“Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- “Neftçi”də nə baş verir?
- 9 oyun və qələbəsizlik... 10 ildən çoxdur peşəkar futboldayam, ilk dəfədir başıma belə bir iş gəlir. Nə baş verdiyini izah etmək çətindir. Azarkeşlərimizin qarşısında baş əyib, üzr istəyirəm. Bu münasibəti haqq etməyən varsa, o da azarkeşdir. Bu qədər uğursuzluğun fonunda yenə də stadiona gəlib bizə dəstək verirlərsə, həqiqətən böyük insanlardır. Bu gün onların haqqı 3 xal yox, daha artığı idi. Ancaq 3 xalı da hədiyyə edə bilmədik.
- Bazanız, maaşınız, şəraitiniz, möhtəşəm azarkeşləriniz var. Nəyiniz çatmır?
- Söhbət “Neftçi” kimi böyük klubdan gedirsə, şəraitin, maliyyənin, azarkeşlərin olması normaldır. Bəli, meydandan kənarda hər şey idealdır. Di gəl, meydanda uduzuruq. Futbol çatnır, qələbə çatmır.
- Çıxış yolunu nədə görürsən?
- Kişi olan şəxs bu cür məğlubiyyətdən sonra güzgünün qarşısında dayanıb, özünə sual verər – mən bu gün nə etdim, daha yaxşısı üçün nə edə bilərəm, mənim etdiklərim fayda verirmi? Xarakter varsa və güzgünün qabağında dayanmağı bacarırıqsa, bu vəziyyətdən çıxacağıq. Başqa cür mümkün deyil.
- Kənardan da açıq-aşkar görünür ki, komandada heç də hər kəs sənin və digər bir neçə nəfər qədər can yandırmır.
- Hamımız fərqliyik və hər kişinin özünə görə xarakteri var. İnşallah, Allah mənim əziyyətimi yerdə qoymaz. Hazırda etdiklərimiz işə yaramır. Deməli, nələrisə dəyişməli, başqa cür etməliyik.
- “Neftçi”nin bu vəziyyətə düşməsinin günahkarı kimdir? Rəhbərlik, baş məşqçi, yoxsa siz futbolçular?
- Hamının, hər kəsin günahı var. “Futbolçular günahkardır” demək asandır. Komanda uduzanda hamı sevindiyi kimi, uduzanda da məsuliyyət hər kəsin üzərində olmalıdır, kənarda “qara gəmi” axtarmağa gərək yoxdur. Bizi bu durumdan ancaq özümüz çıxara bilərik. Kənardan kimsə gəlib kömək edən deyil.
- Düzələnə oxşayır?
- “Neftçi”dəki təcrübəli futbolçulardan biriyəm. Bilirəm ki, hər kəs xətrimi çox istəyir, hörmət edir. Sizə bir hadisə danışım. “Sumqayıt”la 1:1 başa çatan oyundan sonra evə getdim və oğlum üzümdəki mimikanı görüb çaşdı. Deyir, ata, qol vurmusan, ancaq çox əsəbisən. Dedim, məsələ qol vurmaqda deyil, problem odur ki, biz qələbə qazana bilmirik. Yaxşı olacağına ümid edirəm. Bir şeyi də mütləq vurğulayım, “Neftçi” ölkənin tarixi klubu olsa da, bu gün “Kəpəz” qələbəni haqq etdi. Hər iki komandanın qol şansları olsa da, onlar bizdən daha çox qol vurdular (sportinfo.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC