"Zirə" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Səbail"i 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.
- Futbolçularıma təşəkkür edirəm. İlk növbədə Qismətə təşəkkür etmək istəyirəm, ağır günlərində komandanın yanında oldu, oynadı. Bu, komanda üçün əlavə motivasiyadır. Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq.
- Qisməti oynatmamağı düşünürdünüz?
- Planda yox idi ki, onu oynadaq. Sadəcə, ikinci hissənin 60-cı dəqiqəsindən sonra rəqib o cinahda çox aktiv idi. Özü də oynamağa razılıq verdi, yaxşı da oynadı. Ondan sonra o cinahdakı problemimiz həll edildi.
- İlk oyunda da qələbə qazanmışdız. Həmin görüşlə bugünkü matç arasında hansı fərq oldu?
- "Səbail" elə rəqibdir ki, "Qarabağ"la matçda 5-6 qol epizodu yaradır və qol vurur. O riski gözə alıb, düşündük ki, hücumu biz edək. Qol buraxsaq da, qollar vuraq. "Səbail"lə matçda tam müdafiədən oyun qurmaq mənasızdır. Bu gün çalışırdıq ki, çox qol vuraq.
- Rəhim Sadıxovun qeydə alınmayan qol epizodu haqda nə düşünürsüz?
- Diqqətlə baxmamışam. Epizoda diqqətlə baxdıqdan sonra fikir bildirirəm. Dinamikada ofsayda oxşatmadım. 6 dəqiqə pauza oldu. Oyun nəzarətimizdə idi. Rəqib qol buraxıb, özünə gəlir. Qol sayılmadı, rəqibə motivasiyadır. Bu qərarlar tez verilməlidir. Yəqin ki, çətin epizod idi.
- Ceyhun Nuriyev və Rafael Utziq istədiyiniz səviyyəyə çatıb?
- Hər ikisi istədiyimiz səviyyədədir. Hücumumuzu gücləndiriblər.
- Kubokda iki oyunda 5 qol vurduz, çempionatda isə qol vurmaqda çətinlik çəkirsiz...
- Bu mövsüm ilk oyunumuzdu ki, üç top fərqi ilə qalib gəldik. Bundan da qabaq oyunlar olub ki, epizodlarımız çox olub. Futbolçularıma dedim ki, bu gün son vuruşlarda soyuqqanlı idik deyə, fərqli nəticə oldu. Son vuruşları, ötürmələri daha dəqiq etdik deyə, inamlı qələbə qazandıq.
- Razısız ki, "Zirə" öz oyununu oynayanda hakimlər də aciz olur?
- Bu oyunlar hamının yaddaşında bizimki kimi qalmır. Bir çox oyunları yaxşı keçirsək də, istədiyimizi əldə etməmişik. Oyun olsa, nəticə gələcək. Təsadüf qələbələrin gələcəyi olmur. Daha inamlı olduqda, daha yaxşı oynadıqda, hakim səhvi də gözə görünmür. Ona da güc lazımdır ki, belə məqamlarda rəqiblərdən ekstra güclü olasan. Biz o gücdə deyilik. 6-7 komanda eyni gücdədir.
- Sizcə, avrokuboklara kubokdan, yoxsa çempionatdan daha rahat vəsiqə qazana bilərsiz?
- Görünən odur ki, hər iki tərəfdə güclü rəqabət gedir. Yarmfinala çıxdıq, işimiz daha çətindir. Geniş heyətimiz olsa, daha yaxşıdır. İtkilərdən əziyyət çəkirik. 5-6 oyunçudan məhrumuq. Vladislav Kulaç dünən son məşqdə zədələndi. Üç il yarımdır komandadayam, amma nominal hücumçu oynada bilmirəm.
- Kuboku qazanmaq şanslarınızı necə dəyərləndirirsiz?
- Qarşıdakı oyunlara köklənəcəyik. "Araz-Naxçıvan" və "Qəbələ" ilə oyunlarımız gərgin keçib. Hansı yarımfinala çıxsa, hər iki komanda iddialı olacaq. Mərhələnin həlli rəqib meydançasında olacaq. Hazırda məcburuq ki, kuboku kənara buraxıb "Sumqayıt" və "Neftçi" ilə oyunları düşünək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC