Bilali "Səbail"in yeni kapitanı seçilməyindən çox razıdı: “Həmişə qaranlıq olmur, qaranlıqdan sonra günəş ortaya çıxır”

“Səbail”in yeni kapitanı Amir Bilali müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir:
- Ardıcıl məğlubiyyətlərdən sonra Azərbaycan Premyer Liqasının IX turunda “Şamaxı” üzərində 2:0 hesablı qələbə qazandınız...

- Bizim üçün həqiqətən də yaxşı oyun alındı. Bu tempdə də davam etməliyik. İnanıram ki, bacaracağıq. Komandamızdakı hər bir futbolçuya güvənirəm. Biz daha yaxşısına qadirik. Son turlar ardıcıl məğlubiyyətlər aldıq. Bizim üçün çətin period idi. Amma həmişə qaranlıq olmur, qaranlıqdan sonra günəş ortaya çıxır. İnanıram ki, bundan sonra nəticələrimiz daha da yaxşılaşacaq.

- Azərbaycan dilində belə bir ifadə var - bıçaq sümüyə dirənmişdi. “Səbail” də “Şamaxı” ilə matça final kimi çıxmışdı. Demək olar ki, məhz bu amil qələbəni gətirdi?

- Deməzdim ki, bizim üçün final oyunu idi. Bu, əvvəlki matçlar kimi çempionatın bir oyunu idi. Biz hər matçda vuruşmalı, mübarizə aparmalı və lazımi nəticələri qazanmalıyıq.

- Yaxşı, onda belə soruşum - “Səbail”in bu cür oynaması üçün əvvəlki matçlarda nə çatışmırdı?

- Bir qədər uğursuzluq yaşadıq. Son 4 matçda sanki “qara zolaq”da idik. Futbolda hər zaman xoşbəxt olmursan. Bəzən bəxt səndən üz döndərir. Komandanın pis zamanında biz özümüzü döyüşçü kimi göstərməliyik. Necə ki “Şamaxı” ilə oyunda bunu etdik. Lakin bir qələbədən sonra dayanmaq olmaz. Biz yaxşı oynamağa davam etməliyik ki, nəticə də gəlsin.

- “Şamaxı” ilə matçda siz ilk dəfə “Səbail”i kapitan kimi meydana çıxardınız. Təəssüratlarınız necədir?

- Bu qərardan çox razıyam. Mənə etimad göstərdiyi üçün rəhbərliyə, məşqçilər korpusuna, klubdakı hər kəsə minnətdaram. Daha əvvəllər də digər klublarda kapitan olmuşam. Lakin bu, mənim üçün ciddi önəm kəsb etmir. Çünki kim olduğumu, nəyə qadir olduğumu bilirəm. Mən hər zaman komandama, hər bir futbolçuya kömək etmək istəyirəm.

- Düşünmürsünüz ki, bu, gecikmiş qərar idi? Çünki buna qədər oynadığınız demək olar ki, bütün klublarda kapitan olmusunuz və mənim kimi çoxları da gəldiyiniz gündən sizin “Səbail”in kapitanı olacağınızı düşünürdü...

- Nəzərə almaq lazımdır ki, mən komandaya yeni qoşulmuşam. Azərbaycanda, “Səbail”də yeniyəm. Ona görə də bu, normaldır. Oyundan əvvəl komanda yoldaşlarıma dedim ki, biz hər birimiz meydana kapitan kimi çıxmalı və döyüşməliyik. Mən, yaxud bir başqasının sarğını daşıması önəmli deyil. Əvvəl, yaxud sonradan kapitan olmağım ciddi əhəmiyyət kəsb etmir.

- Adətən komanda qələbə qazananda ruh yüksəkliyi olur. Lakin siz “Şamaxı”nı məğlub etdikdən sonra çempionatda fasilə yarandı. Düşünmürsünüz ki, bu məqam “Səbail”ə mənfi təsir edəcək?

- “Şamaxı” ilə matç bizim üçün vacib idi. Fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanmaq istəyirdik. Bu, bizim üçün yaxşı motivasiya olacaq. Fasilədən lazımınca yararlanacağımızı düşünürəm. Hesab edirəm ki, qarşıdakı 10 gün ərzində hazırlıq səviyyəmizi daha da artıracağıq və növbəti matçlarda əvvəlkindən də inamlı təsir bağışlayacağıq (futbolxeber.az).amir 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC