“Şamaxı”nın hücumçusu Leroy Mikels müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Neftçi” ilə qolsuz bərabərliyə qaldınız. Bu heç-heçəni necə şərh edərdiniz?
- Çətin oyun alındı. Yaxşı çıxış etdik. Hesab açmaq üçün şanslarımız oldu. Təəssüf ki, onlardan yararlana bilmədik.
- Necə düşünürsünüz, bu matçda "Şamaxı” 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- 2 xal itirdik. Düzdür, “Neftçi”nin də fərqlənmək üçün şansları oldu. Amma biz qələbəyə daha yaxın idik.
- Hazırda “Şamaxı” yaxşı formadadır. “Zirə”ni məğlub etdiniz, “Neftçi”dən xal aldınız. Belə məqamda çempionatda fasilə yaranması komandanızın əleyhinə olmayacaq?
- Ümid edirəm ki, fasilənin ziyanı olmayacaq. Bu müddətdə həm istirahət edəcəyik, həm də qarşıdakı matçlara daha yaxşı şəkildə hazırlaşacağıq.
- Komandaya gec qoşulsanız da, qısa müddətdə adaptasiya ola bildiniz. Bu, xarakterinizdən irəli gəlir, yoxsa “Şamaxı”dakı ab-hava ilə bağlıdır?
- Məncə, bunda dediyiniz hər iki amilin rolu var. Məşqçi işi də xüsusi əhəmiyyətə malikdir. Ayxan Abbasov mənim transferimi çox istəyirdi.
- “Neftçi” ilə matçda “Şamaxı” ilk dəfə doğma azarkeşlər önündə meydanda çıxdı. Yerli publika barədə təəssüratlarınız necədir?
- Azarkeşlərin dəstəyi çox gözəl idi. Açıq deyim ki, stadiona bu qədər azarkeşin gəlməsinə yaxşı mənada təəccübləndim. Fanatlar bizə çox yaxşı dəstək verirdilər.
- Təəccüblənməyiniz yəqin ki, Bakıdakı oyunlara görədir...
- Bəli. Məsələn, ötən tur “Zirə” ilə səfərdə qarşılaşırdıq. “Zirə” böyük komandadır, avrokuboklarda inamlı çıxış etdi. Lakin ev oyununda stadiona çox az sayda azarkeş toplaşmışdı. Buna görə də Şamaxıdakı azarkeş sayı məni təəccübləndirdi.
- Misli Premyer Liqasında sizi başqa nə təəccübləndirib?
- Oyunların tempini qeyd edə bilərəm. Çünki televizorda izləyəndə tamam fərqli hisslər yaşayırsan. Amma realda görürsən ki, temp daha yüksəkdir.
- “Sabah”la oyunu nə dərəcə səbirsizliklə gözləyirsiniz?
- Çox səbirsizliklə gözləyirəm (gülür). Daha əvvəl qardaşıma qarşı 2 dəfə oynamışam və hər ikisində uduzmuşam. Amma bu dəfə fərqli nəticə üçün əlimdən gələni edəcəyəm.
- Yəni, meydana revanş üçün çıxacaqsınız?
- Bəli. Qardaşımdan daha çox qol vurmaq üçün çalışacağam.
- Azərbaycana gəlməyinizdə qardaşınız - Coy-Lens Mikelsin nə dərəcə rolu oldu?
- Qardaşım Azərbaycanı çox sevir. Məhz bu səbəbdən də “Sabah”a geri qayıtdı. Ötən il mən də Bakıda olmuşdum. Azərbaycanı çox bəyənmişdim. Ona görə də “Şamaxı”dan təklif gələndə çox düşünmədim (qol.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC