“İlk növbədə xalqımızı Zəfər bayramı münasibətilə təbrik etmək istəyirəm. Həqiqətən önəmli oyun idi bizim üçün. Bu, həm Bakıda milli bayramla, həm də qrupda 3 oyundu məğlub olmağımızla əlaqədar idi. Futbolçularda bir az gərginlik var idi. Lakin məsuliyyət həddən artıq çox idi. Gördüyünüz kimi, bir az gərgin oyun oldu”.
Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə deyib.
Avropa Liqasının Liqa mərhələsində Norveçdə “Budo Qlimt” üzərində vacib qələbəni (1:2) şərh edən təcrübəli mütəxəssis 90 dəqiqədə meydanda üzləşdikləri çətinliklərdən danışıb: “Bu matçda qalib gəlsək də, rəqib yenə qeyd elədiyim kimi, öz oyunu oynadı və bizim üçün çox çətinlik yaratdı. Hər bir halda, futbolçularla əvvəlcədən danışmışdıq ki, sonadək dözmək lazımdı. Çünki belə görüşlərdə, ümumiyyətlə, Avropa matçlarında sona kimi meydanda, oyunun içində olmaq çox vacibdi. Sonda şükürlər olsun Allaha ki, yaxşı bir qalibiyyət oldu. Futbolçulardan ruh düşkünlüyü oyundan sonra aradan qalxdı, bu baxımdan hər şey qaydasında oldu. Onlar matçdan sonra çox sevincli idi, çünki hər oyunda qalib gəlmək istəyirlər. Amma əfsulslar olsun ki, müəyyən səbəblərə görə bəzən qalibiyyət əlimizdən qaçırdı. Ancaq dediyim ki, dünən çox yaxşı bir komandaya qalib gəldik”.
Maraqlıdı, bu səfər qələbəsindən sonra çempionumuzun pley-off şanslarının yaxşılaşdığını, artdığını demək olarmı? Qurbanovun fikrincə, bu haqda düşünmək hələ tezdi: “Amma şansımız var. Özü də hətta məğlub olsaydıq belə, bu, vardı. Qarşıdakı oyunlarda bilinmir hansı nəticələr ola bilər. Biz uduzduğumuz kimi, digər rəqiblər də məğlub ola bilər. Hər halda, bu qələbə futbolçulara böyük bir inam verdi və qarşıdakı matçlarda daha inamlı, daha diqqətli olmaq üçün böyük bir səbəb oldu”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC