Ceyhun Nuriyev oynadıqları ən pis qazondan revanş almaq fikrinədək: "Ən pis halda haqq elədiyimiz yer 2-ci pillədi"
“Zirə” Misli Premyer Liqasında 3 oyunluq qələbəsiz seriyasına Şamaxıda son qoyub. Bu, həmin rayonun eyniadlı təmsilçisi üzərində inamlı qələbəylə (2:0) reallaşıb. Həmin matçda əsas heyətdə yer almaqla qələbədə pay sahibi olan yarımmüdafiəçi, millimizin də üzvü olan Ceyhun Nuriyev Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Təbii ki, çətin Şamaxı səfəri idi. Rəqib necə sıx oynadığı məlum idi. Üstəlik də sintetik qazonda oynayırdınız. Bu çətinliklərə nə dərəcədə hazır idiniz və bunların öhdəsindən necə gəldiniz?
- - Dedikləriniz doğrudu və bunları bilirdik əvvəldən. Rəqib həmişə istəkli olub. Birinci dövrədə də bunu gördük. Oyunlarını analiz etmişdik. "Şamaxı" çox istəkli rəqibdi. Üstəlik də süni meydançada oynayır. Bütün bunlara hazır idik. Düzdü, həmişə yaxşı oyun hədəfləyirik. Lakin bu gün tək hədəf sırf qələbə idi. Çünki bu meydançada yaxşı futbol oynamaq çox çətindi. Allaha şükür ki, qələbə qazandıq.
- - Yəni, pis, daha doğrusu, zəif oynayaq, amma təki qələbə qazanaq…
- - Pis deməyək. Pis oynasaq, yəqin, qələbə qazana bilməzdik. Ancaq baxımlı oyunun olmayacağını bilirdik. Bu stadionda tək biz olmayaq, ən yaxşı oynayanlardan biri "Qarabağ"dı, yəqin ki, mükəmməl futbol oynaya bilməyəcəkdi. Bu da onunla bağlıdı ki, belə qazonda futbol oynamaq çox çətindi, dəhşətli çətindi. Ona görə bu gün əsas hədəf o deyildi ki, baxımlı oynayaq və qalib gələk. Əsas hədəf sadəcə, 3 xal qazanmaq idi.
- - Səncə, Azərbaycanda bütün sintetik qazonlarda oynamaq çətindi, yoxsa məhz Şamaxıda?
- - Yəqin ki, ən pisi Şamaxıdı. Çünki fikriləşmişəm Bayılı, Tovuzu da göz önünə götürərək. Şamaxıda qazon çox sərtdi, elə bil altda yumşaqlıq yoxdu.
- - Sanki betonda oynayırsan…
- - Elədi. Deyim ki, Bayılda da Tovuzda da mükəmməl futbol oynamaq mümkün deyil. Hər bir halda öt örtüyü mane olacaq sənə. Amma ən pisi yəqin ki, Şamaxıdı.
- - Bunadək 3 oyunda uda bilmirdiniz. Normal idi?
- - Bu, normal deyil. Bilmirəm, hər komandada müəyyən dövrdə bir düşüş olur. Uda bilməsək də, həmin 3 oyunda uduzmurduq da. Deyərdim ki, hər 3-də də qələbəyə yaxın tərəf olmuşuq. Nə bilim, bəlkə hardasa bəxtsizliq olub.
- - Belə anlarda bir psixoloji gərginlik olmurdu komandada ki, qələbə qazanmırıq?
- - Psixoloi gərginlik yox idi. Çünki düz yolda olduğumuzu bilirdik. Oyun gedirdi, baş məşqçimzin nə istədiyini bilirdi. Bir fəlsəfəmiz, ideyamız var oynayanda. Buna görə narahatıığımız yoxdu. Oynadığımız futbolu anlamasaq, necə gəldi futbol oynasaq, onda adam narahat olar. Lakin oynadığımız futbolun qarşılığında qələbə qazanmamaq sadəcə, nəyinsə alınmamağı idi.
- - Səncə, “Zirə"nin turnir cədvəlində hazırkı yeri potensialına uyğundu, yoxsa…? Yəni, keçən mövsümü bitirdiyiniz 2-ci yerdə deyilsiniz, indi orda ”Turan Tovuz" kimi güclü rəqibiniz qərarlaşıb…
- - Fikrimcə, ən pis halda haqq elədiyimiz yer 2-ci pillədi. Sadəcə, onu nəzərə alaq ki, çempionatda 2-ci dövrə hələ bitməyib, hələ heç qış fasiləsinə getməmişik. Buna görə indiki vəziyyətdə turnir cədvəlinə heç baxmırıq. Sadəcə, ən azı qışadək maksimum xal yığlb, artıq bundan sonra yavaş-yavaş turnir cədvəlinə baxacağıq.
- - Heyətinizdə rotasiyalar tez-tez olur. Milli futbolçusu olsan da, bu mövsüm 1 oyunda belə 90 dəqiqə oynamamısan. Tonusdan düşmürsən?
- - Bunadək son 10 oyunun 9-da əsas heyətdə yer almışam, axırıncı matçda sonradan meydana girdim. Onda da 30 dəqiqə çox oynamışam. Oynamasam belə, tonusdan düşmürəm. Məşqlərimi edirəm. Sonradan girərək oynadığım dəqiqələr də məni tonusdan salmır. Çox dalbadal oynamasam, bəli, onda nəsə problem olar. Amma bugünkü gündə elə bir vəziyyət yoxdu.
- - Bu həftə 2 matça çıxacaqsınız…
- - "Qarabağ"la qarşıdakı turun matçınadək "Araz-Naxçıvan"la təxirə salınmış görüşə çıxacağıq. Şamaxıdakı matç bitəndən sonra bütün fikrimizi "Araz-Naxşıvan"la təxirə salınmış oyuna vermişik. İnşalalh, qələbə qazanıb, bundan sonra "Qarabağ"ı fikirləşəcəyik.
- - “Araz-Naxçıvan”dan revanş almaq fikriniz varmı? Çünki naxçıvanlarla oyunda qələbəyə çox yaxın idiniz, sadəcə, son dəqiqələrdə bir şanssızlıqla üzləşdiniz…
- - Razıyam, əslində, şanssızlıq oldu, qələbəyə layiq biz idi. Bəli, revanş demək olar buna, səbirsızliklə qələbə qazanmağı gözləyirik.
- - “Araz-Naxçıvan”ın, “Turan Tovuz”un turnir cədvəlində yuxarıda olmağı, sizi qabaqlamağı təəccübləndirmir?
- - Təəccübləndirmir. Çünki yaxşı futbol oynayırlar. Yəni, bəxtəbəxt gəliblər desəm, onlar üçün haqsızlıq olar.