“Yaxşı, maraqlı bir oyun oldu. Təşkilatçılıq da yaxşı idi. ”Turan"ın yaradıcısı və ilk prezidenti Vidadi Əhmədovla “Turan Tovuz”un hazırkı rəhbəri Ehtiram Quliyevin iştiraklarını qeyd edərdim. Onlarla birgə matçdan qabaq dünyasını dəyişən futbol adamlarının məzarlarını ziyarət etdik, Tovuz şəhər stadionunda olan abidələrin önünə gül dəstələri düzdük, mərhumların xatirələrini ehtiramla yad etdik".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in veteran futbolçusu Firuz Qulami deyib.
Çempionluğun və “Turan”ın ölkəmizi ilk dəfə “Fənərbaxça” ilə oyunlarda qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar olaraq “Turan” və “Kəpəz”in veteranları arasında yoldaşlıq oyununda iştirak edən 52 yaşlı keçmiş yarımmüdafiəçi 5:5 hesabıyla bitən matçın dostluq şəraitində keçdiyini vurğulayıb: “Düzdür, ilk hissədən sonra hesabda 2:4 geridə idik. Aydın məsələdi ki, yaş o yaş deyil. Bizdə bəzi futbolçuların çəkisi bir az ağır idi. Ancaq sonadək mübarizə apararaq, 2-ci hissədə hücumlarımızı artıraraq hesabı bərabərləşdirə bildik. Yekunda görüş sülhlə bitdi. Əsas odur ki, o vaxtkı Qərb derbisiylə indikində həm sürət fərqi var idi, həm də belə hesab olmamışdı. “Kəpəz”lə bağlı aydındı ki, doğma şəhərimizin təmsilçimizdi və onun yetirməsi, futbolçusu olmuşuq. Amma mənə "Turan"da da oynamaq nəsib olub və Qərb zonasında Tovuz klubuna da azarkeşlik etmişik. Qərb zonasında bu klubların olmağı Azərbaycan futbolunun inkişafına çox təsir edəcək".
Gəncəli futbol veteranı oyuna azarkeş marağının böyük olmasına da toxunub: “Sizə deyim ki, Premyer Liqanın bəzi oyunlarından çox azarkeş vardı tribunlarda (gülür). Hardasa 500 azarkeş vardı. Sağ olsunlar, gəlib bizlərə dəstək oldular, azarkeşlik etdilər. Öz adımızdan onlara da təşəkkürümüzü bildiririk. Bunu oyundan sonra da elə stadionda mikrofonla çıxışımda çatdırdım”.
Gəncə Futbol Veteranları İctimai Birliyinin sədrinin müavini olan Qulami qurumun sədri olan Tofiq Məmmədovun oyundan qabaq Vidadi Əhmədova etdiyi xatirə hədiyyəsindən söz açıb: “Bu, ”Kəpəz” veteranları adından “30 nömrə”li “Kəpəz” forması idi. Bu da təbii ki, “Turan”ın çempionluğunun 30 illik yubileyi ilə bağlı idi. Oyundan sonra Tovuzda “Uğurlu” şadlıq sarayında hardasa 100 nəfərlik tədbir oldu ki, orda da gözəl, xoş anlar keçirdik. Vidadi Əhmədova fəxri kubok və ona həsr olunan kitab təqdim olundu. Çıxış edənlər Qərb futbolunun inkişafına “Turan”la “Kəpəz”in adları çəkildi ki, buna görə Tovuz futbolunun rəhbərlərinə minnətdaram. Biz də öz növbəmizdə “Kəpəz” veteranları adından onlara, Vidadi Əhmədova minnətdarlığımızı bildiririk. Bir sözlə, hər şey yüksək səviyyədə idi. Belə tədbirin keçirlməsi biz tərəfindən də yaxşı qarşılandı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC