"Ayaks"ın baş məşqçisi "Qarabağ"a yüksək qiymət verdi: "Bakıya gələn çoxsaylı azarkeşlərimizə bir jest - qələbə ilə təşəkkür etmək istəyirik"

"Ayaks" Avropa Liqası Liqa mərhələsinin III turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Presssport.az xəbər verir ki, Amsterdam təmsilçisinin italiyalı baş məşqçisi Françesko Farioli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandanız niyə oyunqabağı məşq üçün “Neftçi Arena”nı seçdi?

- Plan belə idi. Adətən diqqəti cəlb etmək üçün yox, başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.

- Sabahkı matç haqqında nə düşünürsünüz?

- Rəqibimizi təhlil etmişik. “Qarabağ” güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındı. Kadr itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.

- “Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiz?

- Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik, təhlükəli komandadı. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu diqqətə çatdırardım.

- Sabah hansı nəticəni gözləyirsiniz?

- “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.

- Zehni olaraq uduzmağa hazırsınız?

- Futbolda hər şey ola bilər. Amma öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.

- Bakıya “Ayaks”ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?

- Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik, çox pul xərcləməli oldular. Bakı bahalı səfərdi. Onlara bir jest - qələbə ilə təşəkkür etmək istəyirik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC