9 aydan sonra yaşıl meydana qayıdan israilli çox xoşbəxtdi: "Qəbələ" üçün canımı verməyə hazıram"

“Əvvəla, ”Araz-Naxçıvan" çox yaxşı komandadı. Ağır bir oyun alındı. Ümumən götürdükdə, nəticə bizim üçün yaxşı oldu. Hər halda, matçı qırmızı vərəyə görə azlıqda başa vurmalı olsaq da, uduzmadıq. Bu da ilk növbədə ona görə idi ki, yaxşı xarakter göstərdik. Hələ “qırmızı”yadək qapımıza penalti də təyin olunsa da, motivasiyamız aşağı düşmədi".

Bu sözləri Presssport.az-a açıqlamasında “Qəbələ”nin israilli futbolçusu Feras Abu Akal deyib. Hələ ötən mövsümün sonunda ağır zədələnərək əməliyyat olunan 27 yaşlı yarımmüdafiəçi 9 ay sonra yaşıl meydana qayıtdı. Bu, Azərbaycan kubokunda “Araz-Naxçıvan”la ilk 1/4 final matçının keçirildiyi “Dalğa Arena”da baş verdi. Ferasın fikrincə, yarımfinala çıxmağa yaxşı şansları var: “Hər halda, səfərdə oynayırdıq və 1:1-lik bərabərliyə nail olduq. Artıq bu dəfə Qəbələdə qarşılaşacağıq və cavab matçı olduğundan açıq mübarizə gedəcək. Öz meydanımızda oynayırıq və bizə mərhələni keçmək üçün istənilən hesablı qələbə yetərlidi. Bəli, çox çətin qarşlaşma olacaq. Amma bununla belə, keçən il qazandığımız kubokda mübarizəni davam edəcəyimiz yetərincə realdı”.

Abu Akal uzun fasilədən sonra yaşıl meydana qayıdışı üçün çox sevincli olduğunu gizlətməyib: “Bu gün mənim üçün xüsusi gün idi. Çünki 9 aya yaxın fasilədən sonra yenidən yaşıl meydanda top qova bildim. O üzdən mənim üçün nəticədən daha çox bu olay yaddaqalan oldu. Ona görə ki, xeyli vaxtdı oynaya, komandama kömək edə bilmirdim. Meydanda olduğum 10-15 dəqiqədə özümü çox yaxşı hiss etdim. Çox xoşbəxtəm".

Ferasın fikrincə, ona tam hazır olması üçün vaxt lazımdı və tədricən 90 dəqiqə oynaya biləcəyinə inanır. Maraqlıdı, dayaq yarımmüdafiəçisi belə ağır zədədən sonra sərt mübarizələrdən çəkinmir?: “Mübariz futbolçuyam. Meydanda mövqeyim elədi ki, orda daha mübarizə olmalı, daha sərt oynamalıyam. Buna görə meydana çıxanda zədəni düşünmürəm, bu, artıq geridə qalıb. Komandamın uğur qazanması üçün əlimdən gələni edirəm, camını verməyə hazıram”.

Məlumdu ki, hazırkı “Qəbələ” ağır günlərini yaşayır. Ferasın komandası keçən mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparıb sonda mövsümü titulla başa vurdusa, bu dəfə son pillədə olaraq Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Həmsöhbətimiz bu iki dönəmi belə müqayisə edib: “Bəli, düşdüyümüz vəziyyət ürəkaçan deyil, buna təəssüflənirik. Lakin artıq nədənsə danışmaq yersizdi. Komanda yayda demək olar sıfırdan, yenidən yığıldı. Çox sayda ayrılıq, mövsümün gedişində zədəlilərimiz, itkilərimiz oldu. Buna görə belə vəziyyətdəyik. Amma əl-qolumuzu yana salmaq fikrimiz yoxdu. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik, sonadək döyüşəcəyik”.

“Qəbələ”də Feras keçən mövsüm tək israilli futbolçu idisə, artıq komandasında iki həmyerlisi var. Ümumiyyətlə, ölkəmizdə israilli futbolçular çoxluq təşkil edir. İsraildəki siyasi vəziyyət onların psixoloji duruma təsir edirmi?: “Əslində, müharibə yaşadığım yerdən çox uzaqdı. Bilirəm ki, ailəm, doğmalarım, yaxınlarım əmin-amanlıqda yaşayır. Biz olan yer sakitçilikdi, amma buna baxmayaraq, istər-istəməz bəzən itkilər, silahlı toqquşmalar olur. Bu da əlbəttə ki, bir israilli kimi məndə narahatlıq yaradır. Çox istərdim ki, sülh, əmin-amanlıq olsun, dünyanın heç bir yerində müharibə olmasın. Qan tölüklməsinə qarşıyam, istəmirəm belə şeylərin olmağını”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC