Sərxan Hacıyev millimizin Gəncədə oynamasının mümkünlüyündən danışıb: "Onun tərəfdarıyıq ki, hər komanda təmsil etdiyi rayonda oynasın"

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Misli Premyer Liqasının XI turunun "Turan Tovuz" - "Kəpəz" matçından (2:1) sonra Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşının da iştirak etdiyi brifinqdə suallarını cavablandırıb:

- Səfərimizin bir neçə səbəbi var, öncədən planlaşdırılmışdı. Bilirsinizz ki, milli komandamız UEFA Millətlər Liqası oyununu Qəbələ şəhər stadionunda keçirəcək. Oyunun keçirilməsi üçün hazırda stadionda təmir-tikinti işləri aparılır. İrimiqyaslı işlər deyil. Lakin kifayət qədər lazımlı məsələlərdi. Bu, UEFA-nın birbaşa tələbidi. Göülən işlərlə yerində tanış olmaq çox vacib idi. Çünki vaxtımız elə də çox deyil. Həmçinin Qərb derbisi var idi. Milli komandanın baş məşqçisi Fernandu Santuş da oyunu izləmək istədiyini bildirmişdi. Buna görə də birlikdə Tovuza gəldik. Bu gün isə Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş baza ilə tanışlıq planlaşdırılır. Santuşu həmin baza ilə tanış edəcəyik. Gələcəkdə orda əsas millinin təlim-məşq toplanışı ola bilər. Gəncədə yeni stadion tikilir. Ehtimal var ki, gələcəkdə milli komandamız Gəncədə oyunlar keçirsin.

- Estoniya ilə oyunun İstanbulda keçirilməsi ehtimalı da var idi. Bunun alınmamasının səbəbi nədir?

- Açığı, bir neçə ehtimal var idi. Lakin “1 nömrəli” variant Qəbələ şəhər stadionu idi. Bu müddət ərzində məhz bu variantın üzərində daha çox iş aparılırdı. Qonaq komandanın da razılığına ehtiyac var idi. Estoniyanın razılığını, UEFA-nın tələblərini öyrəndikdən sonra qərara aldıq ki, oyunu Qəbələdə keçirək. 

- Rəqib öncədən Qəbələdə oynamaq istəmirdi. Onları yola gətirmək çətin olmadı?

- Xeyr. Estonları maraqlandıran müəyyən məqamlar var idi. Lakin danışdıqdan sonra bunları həll etdik. Uzun danışıq olmadı.

- II Liqada klublar maliyyə problemi yaşayır. Bəziləri səfər oyununa getmək üçün pul tapa bilmir. Bu liqada klublara dövlətin ayırdığı vəsaitin artırılması məsələsi gündəmdə var?

- Bu məsələ əlbəttə ki, bizi də narahat edir. Lakin mövsüm başlamadan öncə bütün klublara məlumat verilir ki, hansı məbləğdə maddi yardım ayrılacaq. Öncədən komandalardan da təminat alınır. Belə halları görmək bizə də xoş deyil. Klublar özləri də əlavə sponsorlar tapmaq üçün iş görməlidi. AFFA bacardığı qədər yardım göstərməyə çalışır. Bəlkə də nadir ölkələrdən biriyik ki, bütün liqalarda iştirak edən klublara maddi dəstək göstərilir. Komandalardan xahiş edirik ki, öncədən maliyyə ilə bağlı işlər aparsınlar. Hazırda 1-2 iki komandaya əlavə yardım etmək elə də məqsədəuyğun hesab edilmir. Çünki bu, baş versə, bərabər yanaşma pozulur.

- Yeni AFFA rəhbərliyi iş adamlarının futbol sahəsinə cəlb olunması istiqamətində hansı işlər görəcək?

- Futbol İnkişaf Fondu (FİF) var. Bu qurum AFFA tərəfindən yaradılıb. Onlarla birlikdə müxtəlif layihələr aparılır. FİF həm Premyer Liqada, həm I Liqada klublara sponsor tampaqla bağlı köməklik göstərib. Elə "Turan Tovuz"u qeyd edə bilərəm. Biz də AFFA olaraq FİF-in gördüyü işlərə daim qoşuluruq. Ötən il Şəmkirdə iş adamları ilə görüşdə biz də AFFA rəhbərliyi orda iştirak etmişdik. FİF-lə birlikdə bu yöndə işlər görməyə çalşırıq.

- "Lerik" ev oyunlarını Lənkəranda keçirir, Şamaxıda bütün liqalarda təmsil olunan bir neçə klub oynayır. Stadionu olmayan klublar niyə liqaya buraxılır? Hər klubun nə vaxt təmsil etdiyi rayonda oynayacaq?

- Yaxşı məqama toxundunuz. Hazırda bu məsələ də gündəmdədi. Bunu ən yaxın vaxtda birbaşa aşağı liqalardan başlamaq çətin olar. Amma yaxın gələcəkdə bu qayda yüksək liqada əsas qayda kimi qoyula bilər. Bu gün üçün məsələ ilə bağlı konkretlik yoxdur. Lakin müzakirələr gedir. Ola bilər ki, Premyer Liqadan başlayaraq yavaş-yavaş aşağı liqalara kimi stadion məsələsi tələb kimi qoyulsun. Onun tərəfdarıyıq ki, hər komanda təmsil etdiyi rayonda oynasın. 

- II Liqa klubları bildirir ki, AFFA ödənişləri vaxtında keçirmir. Bu, doğrudu?

- Maksimum çalışırıq ki, gecikmə olmasın. Müəyyən hallarda sənədləşmə məsələsinə görə gecikmə olur. Ödəniş edilmədən öncə sənədlərlə tanış oluruq. Bilməliyik ki, əvvəlki ayın ödənişi hansı istiqamətdə xərclənib. Əlimizdən gələni edirik ki, səbəbsiz gecikmə olmasın. 

- Yeni AFFA rəhbərliyinin futbolçu yetişdirməklə bağlı hansı layihələri var? Yeni akademiyaların inşa edilməsi gözlənilir?

- Layihələr, konkret fikirlər var. Lakin indi bunları açıqlaya bilmərəm. Çünki sözügedən məsələlər bundan öncə də qeyd etdiyimiz kimi yeni yazılan strategiyanın daxilində əksini tapacaq. 2025-28-ci illər üçün nəzərdə tutulmuş strategiyamızın içində bu məsələ də olacaq.

- Bir müddət öncə baş tutmuş "Sabaha saxlamayaq" verilişində bütün müzakirələrin sonu AFFA-nın yeni yazılmaqda olan strategiyasına gəlib çıxırdı. Bu strategiya hazır olana qədər AFFA rəhbərliyinin gördüyü işlərlə bağlı heç nə danışmayaq?

- Bir çox məsələlər öncədən kağız üzərində planlanmalıdır ki, ondan sonra iş başlasın. İnfrastruktur layihələrini nəzərdə tuturuqsa, bu da mərhələli və planlı şəkildə olmalıdı. Analiz etmədən hansısa layihəni başlasaq, xaotik yanaşma olar. İş planlı şəkildə qurulanda daha məqsədəuyğun olur.

- AFFA İcraiyyə Komitəsinin son iclasında gündəliyə daxil edilən məsələlər tam müzakirə olunmamşdı. Növbəti iclas nə vaxt olacaq?

- Yaxın vaxtlarda baş tutması nəzərdə tutulub.

- Qadın liqaları nə vaxt başlayacaq? Millimizin Portuqaliyaya məğlub oldu. Onların çempionatında artıq 7-ci turdur, bizdə isə mövsüm hələ başlamayıb. Ümumiyyətlə çempionat olacaq?

- Bəli, olacaq. İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq.

- Bir stadionda bir neçə klub məşq edir və ya oyun keçirir. Bu məsələ nə vaxt həll olunacaq?

- Milli komandanın "Dalğa Arena"da ev oyununu keçirməsi normaldı. Çünki stadion AFFA-nın balansındadı. "Araz-Naxçıvan"a gəlincə, bəli, bölgə klubu ev oyunlarını burda keçirir. Növbəti mövsümdən Premyer Liqa klublarına öz stadionlarında oynamaq tələb kimi qoyula bilər. Düzdür, indi bunu demək çətindi. Tək mənim fikrim yox, İcraiyyə Komitəsinin qərarı olmalıdı. Çünki, bu, turnirin nizamnaməsinə də salınmalıdı. Bu tələb növbəti mövsümdən etibarən tətbiq olunmağa başlasa, daha yaxşı olar.

- "Araz-Naxçıvan" sanki bilərəkdən Naxçıvana getmək istəmir. Çünki orada stadion var. Bir neçə deyiblər ki, təmir işlərinə başlanılacaq. Amma heç bir iş görülmür. Bəs, siz necə düşünürsüz?

- Bizə də bildiriblər ki, Naxçıvanda  müəyyən işlər aparılır. Bu sualı klub rəhbərliyinə versəz, daha yaxşı olar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC