Ayxan Abbasov 200 oyunu xatırladı: “Üzüldüyüm matçların içərisində ən birincisi odur"

"Sumqayıt”la matçın 200-cü olduğunu oyundan sonra bildim. Bu barədə fikirləşməmişdim. Düzdür, 200-ə yaxın olduğunu bilirdim. Amma sırf bu matçın olduğundan məlumatsız idim”.

Presssport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”la matçda Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxaran “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov deyib.

O, statistikadan xəbər tutduqdan sonra 200 matçla bağlı bir qədər düşündüyünü bildirib: “Premyer Liqadakı ilk oyunum yadıma düşdü. Əlbəttə, 200 az rəqəm deyil. Əlavə olaraq Avroliqa, Konfrans Liqası, kubok matçları da var. Premyer Liqada baş məşqçi kimi 4 komandada çalışmışam. Uğurlar da olub, acı məğlubiyyətlər də. Bütün bunlar inkişafa gətirib çıxarıb, təcrübə yığmışıq. 200 oyunla bağlı bunları xatırladım”.

43 yaşlı mütəxəssis ilk oyununun AZAL-a qarşı olduğunu xatırlayıb: “Tovuzda işləyəndə bilirdim ki, oyun sayı 200-ə yaxındır. Lakin sonra statistika ilə maraqlanmamışdım. İlk oyunum “Zirə”də olub, AZAL-a qarşı çıxış edirdik. Qış fasiləsindən sonra idi. Məqsəd Avroliqaya vəsiqə qazanmaq, 4-lüyə düşmək idi. Lakin bu, heç də asan deyildi. Çünki həmin vaxt “Qarabağ”, “Qəbələ” və “Neftçi” çox güclü idi. Digər klublar arasında əsas mübarizə 4-cü yer uğrunda gedirdi. Düzdür, ona qədər təcrübəm var idi. Həm əvəzedicilərdə, həm də köməkçi məşqçi kimi işləmişdim. Lakin Premyer Liqada başqadır. Həyəcan var idi. İlk oyunlarda hiss edirdim ki, bəzi situasiyalarda təcrübə lazımdır”.

“200 oyun arasında ən uğurlu və uğursuz 3 matç kimi hansıları fərqləndirərdiniz?” sualını A.Abbasov belə cavablandırıb: “Seçiləsi oyunlar çoxdur. Eləcə də üzüləsi. Çempionatda “Zirə” ilə Avroliqaya vəsiqə qazandıq, orda mərhələ keçdik. “Sumqayıt”dakı uğurlar yadda qalıb. Çünki hamısı ilklər idi. Komanda həm tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazandı, həm 2 dəfə kubokun finalına çıxdı, həm də bürünc medal qazandı. Bütün oyunlar udunulmazdır, hər biri tarix idi. Hər bir komandanın ilkləri heç vaxt unudulmur. “Turan Tovuz”da da xatırlanası oyunlar olub. “Neftçi” ilə kubokun cavab matçında son saniyələrdə qapımızda qol görməsəydik, orda da final həyəcanı yaşaya bilərdik. İlk ildə finala vəsiqə “Turan Tovuz” adına böyük uğur olardı. Təəssüf ki, bunun üçün bir neçə dəqiqə çatmadı. Üzüldüyüm oyunların içərisində ən birincisi odur. Amma qısaca desək, 200 oyunun hamısı, eləcə də avrokuboklardakı matçların hər biri dəyərlidir (futbolxeber.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC