq istəmirik.
- Sabah qapıda Koxalski olacaq, yoxsa Buntiç?
- Sabaha kimi vaxtımız var. Oyuna qədər tam qərar verəcəyik.
- Julio Romanonun cəzalı duruma düşüb-düşməməsi brədə arxayınlığınız var idi? Çünki bəziləri bildirirdi ki, cəzalı durumdadır...
- Şübhəmiz var idi. Çünki reqlamentdə 3 sarı vərəqə cəzalı duruma salır. Sadəcə, orda bir nüans var idi, o bəndi incələmək lazım idi. Arxayınlığımız var idi ki, Romao oynayacaq. Amma yenə də qəti cavab istəyirdik UEFA-dan. Elə dünən cavab gəldi. Qeydləri göstərmişdik. Dedilər ki, haqlısınız, Romao oynayacaq.
- Sabah komanda necə oynayacaq?
- Qarşımızda hesabda 3:0 öndə olan, böyük təcrübəyə malik "Dinamo" var. Bəzən təkcə cəsarət, istək olanda "yana" bilərik, istəyimiz alınmaya bilər. Rəqibi çox yaxından tanımalıyıq. Sabah mütləq şəkildə rəqibə təzyiq etməliyik. Amma bunu ağıllı etmək lazımdı. Çünki səfərdə rəqibin əks-hücumlarda necə təhlükəli olduğunu gördük. Buna hazır olmalıyıq. Onlar da buna hazırlaşıb. Açıqlamalarından bunu görürəm. Tam əksi də oa, yəni rəqib də bizə təzyiq göstərə bilər. Bunların hamısına hazır olmalı, istənilən təzyiqə dözməliyik. Ağıllı və cəsarətli olmalıyıq. Hazırlıq buna doğru gedir. Etdiklərimizi daha da yaxşılaşdırmalıyıq. Səfərdə xeyli sayda qol epizodumuz oldu. "Dinamo"nun qapıçısı da yaxşı oynadı. Görünən odur ki, daha səliqəli, daha dəqiq oynamağa çalışmalıyıq.
- Bu yay üçün transfer çalışmalarını bitmiş saymaq olar?
- Axtarışlar gedir. Müddət azdır. Azad agent statusunda olan futbolçuları gətirmək problem olmur. Belə olarsa, axtarışları davam etdirəcəyik və “yox” deməyəcəyik. Ehtiyac var. Ən pis halda, əlimizdəki futbolçular yetəri qədərdi. Olsa, edəcəyik.
- Səfərdə uduzsanız da, sizə inam böyükdür. Bu inamın qarşılığında nə deyə bilərsiniz?
- İlk oyundan sonra da inamım itmədi. Gedişatda hamı fərqli düşünə bilərdi. "Qarabağ"ın da gücü, xarakteri bundandır. Azarkeşlər hesabdan asılı olmayaraq, bizə güvənib gəlirlərsə, bizim də onları sevindirməkdən başqa çıxış yolumuz yoxdur. Fikirlərimiz üst-üstə düşür.
- Sabahkı oyunun ab-havası 15-16 illik "Qarabağ" karyeranızda hansı oyunu xatırladır?
- Bu barədə düşünməmişəm. Deyəcək bir söz yoxdur. Hamı ola bilər ki, bizdən 0:3 hesablı məğlubiyyət gözləmirdi. Amma futbol elə səviyyədədir ki, bütün rəqiblər 4-5 qolu rahat vurur. Buna baxmayaraq, bizim kimi klublarda belə şans çox ələ düşmür. İlk dəfə pley-offa düşəndə, Çempionlar Liqası himninin Bakıda səslənməsi haqda danışırdılar. Deyirdilər ki, o da bəsdir. İndi qrupları istəyirik. Bu, məsuliyyətdir, azarkeşlərin güvənini qazanmaqdır. Çalışıram ki, onların istəyi, arzusu real olsun. Məsuliyyət budur. Hansısa oyunla yan-yana qoymaq, bunu deyə bilməyəcəm. İnanmıram ki, hansısa matçda məsuliyyət olmasın. Hər oyunda deyirlər ki, "Qarabağ"dan qələbə gözləyirik, qalib gəlməlidir. Bu şans hər dəfə olmur. Şansdan maksimum istifadə etmək istəyirik. Qarşımızdakı rəqibi də nəzərə almaq lazımdır. Belə rəqiblərə qarşı oynamaq həmişə xoş olub.
- Ötən mövsüm "Dinamo" pley-off mərhələsinin ilk oyununda "Sparta"ya 3:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə 1:4 uduzdular. Konfrans Liqasının 1/8 mərhələsində isə PAOK-a 2:0 qalib gəlsələr də, səfərdə 1:5 uduzaraq mübarizəni dayandırdılar. Bu detala diqqət etmisiniz?
- Baxmışam, maraqlanmışam. Hər buraxılan, vurulan qollara baxmışam. Onların təcrübəli məşqçiləri var. "Dinamo" yaxşı kollektivdir, böyük klubdur. Belə nəticələr onları daha da məsuliyyətli edir. Onlar özləri də bunu düşünür. Bu matçda daha məsuliyyətli olacaqlar. Hər oyunları ilə maraqlanmışam.
- Penaltilərə hazırsınız?
- Bəli. Hər bir mübarizəyə hazırıq. Azarkeşlər bizə güvənirsə, bizdən qələbə gözləyirlərsə, nəinki 90 dəqiqə, 120 dəqiqə meydanda vuruşmağa hazırıq. Penaltilər sonranın işidir. Əsas ilk 90 dəqiqədə çalışacağıq ki, intizamlı oyun göstərək və nəticə verək. Çox istəyərdik ki, hər şey 90 dəqiqədə həll olunsun.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC