"Neftçi"nin oyununda irəliləyiş var, sadəcə, Qriqorçuka vaxt vermək lazımdı" - Abdullayev

“Qarabağ” istisna olmaqla, digər 9 komanda eyni səviyyədə mübarizə aparır”.

Qol.az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın VI turunun oyunlarını şərh edərkən deyib.

O, “Araz-Naxçıvan” – “Kəpəz” (1:0) matçının bərabər səviyyəli mübarizə şəraitində keçdiyini bildirib: “Qarşılaşmanın taleyini Bernardu Diaşın 76-cı dəqiqədə vurduğu qol həll etdi. Əgər hesabı “Kəpəz” açsaydı, onlar qalib gələcəkdi. Gəncə klubunun problemi oyunçuların istənilən səviyyədə olmamasıdır. Fikrimcə, “sarı-göylər” qışdan sonra yeni oyunçular alsa, ikinci dövrədə fərqli komanda görə bilərik. Amma onların elitada qalmaq üçün mübarizə aparacağını indidən deyə bilərik”.

Mütəxəssisin fikrincə, “Şamaxı” – “Sumqayıt” (1:0) görüşündə bölgə təmsilçisi qalib gəlsə də, oyunun ədalətli nəticəsi bərabərlik olardı: “Avrokuboklardan sonra “Sumqayıt”da problemlər var. Bunu kənardan demək çətindir. İtkilərin olması, futbolçu qıtlığı Samir Abasova problem yaradır. ”Şamaxı”ya gəlincə, deməzdim ki, onlar meydanda üstün tərəf idilər. Sadəcə, bir qol matçın taleyini həll etdi. Ayxan Abbasov yaxşı komanda formalaşdırıb”.

“Qarabağ” – “Səbail” (2:1) matçı barədə fikirlərini bölüşən 55 yaşlı baş məşqçi Ağdam təmsilçisinin layiqli qələbə qazandığını söyləyib: “Ölkə çempionatının hər bir oyunu “Qarabağ” üçün rahat keçir. Əgər komanda bütün gücünü meydanda göstərsə, böyükhesablı qələbələr əldə edə bilər. Bu il də onlar qızıl medalların aşkar favoritidir. “Səbail”ə gəlincə, məğlub olsalar da, heyətləri yaxşıdır. Liqaya uyğun futbolçular cəlb olunub. Sadəcə, “dənizçilər”ə bir az vaxt lazımdır”.

E. Abdullayev “Zirə” – “Neftçi” qarşılaşmasında “ağ-qaralar”ın məğlubiyyətinin əsas səbəbinin oyunçularla bağlı olduğunu vurğulayıb: “Qarabağ”ı çıxmaq şərti ilə, digər yerli klubların ən böyük problemi mövsümlərarası fasilədə heyətlərini birdən-birdən dəyişmələridir. Belədə daha tez uğur qazanmaq çətin olur. “Neftçi”nin oyununda irəliləyiş var, sadəcə, baş məşqçi Roman Qriqorçuka vaxt lazımdır. Matça gəlincə, “Zirə” layiqli qələbə qazandı. Onlara qarşı oynamaq çox çətindir. Mənə görə, “qartallar” Azərbaycanda ən yaxşı müdafiə xəttinə malik olan komandadır. “Ağ-qaralar”ın isə hücum və müdafiədə çətinlik çəkdiyini görünür”.

Turun son qarşılaşması olan “Sabah” – “Turan Tovuz” sabah oyununa da toxunan veteran futbolçu meydan sahiblərinin qələbəyə daha layiq olduğunu deyib: “Görüş heç-heçə ilə bitsə belə, ”Sabah” meydanda daha yaxşı görünürdü. Onlar bu mövsüm gümüş mükafata əsas namizəddirlər. “Turan Tovuz” barədə isə xoş sözlər demək olar. Kurban Berdıyev çox əzmkar komanda formalaşdırıb. Hətta bölgə təmsilçisinin son saniyələrdə vurduğu qol sayılmadı. Maraqlıdır ki, Əliyar Ağayev niyə VAR-a getmədi?”.

Qeyd edək ki, altı turdan sonra “Turan Tovuz” 14 xalla turnir cədvəlinə başçılıq edir. “Qarabağ” 12 xalla 2-ci, “Sabah” isə 11 xalla 3-cü pillədə qərarlaşıb (azertag.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC