Rövlan Muradov "qara zolaq"da olduqlarını düşünmür, azarkeşlərin tənqidlərini anlayır: "Milidən hər zaman dəvət gözləyirəm, qarşıdakı oyunlarda çağırılacağıma ümid edirəm"
Bu yay avrokuboklarda təmsilçilərimizdən olan "Sumqayıt" üçün Misli Premyer Liqasında son 3 tur çox uğursuz alınıb. Belə ki, “gənclik şəhəri” təmsilçisi həmin oyunlarda nə xal qazana bilib, nə də qol vura. Son məğlubiyyətini “Şamaxı”dan alan “Sumqayıt”ın futbolçusu Rövlan Muradov 0:1 hesabıyla uduzduqları matçdan sonra Presssport.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- - Erkən qol məğlubiyyətinizə təsir göstərdi ki heç cür toparlana bilmədiniz, yoxsa rəqibin sıx müdafiə olunması işinizə mane oldu?
- - Düzünü desəm, oyuna həftəlik tsikl ərzində komanda şəklində çox yaxşı hazırlaşmışdıq. Sadəcə, erkən qol buraxmağımızın bizi motivasiyadan saldığını düşünürəm. Toparlanmağa çalışdıq, yaxşı qol imkanlarımız, fürsətlərimiz də vardı. Meydanda domitantlıq edirik, demək olar top daha çox bizdə idi. Onlar çox müdafiə olunurdu. Amma əfsuslar olsun ki, yaratdığımız imkanlardan da yararlana bilmədik.
- - Bir çoxları deyir ki, Qəbələ dəniz səviyyəsindən yüksək olduğuna görə orda oynamaq çətindi. Hər halda, uzun illər “Qəbələ”nin futbolçusu olaraq bunu yaxşı bilirsən. Bəs, Şamaxıda necə?
- - Düzdür, Qəbələdə oynamaq çətindi havaya görə. Amma burda belə problem yoxdu. Sadəcə, burda həm havanın isti, həm də meydanın örtüyünün süni olması amili vardı. Amma bu, bəhanə deyil. Deyək ki, bəhanə edək, buna görə uduzduq - yox! "Şamaxı" da sintetikdə oynayır, onlar da futbolçudu, biz də. Bir sözlə, qazonu bəhanə eləmək lazım deyil.
- - Ardıcıl 3-cü məğlubiyyətini aldınız. Nədi problem? "Qara zolağ"a düşmüsünüz?
- - Düşünmürəm ki, “qara zolaq”dayıq. Sadəcə, məşqçilərimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq, amma bunu maksimum dərəcədə edə bilmirik. Edə bilsəydik, düşünürəm ki, bu 3 oyundan xal və xallarla dönə bilərdik.
- - Toparlana biləcəksiniz?
- - Ümid edirəm, inanıram ki, komanda şəklində toparlana biləcəyik.
- - Oyundan dərhal sonra azarkeşləriniz sizə ciddi narazılıq elədilər ki, oynamırsınız, meydanda canınızı qoymursunuz. Bunu necə qarşıladınız? Belə çətin anlarınızda onlardan dəstək gözlədiyinizdən halda belə münasibətə görə incik düşdünüz, yoxsa azarkeşlər haqlıdı?
- - Belə deyim ki, azarkeşlər üçün oynayırıq. Futbolu da gözəlləşdirən azarkeşlərdi. Biz də istəyərik ki, onlar bizə inansın, sonadək dəstək olsun. Başa düşürük onları, tənqidləri də başa düşürük. Əlimizdən gələni maksimum etməyə çalışırıq ki, azarkeşlərimizi də, şəhərimizi də sevindirək. Bilrik ki, hansı şəhəri təmsil edirik. Ümid edirəm ki, gələcəkdə azarkeşlərimizi də, “Sumqayıt” camiəsini də sevindirəcəyik.
- - Bu mövsümkü oyunundan razısan?
- - Yox, hec cür razı deyiləm.
- - Nədi problem?
- - Mayda zədə aldım, bundan sonra bərpa prosesi uzun çəkdi və toparlana bilmədim. Ayağımı indiyədək bağlayıb çıxıram. Fikrimcə, yaxın gələcəkdə toparlana bilərəm.
- - Baş məşqçiniz Samir Abasov sənə iradlarını mətbuat konfranslarında aşıq şəkildə bildirib. Yəqin, bununla tanışsan. Necə təsir edir bunlar sənə?
- - Əlbəttə, onları oxuyuram və normal qəbul edirəm. Samir müəllimi yeni tanımıram. Artıq 1 ildən çoxu onunla birgə işləyirəm. Başa düşürəm hər bir şeyi - tənqidi də, nə istədiyini də. Öz üzərimdə işləyirəm - məşqdən sonra da, bəzi məşqlərdən əvvəl də. Hansı anlarda zəif cəhətlərimi, düzgün vermədiyim qərarlarımı məşqçilərimizlə müzakirə edirəm. Onlar da hər şeyi lazımınca başa düşür. Düşünürəm ki, çatışmazlıqlarımı getdikcə azaldacam.
- - Millimizin baş məşqçisi Fernandu Santuş Şamaxıdakı matçı izləyirdi. Xəbərin vardı?
- - Xeyr, bilmirdim. Görməmişdim, siz dediniz, bildim.
- - Yaxşı bir şans idi portuqaliyalı mütəxəsisi gözünə görməyə, amma belə bir uğursuz matç oldu həm sənin, həm də komandan üçün. Ümumiyyətlə, necə düşünürsən, Santuşun dövründə milliyə qayıda bilərsən? Yoxsa indiki oyununla bunun real olmadığını fikirləşirsən?
- - Keçən mövsüm də narazı idim öz oyunumdan. Heç vaxt öz oyunumdan razı olmamışam. Çünki daha yaxşısını etməyə çalışmalıyam, daha çox üzərimdə işləməliyəm. Ümid edirəm ki, millinin qarşıdakı toplanışına dəvət alaram. Buna hər zaman hazıram, bunu hər zaman gözləyirəm. Əlimdən gələnin maksimumu etməyə çalışıram ki, ora düşüm. Milli komanda hər birimiz üçün şərəfdi! Ümid edirəm ki, qarşıdakı oyunlarda milliyə çağırılaram.