"Şako" uğursuz ilk və Ayxan Abbasovun dövrüylə müqayisə haqda: "İnanın ki, vallah bəlkə də Berdıyevin dediklərinin heç 30 faizini yerinə yetirməmişik"

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Misli Premyer Liqasında cari mövsümdə uğursuz ilkə imza atıb.

Belə ki, 32 yaşlı mərkəz müdafiəçi vərəqə limitini aşaraq cəzalı duruma düşən ilk futbolçu olub. Bu çempionatda yalnız "Qarabağ"la səfər matçında (1:0) sarı vərəqə almayan “Şako” Presssport.az-a müsahibəsinə həm bu, həm də digər mətləblər barədə danışıb. 

  • - “Səbail” ev matçında qələbə qazansanız da, özün üçün məyusedici an yaşadın…
  • - Bəli, 4-cü sarı vərəqəyə görə cəzalı duruma düşdü. Futbol mübarizə oyunudu və rəqibin hücumlarını dəf edərkən vərəqə də alırsan. İstəməzdim ki, belə olsun, komanda növbəti turda “Sabah”la çətin, vacib oyunda kömək etmək istəyərdim. Amma belə alındı. İnanıram ki, komanda yoldaşlarım yoxluğumu hiss etdirməyəcəklər.
  • - Son turda qalib gəlsəniz də, bəlkə də cari mövsümdə ən zəif oyununuzu oynadınız. Baş məşqçiniz Kurban Berdıyev də oyununuzdan, xüsusilə 2-ci hissədəki çox narazı qaldı. Bu, nəylə bağlıdı? “Qarabağ” üzərində səfər qələbəsindən eyforiya?
  • - Düşünürəm ki, rəqib də ilk hissədə bir az “oturmuş” oynayırdı. Düzdür, fasiləyədək qol vura bildik. Lakin ikinci hissədə bizə daha çətin oldu, rəqib də hücum edirdi. Bir az yorğunluğumuz da vardı. Çünki qazon dəyişikliyi var. Təbii otda məşq edirik, sonra gəlirik sintetik qazonda oynayırıq və bu zaman çətindi. Şəxsən özüm ayağımda ağrılar hiss elədim. Xüsusilə ilk 10 dəqiqədə çətinlik yaşadıq. Amma sonradan toparlanmağı, oyunu bərabərləşdirməyə çalışdıq. İkinci hissədə çalışdıq qələbə hesabını qoruyaq. Fikrimcə, real qol şanslarımız bizdə daha çox oldu. Bəlkə onları vursaydıq, oyunun taleyi başqa cürə olardı. Deyərdim ki, ikinci hissədə hesab adamı məcbur elədi “oturasan” arxaya. Çalışdıq ki, “Səbail”ə real qol şansı verməyək, müdafiədə etibarlı oynayaq. Atmosfer də oyuna təsir edirdi ki, çəkiləsən dala.
  • - Matçın gedişində kobud səhvin də oldu ki, bundan çox əsəbiləşən Berdıyev hətta meydana daxil oldu. Bu reaksiyanı necə qarşıladın?
  • - Onun narazılığı mənə idi. Baş məşqçidi, pis çıxmasın, dediyinin hamısı bizə qanundu. Bizə iclaslar elə şeylər göstərir ki, bəlkə də bu, adi səhv idi. Amma elə səhvləri bizə göstərir ki, onun sistemində buna yol verəndə lap əsəbiləşir. Konkret həmin epizozda gəlincə,
  • topu alıb verdim Fərid Yusifliyə ki çönsün. O da çevriləndə topu itirdi. Berdıyev dedi ki, belə vəziyyətdə risk eləmək lazım deyil, başqa elə bir problem yoxdu.
  • - Qol buraxmadan vahid lidersiniz. Bunu gözləyirdiniz? Və bu uğur nəyin göstəricisidi?
  • - Baş məşqçi olaraq həqiqətən sistemimiz var və inşallah, onu daha da inkişaf etdirməyə çalışırıq. İnanın ki, vallah, bəlkə də Berdıyevin dediklərinin heç 30 faiz eləməmişik. Onları daha çox eləsək, bəlkə də ümumiyyətlə, top buraxmarıq (gülür).
  • - Həmin futbolçular sabiq baş məşqçiniz Ayxan Abbasovda da var. Niyə fərqli çıxış oldu?
  • - Adamın üstündə Allah var, Ayxan müəlimin də əməyi, oyun sistemi vardı. Onunla da yaxşı oyunlarımız çox olub. Abbasova təşəkkür edirik, onun yığdığı komandadı. indi yeni baş məşqçi gəlib və həmin futbolçularla daha yaxşı çıxış etməyə çalışırıq. Yenə deyriəm ki, hər məşqçinin öz oyun sistemi var. İndi oyun sistemimiz başqa cürdü. Başa düşürsünüz, hər şeyi deyə bilərəm kı, Berdıyev necə oynamaq lazım olduğunu bizə deyir. Çalışırıq ki, onun tapşırıqlarını yerinə yetirək, qol buraxmayaq. 
  • - Hazırkı baş məşqçinizin sizdən ən çox istəyi nədi? Bəs, futbol planında ən çox zəhləsi getdiyi?
  • - Oyun baxımından ən birinci nizam-intizama çox fikir verir. Elə anlar olur ki, meydanda gəzişəndə əsəbiləşir. Elə anlar olub ki, sprint eləməlisən, zonandan çıxmalısan. Ötürmədə səhv ola bilər, amma sistemdə bəlli olan şeylər var ki, onlarla bağlı xətalar etdiyimizdə çox əsəbiləşir.
  • - Liderliyi qorumaq baxımından darta biləcəksiniz? “Qarabağ”ın qış fasiləsinədək başı qarışacaq Avroliqada qrup oyunlarına…
  • - Reallıqla danışaq, 1-ci yerdə qalmaq çox çətindi. Ora çıxmaq bəlkə də asandı, amma orda qalmaq çox çətin. Geniş heyətin olmalıdı. Reallıqla danışaq ki, geniş heyətimiz yoxdu. İnşallah, çalışacağıq əlimizdən gələnin ən yaxşısını edək ki, azarkeşlərimizi sevindirək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC