Santuşun "çərçivə" qayığısı - U-21-in qapıçılarına güvənməli olacaq?!

Bu gün bütün diqqətimiz AFFA-nın inzibati binasında olacaq. Çünki milli komandamızın yeni baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Ən əsası, həmin vaxt da millimizin UEFA Millətlər Liqasında yeni mövsümün ilk 2 oyunu - İsveçlə ev və Slovakiyayla səfər matçı üçün heyəti açıqlanacaq.

Təbii ki, futbolçu seçimimiz nə qədər az olsa da, Kriştiano Ronaldonun baş məşqçisi olmuş 70 yaşlı portuqaliyalı mütəxəssisin ilk siyahısı çox maraq doğurur. Şəxsən mənim üçün qapıçı siyahısı daha böyük maraq kəsb edir. Çünki burda yetərincə sıxıntılarımız var.

Əvvəla, neçə illərdi millimizin əsas qapıçısı olan Şahruddin Məhəmmədliyev oktyabradək sıradan çıxıb. Milliyə cəlb olunmuş digər təcrübəli qapıçılardan Səlahət Ağayev I Liqaya - "Qəbələ"yə yollanaraq hələ ki rəsmi oyunlara çıxmayıb, Rəşad Əzizli isə ümumiyyətlə, klubsuzdu. Buna görə onların çağırılması real görünmür. 

Əvəzində gənc qapıçılar, U-21 yığmamızın də üzvləri sayılan Rza Cəfərovla Yusif İmanov ön plana çıxıb. Onsuz da Rza artıq əsas yığmaya çağırılırdı və indi ondan ikiəlli yapışılacaq. Yusif isə son vaxtlar U-21-ə dəvət alsa da, indiki məqamda A milliyə çağırılacağı real görünür. Baxmayaraq ki, 21 yaşlılarımızın da bu ay rəsmi oyunu var. Hər halda, onu unutmayaq ki, Yusif bu yay avrokuboklarda da iştirak edərək həm yaxşı formadadı, həm də Rzadan çox oyun praktikasına malikdi.

Təbii ki, millinin 2 oyunu üçün 2 qapıçı azdı və ən azı 1-i də heyətdə olmalıdı. Son dəfə çağırılan Mehdi Cənnətov ("Sumqayıt") klubunda daim oynayır və o da avrokuboklarda çıxış edərək rael namizəddi. Premyer Liqamızın hazırkı liderləri olan "Turan Tovuz"la "Qarabağ"da qapıçılar əcnəbilərdi. “Şamaxı” ilə “Araz-Naxçıvan”da da “1 nömrə”lə gəlmələrdi.

Bu yay Tovuz klubundan "Zirə"yə keçən Anar Bayramov avrokuboklarda oynamasa da, Premyer Liqada daim əsas heyətdə yer alaraq normal çıxış edib. “Kəpəz”də də əsas qapıçı əcnəbi olsa da, hələ ilk turda zədələnəndən sonra onu əvəzləyən Məmməd Hüseynov ümumilikdə yaxşı təsir bağışlayıb. 

Azərbaycandan kənarda çıxış edən qapıçımız yalnız Barselona"ya transfer olunan Eldar Tağızadədi ki, onu da diqqətdən kənarda saxlamaq olmaz. Hər halda, 21 yaşlı Tağızadənin əsas da olmasa, U-21-ə çağırılacağı şübhə doğurmur. Onu da unutmayaq ki, həmin yığmanın üzvü olan Amin Ramazanov yay fasiləsində ağır zədələnərək bu il yaşıl meydana dönməyəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC