"Taekvandoçu olmasaydım, sizi əmin edirəm ki, futbolla məşğul olacaqdım" - Paris-2024 Yay Paralimpiya oyunlarının qalibi

Paris-2024 Yay Paralimpiya oyunlarının qalibi, parataekvandoçu İmaməddin Xəlilovun "Kəpəz"in saytına müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edi:r

 - Ənənəvi sualla başlamaq istərdik. İmaməddin, sən də futbolçu olmaq istəmisən?

- Təbii ki, taekvandoçu olmasaydım, sizi əmin edirəm ki, futbolla məşğul olacaqdım. Çünki ürəyimdə futbola, “Kəpəz”ə sevgi var. Uşaqlıqdan sevimli komandamızın oyununa baxa-baxa futbolun vurğunu olmuşam. “Kəpəz”in səfər oyunlarına da gedərək izləmişəm. Bir gəncəli kimi bu komandaya azarkeşlik edirəm.

- Parisdə çempion adını qazananda klub olaraq səninlə çox qürurlandıq…

- “Kəpəz”in sosial şəbəkələrdəki səhifələrini daimi izləyirəm, paylaşımları bəyənirəm. Çempion olanda mənimlə bağlı poster paylaşılmışdı. Doğrusu, mənim üçün sürpriz oldu. Azarkeşlik etdiyim komanda məni yaddan çıxartmamışdı. Sevincinə şərik olduğum klub bu dəfə mənim uğuruma sevindiyini nümayiş etdirmişdi. Çox qürurlandım. Mənim üçün çox sevindirici idi.

- Boş vaxtlarında yəqin ki, futbol oynayırsan.

- Bəli, milli komandada təlim-məşq toplanışları dövründə yığma üzvləri ilə tez-tez futbol oynayırıq. Millidə tək gəncəli olaraq “Kəpəz” azarkeşi kimi tanınıram. Bizdə “Qarabağ”a, “Neftçi”yə və “Sabah”a azarkeşlik edən uşaqlar var. Çempionat oyunları zamanı komandalarımız qarşılaşanda bir-birimizə qıcıq veririk. Özümüz oynayanda “Kəpəz”in formasını geyinib meydana çıxıram. Bundan sonra klub tərəfindən hədiyyə verilən və adım əks olunan forma ilə oynayacağam. Bizdə bir nəfər vardı, inad göstərərək bütün idmançılara “Neftçi”nin formasını hədiyyə vermişdi. Amma mən götürmədim (gülür). 

- Komanda ilə görüşməyin səndə hansı təəssüratlar yaratdı?

- Açığı, zəng olunub kluba dəvət ediləndə çox sevindim. Azarkeşlik etdiyim komandanın üzvləri ilə meydançada görüşmək çox xoş oldu. Bəzi hisslər var ki, onları sözlə ifadə etmək olmur. O anları yaşadım. Bir azarkeşin arzusu gerçəkləşdi. Akademiyanın binası, şəraiti, məşq meydançaları ilə tanış oldum. Yeni stadion tikilir. Bütün bunlar Gəncədə futbolun inkişafına dəstək verəcək. Şəhərimizdə həmişə istedadlı futbolçular olub. Onların inkişafı üçün bazaya ehtiyac vardı. Köhnə stadionda betonun üstündə otururduq. Sonra arenanın bir qisminə plastik oturacaqlar quraşdırıldı. Amma şərait o deyildi. “Kəpəz” azarkeşi olaraq ən pis təsir edən məqam illər öncə Avroliqa oyunumuzu Bakıda keçirməyimiz oldu. Onda da tribunalarda istədiyimiz qədər azarkeş toplaşmamışdı. Oyun Gəncədə keçirilsəydi, stadion tam dolardı. Nəticələr də başqa cür olardı. Həmin vaxt çox pis olmuşdum. Avropa səviyyəli stadionun tikilməsi bu problemi həll edəcək. Gəncədə oynamaq tamam başqa mənzərə yaradacaq. Daxili çempionat oyunlarında ən çox azarkeş bizim komandanın matçlarına gəlir. Dolu tribunalar önündə oynamaq komandaya ayrıca motivasiya verir.

- Komanda ilə görüşəndə bu mövsümə nəzər salıb uşaqlara ürək-dirək verdin. Onları motivasiya etməyə çalışdın.

- İdmançı olaraq özümün də başıma belə şeylər gəlib. 7 il boyunca heç bir yarışda uğur qazanmadım. Amma ruhdan da düşmədim. Nəticə əldə etdikdən sonra uğurlarım ardıcıl gəlməyə başladı. Mən də komandanı belə görmək istəyirəm. 8 turdan sonra tilsimi qırdıq. Bunun ardı gəlməlidir. Derbidə “Neftçi”ni məğlub etdik. Əzəli rəqabətə yaraşan matç oldu. İki möhtəşəm qol vurduq. Məncə, Mahamadu Banın zərbəsi mövsümün qolu ola bilər. Növbəti oyunlarda daha güclü “Kəpəz” görəcəyik. Futbolçuların özünə inamı artacaq.

- Son olaraq gəncəli azarkeşlərə hansı çağırışı edə bilərsən?

- Gəncədə “Kəpəz”dən başqa bir komandaya azarkeşlik edən bəlkə də yoxdu. Komanda uğursuz mövsüm keçirə bilər. Amma bu o demək deyil ki, sən bir azarkeş kimi oyunlara getməməlisən, dəstək olmamalısan. Əksinə, əsl azarkeş komandanın pis vaxtında da yanında olmalıdır. Yaxşı günlərdə onsuz da hamı gəlir. Əsas uğursuzluq olanda dəstək vermək lazımdır. Hamını komandaya dəstək olmağa çağırıram. 

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC