Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldo Çempionlar Liqası (ÇL) tarixinin ən yaxşı bombardiri kimi UEFA-dan xüsusi mükafat alıb.
Presssport.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Yarışın bütün zamanların ən çox qol vuran oyunçusu olduğum üçün bu mükafatı almaqdan şərəf duyuram. Bu proses boyu mənə verdiyiniz bütün dəstəyə görə təşəkkür edirəm!”, - forvard bildirib.
Mükafatı Monakoda keçiriləcək yeni yarışın püşkatma mərasimi zamanı UEFA prezidenti Aleksander Çeferin təqdim edib. Bundan başqa, İtaliyalı qapıçı Canluici Buffon da mükafata layiq görülüb.
Xatırladaq ki, Ronaldo ÇL-də 183 oyun keçirərək 140 qol vurub. Siyahıda növbəti pillədə Lionel Messi qərarlaşıb. Belə ki, argentinalı ulduz hücumçu Ronaldodan 11 top geri qalır. Polşalı forvard Robert Levandovski Kriştianodan 46 qol az olmaqla 3-cü yerdədir.
Ronaldo “Mançester Yunayted” və “Real”la ÇL-nin qalibi olub. O, 1992-ci ildən bəri yarış tarixində 5 dəfə çempionluq qazanan ilk futbolçudur. Ronaldo eyni zamanda indiyə qədər 3 fərqli finalda qol vuran yeganə oyunçu (2008, 2014, 2017), həmçinin bir mövsümdə ən çox fərqlənən futbolçudur (2013/2014, 17 qol).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC