Vurğun Hüseynov yeni başladığı məşqçilikdə ilk iş yerini açıqladı: "Kəpəz"də vəziyyət o vəziyyət deyildi, yer tutmaq istəmirdim"
Misli Premyer Liqasında yeni mövsümə “Kəpəz”lə başlasa da, milli fasiləsində müqaviləsini qarşılıqlı razılıqla pozaraq futbolçu karyerasını bitirən Vurğun Hüseynov məşqçiliyə başlayır. 36 yaşlı keçmiş müdafiəçi Presssport.az-a müsahibəsində bununla bağlı danışıb.
- - Allahın köməyilə məşqçiliyə “Sumqayıt”da başlayıram. U-15 komandasında köməkçi məşqçi işləyəcəm. Baş məqşçi Ruslan Poladovun yardımçısı olacam. Məsələ bugünlərdə - 2-3 günə inşallah, rəsmiləşməlidi. Yəqin, müqavilənin müddəti 1 il olacaq.
- - Bu təyinat necə alındı? Keçmiş klubun “Sumqayıt”dan dərhal qayıtmaq təklifi aldın?
- - Açığı, həm burda 10 il oynamışam, klubdakılarla həqiqətən yaxın münasibətdə olmuşam, həm də ailəm Sumqayıtda yaşadığına görə bura gəldim.
- - Yəni, ilk addım klubdan gəldi, yoxsa özün təşəbbüskar oldun?
- - “Sumqayıt”da əvvəldən də yaxın olduğum insanlar var. Onlar da dedi ki, məşqçiliyə gəlib burda başlayım. Həm də öz istəyimlə bura gəlmişəm.
- - Artıq məşqçilik kateqoriyası da oxumalısan. Millidə oynadığına görə “C” kateqoriyası sənə avtomatik veriləcək…
- - Bəli, təbii ki, əsas məqsəd yaxın zamanda kateqoriyanı oxumaqdı. “C” olsa belə, özüm iştirak edib oxumaq istəyirəm. Çünki oynamaq başqa, məşqçilik başqa. Burda ən xırda detallara fikir vermək lazımdı. Çalışacam ki, “C” kurslarında da dərs alım, hazırlaşım. Maraqlanmışam, gələn ay “C” olmalıdı, fevralda da “B”. Buna uyğun olaraq danışıb yazılacam və gedib iştirak edərək oxuyacam. Mənə lazımdı ki, ilk vaxtlar akademiya səviyyəsində məşqçilik etmək, C-ni, B-ni oxumaq. Bir yerdən başlamalıyam.
- - “Sumqayıt”ın baş məşqçisi Samir Abasovla bu aralar görüşün, heç olmasa telefon söhbətin olubmu?
- - Gələndə burda görüşmüşəm. Onunla həmişə yaxşı münasibətim olub.
- - Onu soruşmaq istəyirəm ki indiki məqamda əsas komandada olmağın real deyildi?
- - Yox. Təbii ki, komanda komplektləşib, məşqçiləri öz işlərinin başında. Özümün də uşaq futbolundan başlamağım yaxşıdı ki, məşqçilik işinin dərinliklərini daha yaxşı biləsən, öyrənəsən. Uşaq futbolundan həm ona görə başlamılsan ki, kateqoriya oxuya biləsən. Belə olması daha yaxşıdı.
- - “Kəpəz”də karyeranı - daha çox zədələrlənərək ehtiyatda qalmağını, çox az oynadığını nəzərə alsaq, keçən ay "Sumqayıt"dan getdiyinə görə indi peşman deyilsən? Halbuki, elə onda məşqçiliyə başlamağı təklif etmişdilər?
- - Yox-yox. Təbi ki, ora məni Azər Məmmədov çağırmışdı. Onun sözündən çıxa bilmədim və getdim o komandaya. Həm də "Kəpəz" həqiqətən böyük klubdu və getdiyimə də peşman deyiləm. Yəni, hər bir işdə bir xeyir var. Belə məsləhət idi, belə oldu (gülür).
- - Yaxın vaxtda da zədələnmişdin və yeni baş məşqçi Azər Bağırovla gələcək taleyinlə bağlı söhbətin olmuşdu. Müqaviləni pozmaq təklifi səndən gəldi?
- - Elədi. Söhbətimiz oldu. Həqiqətən artıq bu qərarı verməli idim. Həm də klubda vəziyyət o vəziyyət deyildi. Yer tutmaq istəmirdim, fikirləşdik ki, yerimə başqa hansısa başqa bir futbolçu gəlib komandaya daha çox fayda ola bilər.