11 illik aradan sonra - Koşitseyə çatan kimi tıxaca düşən millimiz

Milli komandamızla səfərə az getməmişəm. Amma son səfərimin üstündən bir xeyli keçib. Təsəvvür edin ki, onda Azərbaycan yığmasını hələ almaniyalı Berti Foqts çalışdırırdı və bu, 2013-cü ilin martın sonunda Lüksemburq yığmasıyla qolsuz bərabərliklə yekunlaşan DÇ-2014-ün seçmə mərhələ matçı idi. Bundan sonra Azərbaycan yığmasına çox baş məşqçi gəlib-getdi, oyunçu heyəti də büsbütün dəyişdi. Təsadüfi deyil ki, həmin oyunçulardan indi heç kim millidə yoxdu. Həmin vaxt milimizin üzvləri qapıçı Kamran Ağayevlə müdafiəçi İlqar Qurbanov indi ölkənin “1 nömrə”li komandasında məşqçi və funksionerdi.

11 illik aradan sonra, AFFA-nın dəvəti, “Misli”nin dəstəyilə “Presssport”çu kimi milliylə ilk səfərim eyni zamanda portuqaliyalı baş məşqçimiz Fernandu Santuşun ilk səfər matçına təsadüf edir. Bu, Slovakiya yığmasıyla qarşılaşma üçün Koşitseyə yolçuluqdu. Xatırlayırsınızsa, 2 il əvvəl də UEFA Millətlər Liqasında bu rəqiblə bir qrupa düşmüşdük və onda da oyunun məkanı olaraq paytaxt Bratislavanı seçməmişdilər. Həmin vaxt matç Trnavada (yeri gəlmişkən, 2:1 qalib gəlmişdik) keçirilmişdisə, bu dəfə paytaxt daha uzaq olan Koşitseni seçmişdilər. Hansı ki Ukraynayla sərhədə - Uşqorod tərəfə gedib çıxır. Yəni, Bratislavadan Koşitseyə az qala Bakıdan Qazaxa qədəər məsafə var. Paytaxtdan sonra ölkənin 2-ci böyük şəhəri olan Koşitsedə ukraynalıların çoxluğu diqqət çəkdi. Bu da dediyimiz sərhədə yaxın olmağa görədi ki, Rusiyayala 2,5 il əvvəl müharibə başlayandan indiyədək bura bura xeyli ukraynalı üz tutub. 

Millimiz AZAL-ın çarter reysilə 3,5 saatlıq yolu qət edərək bu şəhərə düşdü. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin başçılıq etdiyi nümayəndə heyətimiz 1 saatdan artıq Koşitse beynəlxalq aeroportunda gözləməli oldu. Əslində, bura aeroport deməyə də adamın dili gəlmir. Çünki çox kiçikdi, sanki aerodromdu. Biz çatdığımız vaxtda isə üst-üstə 3 reysi qəbul edirdilər. Biz Dubaydan gələn sərnişinləri gördüksə, bizdən bir az əvvəlsə futbol yığması hava limanına təşrif buyurmuşdu. Bəli-bəli, rəqibimiz Slovakiya yığması ilk matçını keçirdiyi Estoniyadan yeni gəlmişdi. Çox astagəl olan slovakiyalı pasport nəzarətçiləri bizləri hava limanlarına xeyli gözlədərək yorandan sonra üz tutduq qaldığımız otelə - "Ambassador"a. Burda da bizi bir sürpriz gözləyirdi. Belə ki, burda marafonçuları gecəylə qaçmaq həvəslərinə düşmüşdü və buna görə də yollar bağlanmışdı. Ona görə biz gətirən mikroavtobusdan düşərək bir az piyada getməli olduq. 

Onu da bildirim ki, startda Bakıda İsveçdən layiq olmadığı məğlubiyyəti alan millimizin düşərgəsində əhval-ruhiyyə heç də pis deyil. Ramil Şeydayev yaman qayğılı görünürdü ki, görünür, hələ də Emin Mahmudovun əlindən topu alaraq vura bilmədiyi penaltinin təsiri altındadı, yəqin, məğlubiyyətdə əsas günahkardan bir özünü sayır. Emindən söz düşmüşkən, hələ Bakıda Heydər Əliyev Beynəlxalq Aeoportunda onunla şəkil çəkdirən, avtoqraf alan uşaqlar oldu. Mahmudovun komanda yoldaşı olan gənc qapıçı Rza Cəfərov haqda da bunu deyə bilərəm. Görünür, bu, həm də azyaşlıların “Neftçi” sevgisinə görədi.

Milli futbolçularla açıqlama, müsahibə almamağımız da səbəbsiz deyil. Çünki Santuşun istəyinə uyğun olaraq tam olaraq qarşıdakı matça fokuslanıblar və bu üzdən mediaya qapalıdırlar. Səfərə gedən biz media əhli də bunu anlayışla qarşıladıq. Təki, sözünüzü meydanda deyin, matçdan sonra bu haqda bizə danışarsınız…

 

MEHMAN SÜLEYMANOV, Koşitse

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC