“İlk dəfə idi belə turnirə qatılırdıq və uşaqlar üçün yenilik oldu. Kifayət qədər keyfiyyətli komandalar vardı. Uşaqlar İtaliya klublarının aşağı yaş qruplarını canlı gördülər, çəkinmədilər, oynadılar. Görünən odur ki, komandalarımızın təcrübə toplamasına ehtiyac var".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev klubun U-16 komandasının İtaliyanın Neapol şəhərində təşkil olunan “Blue Devils Cup” beynəlxalq turnirində iştirakı haqqında danışarkən deyib.
Onun fikrincə, İtaliyada güclü rəqiblərə qarşı oynamaq faydalı oldu: "Bu ölkədə U-16-lar arasında çempionatın qalibi olan komanda vardı ki, keyfiyyətli və püxtələşmiş kollektivdi. Sürətli və dinamik oynayırdılar. Hansı ki, Azərbaycan çempionatında komandalarımızın qarşılaşmadığı sürət idi”.
43 yaşlı mütəxəssis “Yuventus”, “Roma”, “Fiorentina”, “Napoli” və “Dinamo” (Zaqreb, Xorvatiya) kimi tanınmış klubların da daxil olduğu, 24 komandanın mübarizə apardığı yarışda güclü rəqiblərlə qarşılaşdıqlarını və qatılmaq istədikləri başqa beynəlxalq turnirlər də olduğunu vurğulayıb: “Danışıqlar gedir, keyfiyyəti daha yüksək olan turnirlərə qatılmağa çalışırıq. Bəzi yaş qruplarından ibarət komandalarımızı göndərməyə çalışırıq. Postsovet ölkələrində keçirilən bəzi turnirlərdə iştirak etmişik. U-17 komandamızı yaxşı turnirlərdən birinə göndərmək planı var”.
Xatırladaq ki, “Blue Devils Cup”da yer aldığı qrupda üçüncü olan “Qarabağ” keçirdiyi 5 matçın 3-də qələbə qazanıb. Turnirin finalında “Roma” “Fiorentina”nı 3:0 hesabı ilə məğlub edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC