Xəyal xəyallarının gerçəkləşməsi, "Neftçi"nin durumuna üzüntüsü və millidə 6 xal götürmək haqda: "Santuş da Berdıyev kimi çox gözəl məşqçidi, bizimlə qəşəng danışır..."
Cari mövsümə çox yaxşı başlayan “Turan Tovuz”dan millimizə dəvət alan 2 futbolçudan biri Xəyal Nəcəfovdu. 27 yaşlı yarımmüdafiəçi Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşına müsahibəsində həm klub, həm də milli karyerası haqda danışıb.
- “Zirə”ylə Tovuzdakı matçda qələbəni sonda qopara bildiniz ki, burda uğurlu əvəzetmələrin rolu böyük oldu. Sonradan meydana çıxan həmin futbolçulardan bir də sən idin…
- - “Zirə”ylə oyunun çətin olacağını bilirdik. Çox yaxşı, kompakt oynayan bir komandadı. Hər rəqibə qarşı fərqli-fərqli oyun nümayiş etdirir. Baş məşqçimiz Kurban Berdıyevin dediklərini etməyə çalışdıq. Şükürlər olsun ki, əvəzetmədən meydana çıxaraq oyunu dəyişdik. Buna görə çox sevincliyik. Əsas odur ki, 3 xal bizim oldu.
- - Oyunda bir an oldu ki, məşqçilər korpusu səni yanına çağıraraq göstərişlərini verdi və standart vəziyyət yerinə yetirilən zamanı komanda yoldaşlarının yanına qayıdaraq onlara nəsə dedin. Sirr deyilsə, nə idi?
- - Köməkçi məşqçimiz Cavid Hüseynov məni çağırdı və dedi ki, daha da təzyiq artıraraq oynasınız, qol vura bilərsiniz, özünüzə inamı artırın. Mən də bunu komandaya çatdırdım. O epizozda da skamyamıza ən yaxın idim. Standart vəziyyətlərdə özümüzü ən yaxşı tərəfdən göstərə bilərik. Çünki həm müdafiəçilərimizin boyu ucadı, həm də topu yaxşı qaldıra bilirik.
- - Son matçlarda əsas heyətdə yer almırsan. Bunu nəylə əlaqələndirərdin? Bir az performansın aşağı düşüb?
- - Yox. Sadəcə, oyundan-oyuna baş məşqçimiz gedişatı dəyişir. Nə vaxt şans verir, özümü yaxşı tərəfdən göstərməyə çalışıram.
- - İlk dövrəni 2-ci pillədə bitirdiniz. Bu nəticəni necə dəyərləndirərdin?
- - Bizim üçün yaxşı nəticədi. Lider “Qarabağ”dan 3 xal geridəyik. İnşallah, bu nəticəmizin davamını gətirmək istəyirik çalışdırdığımız qədər.
- - Bunadək 3 oyun qələbəyə həsrət qaldınız. Bu, normal, gözlənilən idi?
- - Bəli. Bu, futboldu, hər şey baş verir. Qələbə qazana biıməsək də, elə oyun oldu ki, uduzmadıq da. Misal üçün Şamaxıda 90+5-ci dəqiqədə bərabərlik qolunu vurduq.
- - Berdıyev necə bir məşqçidi?
- - Əla, super! (gülür).
- - Çox tələbkar deyil?
- - Hər məşqçinin öz tələbləri var. Buna görə nə deyir, onu etməyə çalışırıq.
- - Milliyə hansı əhval-ruhiyyyədə yollanırsan?
- - Əlbəttə ki, yaxşı. Klubumda qələbə qazanmışıq. Bundan gözəl şey ola bilməz!
- - Millidə oynamamaq səni ruhdan salmır?
- - Millidə olmağın özü böyük şeydi. Çünki Azərbaycan yığmasında yetərincə futbolçu və ordan kənarda qalanlar da var. Elə güclü futbolçular var ki, heç ora düşmürlər. Amma öz klublarında əsas heyət üzvləridi. İnşallah, oynamaq üçün gedirəm. Oynamasam belə, heç pis olmaram.
- - Qarşıdakı matçlardan nə gözləyirsən? Səncə, maksimum xal götürə bilırik?
- - İnşallah, niyə də olmasın?! Əvvəlcə Estoniyanın qonağı olacağıq, sonra Slovakiyanı qəbul edəcəyik. Hər bir futbolçu istəyir ki, meydana çıxsın, uğurlu nəticə alaq.
- - Milliylə birgə səfərdə olduğum zamanı hiss elədim ki, portuqaliyalı baş məşqçimiz Fernandu Santuş oynatmasa da, sənə güvəni var…
- - O da Berdıyev kimi çox gözəl məşqçidi. Qəşəng danışığı var, futbolçuya yaxşı yanaşır. Futbolçu üçün bundan gözəl şey ola bilməz. Portuqaliya miliisinin baş məşqçi işləyib, onlarla necə, bizimlə də elədi. Aramızda heç bir fərq qoymur.
- - Xəyalın xəyalları gerçəkləşib? Özünü xoşbəxt sayırsanmı ki, belə dünya şöhrətli baş məşqçilərlə işləmək sənə nəsib oldu?
- - Bəli-bəli. Əlbəttə, özüm də sevinirəm ki, belə mütəxəssislərlə işləyirəm - həm klubda, həm də millidə.
- - Maraqlıdı, bu yay ayrıldığın "Neftçi"nin durumuna baxanda nə hisslər keçirirsən?
- - “Neftçi”ylə bağlı heç nə deyə bilmərəm.
- - Üzüntün var?
- - Əlbəttə ki, var. Orda oynamışam, çox gözəl vaxtlar olub. O klub mənə çörək verib. Elə vaxtlar olub ki, mənə çox yaxşı təsir edib. Ama indi yalnız onu deyə bilərəm ki, üzüntüm var.