“Tottenhem”in baş məşqçisindən “Qarabağ” haqda xoş sözlər: "İstər Çempionlar Liqası, istərsə də Avropa Liqasında öz izini qoyub”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının əsas mərhələsinin açılış mərhələsi çərçivəsində sabah Londonda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, milliyyətcə yunan olan 59 yaşlı avstraliyalı mütəxəssis Azərbaycan çempionu ilə oyundan əvvəl heç bir problemin olmadığını deyib:

"Bir il ərzində 50-dən çox oyun keçirəcək komandamız var. Amma onların hər birinin hər matçda oynamasını gözləmək olmaz. Ümid edirik ki, hamı təxminən 35 oyun keçirəcək. İstəmirik ki, hər matçda çoxlu rotasiya olsun.Bu formatda daha çox döyüş və səkkiz fərqli üslubda səkkiz fərqli komanda ilə oynayacağıq. Əsas odur ki, iştirak edəcəyik. “Qarabağ”la oyundan əvvəl yaxşı görünürük. Həftəsonundan sonra yeni zədə yoxdur, hamı sağalıb, ona görə də heç bir problem yoxdur".

"Qarşımızda təcrübəli Avropa komandası var. Avrokubok təcrübəsi həqiqətən önəmlidir. “Qarabağ” istər Çempionlar Liqası, istərsə də Avropa Liqasında öz izini qoyub”.

Postekoqlu UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında "Azərtac"ın sualına cavab olaraq deyib.

O, sabahkı matça hazır olduqlarını bildirib: “Qarabağ”ın son oyunlarını izləmişik. Onların çox güclü komanda olduqlarını gördük. “Qarabağ” yerli çempionatda dominantlıq edir. Amma avrokuboklarda da bir o qədər uğurlu təsir bağışlayırlar. Bunu ötən mövsüm Avropa Liqasında sərgilədikləri oyun və qazandıqları nəticələrlə də sübut ediblər”.

Avstraliyalı mütəxəssis “Qarabağ”a qarşı baxımlı oyun nümayiş etdirmək istədiklərini vurğulayıb: “Heyətdəki itkilərə baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar”.

O, London klubunun heyətində beş futbolçunun Azərbaycan çempionu ilə matçı buraxacağını bildirib: “Hücumçular Rişarlison və Vilson Odober sıradan çıxıb, Kristian Romero cəzalıdır. Ced Spens və Serxio Regilonun meydana çıxmasına isə həkimlər icazə vermirlər. Heyətdəki itkilərə baxmayaraq, komanda son oyunda və məşqlərdə yaxşı təsir bağışladı. Bu mənada ciddi problem olacağını düşünmürəm. “Avroliqanın köhnə formatında elə oyunlar olurdu ki, əhəmiyyəti qalmırdı. Çünki komandalar bilirdi ki, kim daha sonra irəliləyəcək. İndiki yeni formatda isə həm mübarizə çox olacaq, həm də 8 fərqli oyun tərzi olan komandalarla rastlaşacaqsan”.

Xatırladaq ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC