Azərbaycan milli komandası UEFA Millətlər Liqasının VI turu çərçivəsində sabah səfərdə İsveç yığmasının qonağı olacaq.
Presssport.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında iştirak edərək qarşıdakı görüşlə bağlı gözləntilərini bölüşüb:“Güclü heyət qurmaq, hər oyunda qələbə qazanmaq istəyirik. Son üç matçda çıxışımızda müsbətə doğru böyük dəyişiklik var. Sabahkı rəqibimiz İsveç millisi hər oyuna xüsusi yanaşır. Biz də rəqibi təhlil edirik, buna uyğun taktika ilə çıxış edəcəyik. İsveçlilər Estoniya yığmasından tam fərqli oyun üslubuna malikdi. Keyfiyyətli futbolçulardan qurulan güclü rəqibə qarşı çıxış edəcəyik. Ancaq özümüzə inanmalı və qələbə üçün mübarizə aparmalıyıq. Ümumiyyətlə, elə heyət olmalıdır ki, müdafiə olunmaqla yanaşı, hücumlar qurmağı, təhlükəli vəziyyətlər yaratmağı da bacarmalıdı. Milli komanda üç gündən bir çıxış edir, futbolçular yorulur. Bunu nəzərə alsaq, heyətdə bəzi dəyişikliklər ola bilər”.
Portuqaliyalı mütəxəssisin fikrincə, millimizin oyunları göstərir ki, doğru yoldayıq: "Əlbəttə ki, hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirdi. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük. Təəssüf ki, gəldiyim vaxtdan bu yana qələbə qazana bilməmişik. Ancaq inanıram ki, tez bir zamanda uğursuzluq zolağından çıxacağıq".
70 yaşlı Santuş C Liqasında qalmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:
"Cüzi də olsa, şans varsa, bunun uğrunda mübarizə aparmalıyıq. Heç kim görüşdən əvvəl məğlub olmur. Əlbəttə ki, sonadək mübarizə aparacağıq. Necə ki, son matçda əlimizdən gələni etdik. Özümüzə inanmalyıq və çalışmalıyıq ki, uğurlu nəticə qazanaq".
Xatırladaq ki, noyabrın 19-da Solna şəhərindəki “Stroberri Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC