"Mingəçevir"in məqsədi I Liqada qalmaq olacaq: "Nə qədər yuxarılarda bitirsək, başımızın ucalığıdı"

  • I Liqada da qış fasiləsi başa çatır. Artıq bu gün mübarizəyə start verilir. Hazırda 8-ci pillədə olan “Mingəçevir” bu il ilk matçını öz meydanında “Şamaxı”yla keçirəcək. Komandanın baş məşqçisi Ədəhim Niftəliyev Presssport.az-a müsahibəsində həm qış fasiləsini dəyərləndirdi, həm də cari mövsümün ikinci yarısından gözləntilərini açıqlayıb.
  • - Qış fasiləsindən nə dərəcədə yararlana bildiniz?
  • - Heyətimizdə dəyişikliklər oldu. Roman Hüseynov “Şamaxı”ya getdi. Tural Məmmədova II Liqadan təklifi gəldi. Dedim ki, təklifin varsa, get, problem yoxdu. Deyəsən, "Sheki City"yə getdi. Komandamıza iki yeni futbol qatdıq. Bunlardan biri “Qəbələ-2”dən Fuad Əhmədovdu. Əslən Mingəçevirdən olan bu futbolçunu cari mövsümün sonunadək icarəyə götürmüşük. Bir də “Qarabağ”ın sabiq futbolçusu Elfariz İsayevin oğlu Təbriz İsayevi cəlb etmişəm.  “Sabah”ın üzvüdü, o da bizdə icarədədi. İki yoldaşlıq görüşü keçirdik, üçüncüsü alınmadı. 
  • - Səbəb?
  • - Əvvəlcə “Kəpəz-2”in əvəzedicilərinin qonağı olduq və 3:1 hesabıyla qalib gəldik. Sonra Yevlaxda “Karvan"la görüşdük və qolsuz bərabərlik oldu. Çempionat qabağı bir yüngül oyun da olmasını istədik və "Ağdaş”la danışdıq. Amma burda hava şəraiti elə alındı ki, yağış, qar oldu. Hər ikimizin meydançası təbii otdu və palçıq olduğuna görə matçı təxirə saldıq. Ümumiyyətlə, qış təlim-məşq toplanışı bizim üçün bir az əziyyətli oldu. 
  • - Hansı planda?
  • - Hava şəraitinə görə istədiyimizi ala bilmədik. Məşqimiz təbii otda az oldu. Misal üçün mənə lazım idi 10 gün taktiki məşqlər keçək, sırf standart vəziyyətlər üzərində işləyək. Lakin yağışa, qara görə meydançadan istifadə edə bilmədik. Son 4-5 gündü ora məşqə çıxırıq. Qazonumuzu qorumaq üçün başqa meydançalardan istifadə etdik ki, lap pis səviyyəyə düşməsin. 
  • - Qoruya bildiniz?
  • - Bəli. Düzdü, sırf yaşıl ot deyil. Qazon təbi olduğuna görə otda saralma var. Amma meydança düzdü. Yağışda, qarda oynasaydıq, qazonumuz demək olar tam keyfiyyətsiz olacaqdıq. 
  • - Bəs, heyətin komplekləşdirilməsindən nə dərəcədə razı qaldınız?
  • - Bir az zədə problemi bizi narahat edir. Ciddi zədə olanda “axsayırıq”. O mənada ki, zədəlilərdən birini Bakıya göndərirəm, birini “Kəpəz”in həkimi Vüqar həkim kömək edir. 
  • - Öz həkiminiz yoxdu?
  • - Var, sadəcə, müayinə, reabilitasiya üçün şəraitimiz yoxdu. Buna görə zədəli futbolçularımızın hərəsini bir tərəfə göndərməli oluram. Yüngül problem olanda, həkimimiz iynə-dərmanla müalicə edir. Amam sırf ciddi zədəylə bağlı güclü mütəxəssisimiz yoxdu. Gəlmə həkim isə yaxşı pula gələr, bizim də elə maddi imkanımız yoxdu. Gələcəkdə sponsor olsa, bunlar planda var. 
  • - Mövsümün ikinci yarısında məqsədiniz nə olacaq?
  • - I Liqadan düşməmək, turnri cədvəlinin ortalarında - 5-6-cı pillələrdə qərarlaşmaq. Qarşımıza belə məqsəd qoymayıblar ki, çempion olun. Məqsədimiz 10-cu yerə düşməmək olacaq. Mövsümü nə qədər yuxarıda bitirsək, başımızın ucalığıdı. İnşallah, komandama inanıram. İnandığım uşaqlar da yanımdadı. Özümüzü heç bir komandadan zəif bilmirəm. Futbolçuların özlərinə də demişəm ki, I Liqada bütün oyunlara baxmışam, onların heç birindən geri qalan futbolçular deyilsiniz. Sadəcə, bizdən yalnız maddi, şərait cəhətdən üstündürlər. 
  • - İlk rəqibiniz “Şamaxı”nı qış fasiləsində izləmisiniz? Hansı dəyişikliklər diqqətinizi çəkib?
  • - Son olaraq Şamaxıda "Karvan"ı 2:0 udublar yoxlama matçında. Həmkarım Kənan Kəirmovdan da soruşdum. Dedi ki, heyəti çox güclüdü, əvəzləmə olanda hiss olunmur, tıemp düşmür. Hamısı oynayan uşaqlardı, imkan var yaxşılarını yğıblar. I Liqanın “qaymaq”ları demək olar ordadı. 
  • - Həmkarınızın Ramiz Məmmədovun yerliniz - Mingəçevirdən olması da maraqlı məqamdı.
  • - Bir yerdə də oynamışıq. Yaxşı komanda yğıb. Onun da inandığı uşaqlar yanındadı. Qapıçılarla işləyən məşqçim Elnar Kərimov da yanına gedib. Daha bir köməkçisi Mehman Baxışov da mingəçevirlidi. Dediyim kimi, bizim futbolçu olmuş Roman da ordadı. Futboldu, kim güclüdü, o da qalib gələcək. Mingəşevirdə futbol var, bizim məqsəd də onu qaldırmaqdı. Əvvəllər olduğu kimi, futbolumuzun yetirmələri elə Mingəçevirdə qalıb oynasınlar. Daha indiki kimi “Qəbələ”yə, "Sabah"a, "Kəpəz"ə getməsinlər. Hələliksə bizim yetirmələrin hamısı qıraqddı. Fikrim də odur ki ,inşallah, gələcəkdə bizdə akademiya olsun, yetrimələrimiz hərəsi bir tərəfə səpələnməsin. “Qəbələ”yə futbolçunu havayı veririk, amma Mingəçevirə lazım olanda onu icarəyə verirlər. Bu, adama bir az ağır gəlir. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC