“Barış Şimşəklə görüşümüzdə birincisi məqam odur ki, yeni məlumatlar vardı. Bilirsiniz ki, lisenziyalaşdırmada mütləq bu qaydaları klublara çatdırılmalıdı. Şimşək də o qaydalardan, UEFA-nın tövsiyələrindən danışdı. Epizodları müzakirə elədik, diskussiyamız oldu”.
Bu fikirləri Presssport.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
Bu həftə AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb. Komitə rəhbəri komanda üçün oyun qaydaları üzrə seminar keçib. Seminarda oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib. Şimşək seminar iştirakçılarının oyun qaydaları ilə bağlı suallarını cavablandırıb. Seminarın sonunda müxtəlif oyunlarda seçilmiş epizodlar müzakirə olunub. Abbasov bunun gələcəkdə faydalı olacağı qənaətindədi: “Əlbəttə, heç kəs istəmir ki, hakimlər bu qədər səhv etsin. Şimşək da istəmir, hakimlərimizə çox inanır. Sadəcə, bəzi hakimlər komitə sədrinin inamını pis vəziyyətdə qoyur. Ümumən normal müzakirə getdi. Bilirsiniz, bu dəqiqə futbolda elə epizodlar var ki, deyək, bunun kitabı var, bu, olmalıdı. Amma təəssüf ki, bəzi qaydalarda hərə bir fikridə ola, hərə bir qərar verə bilər. Açıq qalan qərar bu gün çox böyük müzakirəyə səbəb olur. Bu hadisələr baş verəndə, görürük ki, hakimlərin bəziləri ayrı-ayrı qərarlar verir”.
Abbasovun sözlərinə görə, Şimşək onların haqlı yadığı hakim səhvləri olduğu epizodlarla razılaşıb: “Əlbəttə, bəzi oyunlarımızda var ki, onların da haqları olduğu var cərimə olub-olmamaqla bağlı. Bunlar da müzakirələr oldu, Barış bəy öz fikrini dedi. Amma Qəbələdəki son oyunumuzda olan olayı heç kim müzakirə edə bilməz. Vüsal Məsimovun İsmayıl Zülfüqarlıya olan epizodunda açıq-aşkar qırmızı vərəqə vardı, vermək lazımdı. Bir şey yaxşıdı ki, Barış Şimşək həmişə düzünü deyir. Etiraf elədi ki, orda qırmızı vərəqə vardı, baş hakim bunu vermədi. Görün, bizim oyundan sonra neçə “qırmızı” oldu və neçəsini vermədilər? Baxın, Faiq Hacıyevin epizodu qırmızı vərəqə, amma baş hakim lehimizə bunu etmir. Gəlirik Əliyar Ağayev ”Sumqayıt"ın futbolçusu Kamran Əliyevə “qırmızı” vermir, amma "Araz-Naxçıvan"la kubok görüşündə “Qəbələ”nin oyunçusuna verilir. Görüsünüz ki, eyni epizodlarda fərqli qərarlar olur. Qaydaları sadalayırlar ki, açıq ayıq, futbolçuya zərər, qəsdən oyun, sürət - hamısı var. Amma niyə bu qərarlar fərqli var - bunu özü bir müzakirədi".
PRO kateqoriyalı 43 yaşlı mütəxəssis seminarda özləri üçün yeniliklərin olduğunu da gizlətməyib: “Belə şeylər də vardı. Bu, əsasən topun əli tapmasıyla bağlıdı. Hücumda olanda top qoluna dəyən futbolçu özü qol vura bilməz. Misal üçün "Səbail”ə vurduğumuz 2-ci qolda top Aleks de Souzanın qoluna dəyir, düşür Paçuya, o da qol vurur. Amma o Aleksin özü vursaydı, o qol deyildi. Bunları bilmək futbolçulara da lazımdı. Əl hərəkətlərinə fikir vermək gərəkdi ki, harda sarı, harda qırmızı vərəqə olur. Hər kəsin bilgisinin, futbolda daha savadlı olması meydanda daha çox kömək edə bilər. İstədiyimiz də budu, lakin sonda qərarları hakim verir. O, soyuqqanlı olmalı, epizodu düzgün dəyərləndirməlidi. Əlbəttə, çətindi, üstəlik, indiki gənc hakimlərə çox şans verirlər. Onlar da bu təcrübəni yığana kimi belə səhvlər olacaq"
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC