"Kəpəz"in əcnəbi kapitanı Adil Şükürovu pis vəziyyətdə qoymalarının məsuliyyətini hiss edir: "Allah eləsin ki, dediyiniz ssenari yenə olsun"

"Axırıncı turdakı gedişatdan sonar nəsə demək çətindi. Bütün oyunboyu müdafiə olunduq və 2 yaxşı əks-hücumu qolla reallaşdırdıq. Amma ümumilikdə üstünlük "Sabah"da idi, 90 dəqiqəni meydanın özümüzə aid hissəsində keçirdik. Belə oynamaq çətindi, rəqib qapımız qarşısında nə qədər qol vəziyyəti yaratdı". 

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in kapitanı Yeqor Xvalko deyib. 

Gəncəlilər Misli Premyer Liqasının cari mövsümündə qol hesabını keçən turda “Sabah”la Tovuzdakı matçda açaraq fasiləyə hesabda 2:0 irəlidə yollansa da, 2-ci hissədə 3 qol buraxaraq yenə uduzdu - 2:3. Belaruslu mərkəz müdafiəçisi buna görə çox üzülür: “İkinci hissə başlayan kimi qapımıza hansısa anlaşılmaz penalti təyin olundu. Var idi, yoxsa yox - bu, artıq vacib deyil, baş hakim 11 metrlik nöqtəni göstərdi. VAR-a da baxın təyin edibsə, deməli, vardı. Epizodu dəqiq görməmişdim, dedilər ki, əllə oyun vardı. Buraxdığımız 2-ci qol da bizə aydın olmadı ki, necə vurdular. Hərçənd, “Sabah”da elə yüzfaizli şanslar vardı ki, qol olmalı idi, olmurdu. Əvəzində elə vəziyyətlər oldu ki, sadə epizodlarda qapımızda top gördük. Əlbəttə, hesabda 2:0 irəlidə odluğunda rəqib əsəbiləşir, tez oynamağa çalışır. Deməzdim ki, vaxtı bilərəkdən uzadırdıq, sadəcə, tələsmirdik. Fərq azalandan isə rəqib emosiyalar, daha güc, enerji sayəsində irəli atılır və artan təzyiq yekunda öz sözünü deyir”.

Yay fasiləsində yaxşı təklifləri olsa da, “Kəpəz”lə başa çatan müqaviləsini uzatmağı üstün tutan Yeqor indiki vəziyyətə görə çox məyusdu. Onun fikrincə, sabiq baş məşqçi Adil Şükürovu pis vəziyyətdə qoyublar: “Baş məşqçi əvəzi (Xaliq Mərdanov-müəlif.) bizi oyuna hazırlayarkən dedi ki, qəm eləməyə dəyməz, işləmək, gülümsəmək lazımdı. Bu, futbol həyatıdı, belə şeylər olur və güclü olub ayaq üstə dayanmaq lazımdı. Açığı, Adil Şükürovun istefasını gözləmirdim. Bunu necə qarşıladım? Bunda öz məsuliyyətimi də hiss elədim. Çünki məşqçilər korpusunu pis vəziyyət qoyduq. Hansılar ki keçən mövsüm möhtəşəm iş gördü, bu ilsə alınmadı”.

Xvalko “Kəpəz” Premyer Liqaya qayıdandan onun heyətindədi və 3-cü mövsümdü eyni ssenari təkrarlanır. Belə ki, baş məşqçi 4-5 turdan sonra postundan gedir, onu əvəzləyən komandanı dirçəldərək onu Premyer Liqada saxlaya bilir. Maraqlıdı, yeni baş məşqçi Azər Bağırovla da belə olacaq? Kapitanı dinləyək: “Bilmirəm, Allah eləsin ki, dediyiniz kimi də olsun. Görürsünüz, Premyer Liqaya qayıdan ”Şamaxı" bizim kimi yenidən qurulan, gənc komandadı. Lakin “Zirə”ni məğlub edir, "Sabah"la “Neftçi”dən xal alır. Bilmirəm niyə biz belə oynamırıq…Bunu aydınlaşdıracağıq. Yeni baş məşqçimiz gəlib. Aydın məsələdi kİ, onunla futbol meydanında yollarımız kəsişmişdi, amma şəxsi tanışlığımız yox idi. istənilən halda, bizə yeni baş məşqçi lazım idi axı… Allah eləsin ki, onda komandayla hər şey birgə səylərimiz nəticəsində alınsın. Bizə transferlər lazımdı ki, komandada rəqabət olsun Axı, görürsünüz ki, “Kəpəz”də əvəzetmədən gənclər, ikinci komandanın oyunçuları çıxır. Onlar da təcrübəsizdi və əvəzetməni əvəzetmə xatirinə edirik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC