"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir.
- "Turan Tovuz" bu mövsüm ilk dəfə məğlub oldu. "Araz-Naxçıvan"a qarşı oyununuzu necə dəyərləndirərdin?
- İstəməzdik ki, ilk məğlubiyyətimiz öz azarkeşlərimizin qarşısında olsun. İstənilən halda, bu məğlubiyyətdən dərs çıxaracağıq. Qarşıdakı matçlara köklənməliyik. Çempionatda hələ 7-ci turdur və qarşıda oyunlarımız var.
- Demək olar ki, geridə qalan 7 tur ərzində ən zəif oyununuz məhz bu matçda qeydə alındı? Yorğunçuluq var idi, yoxsa rəqib imkan vermədi sizə istədiyiniz kimi oynamağa?
- Bəlkə də, bu oyuna kimi uduzmamağımız bizə də ayrı həyəcan yükləyirdi. Təəssüf ki, bu turda həmin həyəcana qalib gələ bilmədik. Ancaq bu oyun artıq geridə qaldı.
- Əslində, ikinci yarıya qolla başladız. Yəqin ki, bu qoldan sonra davamını gətirəcəyinizə inamınız var idi? Niyə alınmadı davamını gətirmək?
- Həqiqətən vurduğumuz qoldan sonra inamımız çoxaldı. Amma ikinci qolu bəlkə də tez buraxdıq. Elə bu da bizə bir az təsir etdi. Öz oyunumuzu da ortaya qoya bilmədik. Təəssüf ki, belə alındı.
- "Turan Tovuz" bundan əvvəl "Sabah"la bərabərə qalmışdı, ancaq iki qol buraxmışdı. Bu dəfə "Araz-Naxçıvan"la görüşdə iki qol buraxaraq uduzdunuz. Səncə, müdafiədə səhvlərin artması nə ilə bağlıdır?
- Deməzdim ki, qol buraxmağınız ancaq müdafiə xətti ilə bağlıdır. Qol buraxırıqsa, burada hamının günahı var. Qarşıdakı matçlarda səhvlərimizi aradan qaldırmağa çalışacağıq. İnanıram ki, bu bizdə alınacaq.
- Bu məğlubiyyətdən sonra komanda toparlana biləcək? Məğlubiyyət komandaya çox pis təsir etməyəcək?
- "Araz-Naxçıvan"la oyundakı məğlubiyyət bizə yaxşı təsir edəcək. Gələcək oyunlarda daha da diqqətli olmağımıza köməklik göstərəcək. Həm də, dediyim kimi səhvlərimizi düzəltməyə çalışacağıq.
- "Turan Tovuz"un növbəti rəqibi səfərdə "Şamaxı"dır. Bu görüşdə komanda qələbə qazana biləcək? Rəqib də "Turan Tovuz"u yaxşı tanıyan, sabiq baş məşqçiniz Ayxan Abbasovdur. Həmin oyun və bu prinsipiallıq haqda nə düşünürsən?
- Ayxan Abbasov çox yaxşı komanda qurub. "Şamaxı" hər rəqibə qarşı oynaya biləcək gücdədir. Biz də hər oyuna olduğu kimi, bu matça da qələbə qazanmaq üçün çıxacağıq. Hər iki komandanı maraqlı oyun gözləyir. Uğurlu nəticə üçün mübarizə aparacağıq.
- Ümumilikdə necə düşünürsən, bu sezon "Turan Tovuz" avrokuboklara yollanacaq gücdədir? Özünüzü mövsümün sonunda avrokuboklarda görürsən?
- Əlimizdən gələni edəcəyik ki, bu mövsüm çempionatı yuxarı pillələrdə bitirək. Mən komandamıza inanıram. Allah qoysa, hər şey istədiyimiz kimi olar. Bu bütün oyunlarda sona qədər mübarizə aparacağıq (sportal.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC