Santuş 50 oyunçu arasından seçim edib: "Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur"

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernadu Santuşun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Presssport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis AFFA-nın inzibati binasında jurnalistlərin suallarını cavablandırıb.

- Milliyə dəvət olunanlar daha çox yerli çempionatda çıxış edən oyunçulardır. Eddi İsrafilov və Mahir Emreli formada deyillər deyə, dəvət almayıblar, yoxsa hazırda milli üçün layiq bilmədiz?

- Mahir zədəlidi, bu, bəllidi. Ümumiyyətlə, 50 nəfərə yaxın oyunçu var idi. Onların arasında seçim etdik. Dediyiniz oyunçular zədəli olduqları üçün çağırılmadılar. Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Mahir Emreli, İsmayıl İbrahimli, Anton Krivtosyuk, Hacıağa Hacılı da zədəlidi.

- İki aya yaxındır ki, Azərbaycan millisinin baş məşqçisisiz. Premyer Liqa, avrokubok oyunlarımızı izlədiniz, stadionlarda oldunuz. Gələcəyə ümidlə baxmağa əsas varmı?

- Reallıqlarla barışmaq lazımdı. Bura gəlmişik ki, gələcək üçün komanda quraq, həmin komanda bu yarışlarda ölkəni yaxşı təmsil etsin. İndi heyətə cəlb etdiyim oyunçular birinci dəfədir ki, mənimlə işləyəcəklər. Məşq üçün cəmi 1 gün vaxt olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdu. Bu futbolçularla ilk dəfə işləyəcəm. Onlar da bizi tanıyacaq, biz də onları . Fiziki hazırlıqlarında dəyişiklik etmək imkanımız yoxdur. Çünki klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrsə dəyişəcək? Bu, artıq başqa məsələdi. İndiki məqamda köklü dəyişikliklərə getməyə əsas yoxdu. Əsas hazırlıq bazası bu və millinin keçirdiyi son oyunlar olacaq. Sözsüz, rəqabətədavamlı komanda yaratmaq istəyirik ki, yüksək səviyyədə mübarizə apara bilsin, çox qol vurub, daha az qol buraxsın. Çox kompakt, istəkli, əzmkar, vətən, bayraq üçün əzmkarlıq göstərən komanda yaratmaq istəyirik. Çalışacağıq ki, güclü kollektiv yaradaq. İndiki məqamda bu, çox vacibdi. Milliyə çağırılacaq hər futbolçu bizim üçün çox önəmlidi. Amma onlar heç biri bizim üçün ulduz deyil. Ulduz yalnız göydə olur.

- Millinin futbolçuları son tsikldə yaxşı formada olsalar da, effekt vermədilər. İndi isə onların hazırlıq forması daha aşağıdır. Nə gözləmək olar?

- Əsas olan komandadı, fərdlər önəmli deyil. Gələcəkdə dəfələrlə təkrar edə bilərəm ki, mənim üçün bir oyunçu digərindən önəmlidir deyə, bir şey yoxdu. Hamı mənim üçün önəmlidi. Ola bilsin ki, gözlədiyiniz oyunçu mənimlə olmasın. Hamımız burdayıq ki, Azərbaycan naminə bir şeylər edək. Fernandu Santuş və ya hansısa futbolçular üçün yox, Azərbaycan üçün burdayıq. Bizim üçün əsas olan Azərbaycan bayrağı, Azərbaycan himninə görə oynamaqdı. Bura elə-belə gəlməmişəm.

- Millinin heyətinin bu cür açıqlanması bizim üçün də yenilikdir. Həmişə Premyer Liqada tur bitəndən sonra açıqlanırdı. Bu gün 5-ci tur start götürür. Hansısa zədələr olarsa, alternativlər var?

- Təbii ki, var. Avrokuboklar oyunlarını izlədik və qərara gəldik ki, bu gün heyəti elan edək. 50 nəfərlik siyahı var, alternativlər də var. Ölkədən kənarda oynayanlar da var, onların ölkəyə gəlişi-gedişini nəzərə almaq lazımdı. Ola bilsin ki, xaricdə oynayanlardan kimsə zədələnsə, onları daha çox yerli çempionatda oynayanlar əvəz edəcək.

- 11 ildən sonra "Turan Tovuz"dan 2 oyunçu milliyə dəvət edilib. Bu, "Turan Tovuz"un hazırda lider olması ilə əlaqədardı?

- Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Onların lider komandada oynaması ilə əlaqədar deyil. Dəvət olunublar. Onları millidə görəcəyik, tanıyacağıq. Kim layiqdirsə, çağırırıq. Bu dəfə Azərbaycan çempionatının 4 komandası var ki, onlardan milliyə oyunçu cəlb edilməyib. Dünən 30 futbolçu var idi, seçim etdik və 24 oyunçuluq siyahı çıxardıq. Amma 4 komandadan oyunçu yoxdur. Heç kim deyə bilməz ki, gələcək oyunlarda onlardan olmayacaq. Futbolçuların daha çox öz klublarındakı çıxışına baxıb, milliyə dəvət edirik. Hər bir futbolçuya böyük hörmətim var - sizlərə də, həmçinin. Futbolçuların adını qarşınızda elan etmək istədim ki, əlavə suallarınız olsa, cavablayaq. Ola bilsin ki, bəzi oyunçular milliyə daha çox cəlb olunacaq, bəziləri olmayacaq.

- Milliyə 3 sağ cinah müdafiəçisi dəvət etmisiz. Onlardan hansısa sol cinahda oynayacaq, yoxsa taktiki gedişlər hazırlamısız?

- Belə variant var. Portuqaliya millisində işləyəndə də, bu cür addımlar atmışam. Mərkəz müdafiəçisinin də cinahda oynadığını görmüşük. Lazım olarsa, sağ cinah müdafiəçisini solda oynada bilərik.

- Qarşıdakı İsveç və Slovakiya oyunları haqda nə düşünürsüz? Bu matçlarda nəticə nə qədərə önəmlidir? 

- Dünyada elə məşqçi yoxdu ki, qələbədən başqa nəticəni istəsin. Elə komanda yaratmaq istəyirik ki, oyunçular inamlı və iddialı olsun. Futbol sadə oyundur. Əsas məsələ topu “çərçivə”dən keçirməkdi. Rəqiblər haqda da informasiyaya malikik. İstəkli, iddialı komanda qurmaq niyyətindəyik. İndiki məqamda əsas baza əlimdə olan bu futbolçulardı. Birinci dəfədir işləyəcəyik. Bilmirəm necə müdafiə olunurlar, necə hücuma keçirlər, məşqçinin dediklərini necə edirlər. Öz modelimizi yaratmaq istəyirik ki, öz dəst-xəttimiz olsun.

- "Sumqayıt", "Sabah", və "Zirə"nin avrokuboklardakı çıxışını dayandırması, milliyə təsir edəcək?

- Heç bir təsiri olmayacaq. Bəzən futbolçunun istirahətə də ehtiyacı var. "Qarabağ" və "Zirə" bazar günü oynayacaq. Həmin oyunçular dərhal milliyə gəlib məşqlərə qoşula bilməz, çünki bərpa olunmalıdı. "Zirə" və "Qarabağ"ın futbolçuları məşqlərdə iştirak edə bilməyəcək. Avrokuboklarda klubların mübarizəni dayandırmasının milliyə təsiri olmayacaq. Futbolçular istəklərimi yerinə yetirməyəcəklər, mübarizə aparmayacaqlar, effektiv olmayacaqlarsa, onların gələcəkdə milliyə dəvət olunmasına təsir göstərəcək.

- Lap əvvəldə dediniz ki, ulduz göydə olur. 2016-cı ildə Ronaldo göydə idi?

- Təkcə o yox, hamısı. Ronaldo dünyanın ən yaxşısıdır. Amma qələbəni tək qazanmırlar. Yalnız komanda qalib gəlir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC