Farkaş məğlub etdikləri millimizi təriflədi, oynadığı "Qəbələ"yə görə üzüldü: "Elvin Camalovu tanıdım, onda gənc idi, indisə artıq kapitanınızdı"
İkimizin də yolu bir vaxtlar “Qəbələ”də kəsişib. Onda həmin klubun rəsmi qəzetində çalışırdım. Haqqında söz açdığım slovakiyalı futbolçu Pavol Farkaş isə 2014-cü ilin yayında “qırmızı-qaralar”a keçmişdi. Həmin vaxt rumıniyalı baş məşqçisi Dorinel Muntyanonun transferlərindən olan ucaboylu mərkəz müdafiəçisi 1 mövsüm çıxış etdi və 15 oyunda 2 qola imza atdı.
Futbolçu karyerasını 2 il əvvəl - 37 yaşında başa vuran Pavol artıq bir müddətdi məşqçilik edərək yığmasında italiyalı çalışdırıcı Françesko Kaltsonanın köməkçisidi.
Milli komandamızın UEFA Milətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində Slovakiya yığmasıyla səfər matçından Vətənə dönən zamanı Farkaşla yolum bu dəfə aeroportda kəsişdi. Məni görüncə xatırlayan Pavol təyyarəyə tələsirdi. Çünki bizimlə birgə Koşitsedəki beynəlxalq hava limanında olan Slovakiya yığmasının reysi bizdən əvvəl, özü də bizdən fərqli paytaxt Bratislavaya idi. Hər halda, rusca danışa bilən 39 yaşlı Farkaşla qısaca ayaqüstü söhbətləşə bildim və Koşitesdəki matça "Misli"nin təşkilatçılığıyla yollanan Presssport.az-ın əməkdaşının suallarını cavablandırdı.
- - Artıq 10 il keçir Azərbaycandakı karyerandan. Necə yadında qalıb həminki mövsüm?
- - Yaxşı dönəm idi. "Qəbələ" yaxşı komanda idi, həmin vaxtları yaxşı xatırlayıram. Azərbaycan futbolunu indi də izləyirəm, bəzən Premyer Liqanıza baxıram. Milli komandanızın oyunlarını da izləyirdim. Yenə rəqib olduğumuzdan mənim üçün maraqlıdı. Həqiqətən də çempionatımız da yaxşıdı, milliniz də.
- - Amma milli komandamız üzərində inamlı qələbə qazana bildiniz...
- - 2:0 qalib gəldiyimiz bu matçda yaxşı oynadıq. Oyuna da yaxşı başlamışdıq və hələ fasiləyədək 2 qol vurduq. Bununla da nəticəni xeyrimizə dəyişərək, matçın taleyini böyük ölçüdə həl etmiş olduq. Doğrudur, hansısa anlarda konsentrasiya itirdik ki, milliniz də həmin vaxt 2 real qol epizodu əldə etdi ki. Bunu nəzərə almasaq, daha konsetrasiyanı itirmədik. Üçüncü qolu vurmaq isə bizdə alınmadı. Hərçənd, fasilədən sonra da üstünlük tərəfimizdə idi. Qalib gəldiyimiz üçün şadam.
- - Artıq 1 ay sonra Bakıya gələcəksiniz….
- - Azərbaycana qarşı səfər oyunu da ağır keçəcək. Çalışacağıq ki, Bakıda da yaxşı nəticə qazanaq. Çətin olacağı indidən dəqiqdi. Çünki dediyim kimi, Azərbaycan millisi yaxşı futbolçulardan qurulmuş komandadı.
- - Millimizdən Elvin Camalovu tanımamış olmazdın…
- - Əlbəttə. Axı, onunla “Qəbələ”də komanda yoldaşı olmuşam. Düzdü, onda gənc idi, indisə artıq təcrübəli futbolçudu. Millidə kapitanlıq sarğısı da ona həvalə olunub. Bunu görməyə şad oldum. Elvinlə burda görüşmək imkanım da oldu.
- - "Qəbələ"dən başqa hansı azərbaycanlı futbolçunu xatırlayırsan?
- - (fikirləşir) Ürfan Abbasovu. O, indi də oynayır?
- - Oynayır, amma artıq “Qəbələ”də deyil. Komanda I Liqaya düşəndən sonra digər kluba keçib. Asif Məmmədov qalıb…
- - O, “Qəbələ”də oynadığım mövsümdə bizdə deyildi.
- - Bir də Səbuhi Səfiyarlı qalıb. İndi "Qəbələ"də idman direktorudu…
- - Onu da yaxşı xatırlayıram. Onda komandamızın meneceri idi. Hamısına salamlarımı çatdırın.
- - Maraqlıdı, “Qəbələ”nin Premyer Liqada yerini itirməsini necə qarşıladın?
- - Düzünü deyim, bu, mənim üçün xoş olmayan sürpriz idi. Keçmiş komandamın ən qısa zaman Premyer Liqaya qayıdacağına böyük ümid bəsləyirəm. Çünki bunu edə biləcək, yaxşı şəraitə malik klubdu.