Rasim Karanın mükafatlandırdığı, “Bodo Qlimt”ə transferi alınmayan "Neftçi"li: “Erməninin başçılığı altında oynaya bilməzdim”

“Neftçi”nin qapıçısı Emil Balayev müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir: 

 – Volqoqradda dünyaya gəlmisən. Sirr deyilsə, ailənin vətəndən kənara düşməsinə səbəb nə olub?

– Atam orada təhsil alırdı. Təhsilini başa vurduqdan sonra orada qalıb öz işləri ilə məşğul oldu. Mən də elə orada dünyaya gəldim.

– 5 yaşına qədər orada yaşamısan. Nəsə xatırlayırsan?

– Elə bir yaş həddidir ki, tam da nəyisə xatırlamaq olmur. Sadəcə, bir az bulanıq nələrisə xatırlayıram.

– Bildiyimə görə, əmin peşəkar futbolçu olub və zədəyə görə karyerasını erkən başa vurub.

– Hə, peşəkar deyəndə ki, 16-17 yaşına qədər, oynayıb. 1970-ci illərin əvvəlində “Neftçi”nin aşağı yaş qruplarından ibarət komandalarında oynayıb. Həmin ərəfələrdə dizindən zədə alıb. O vaxt da indiki kimi təbabət belə yüksək səviyyəyə çatmamışdı. İndiki dövrdə onu əməliyyat edib yenidən futbola qaytarardılar. Amma o dövrdə bu bir az problem idi. Ona görə də futbolla vidalaşmalı olub.

– Atan boksçu olub. Nəticələri var?

– O da instituta daxil olana qədər boksla məşğul olub. “Dinamo” cəmiyyətinin üzvü idi. O vaxt indiki kimi idmanda şərait yaxşı olmayıb. Ona görə də əksər insanlar idmanın daşını atıb təhsilə üstünlük verirdilər. Əmim kimi atam da təhsili seçmişdi.

– Heç ondan ilhamlanıb boksçu olmaq fikrinə düşmüsən?

– Belə bir fikrim olmayıb. Amma “futbol olmasaydı, hansı idman növünü seçərdin” sualını versəniz, cüdonun adını çəkərdim. Bu idman növünü çox bəyənirəm. Çüdoçu dostlarım da var.

– “Neftçi”yə necə düşmüsən?

– “Neftçi”nin köhnə bazası tərəfdə qalırdım. Həmişə elə məhəllədə futbol oynamışam. Məni çörək almağa göndərirdilər, bundan istifadə edib 1-2 saat gözdən itirdim. Beləliklə evdə futbola həvəsli olduğumu bildilər və mənə problem yaratmadılar. Əvvəlcə “Neftçi”nin bazasında pullu qruplarda futbol oynamağa başladım. Sonradan “Sabahın ulduzları”nda diqqət çəkdim. Nəticədə “Neftçi”nin marağını cəlb etdim və bu komandanın aşağı yaş qruplarından ibarət komandalarında çıxış etməyə başladım. Amma mən ona qədər “Olimpiya” adlı komandanın tərkibində oynamışam. Həmin “Olimpiya”da məhəllə uşağı Elşən Abdullayev də var idi. Futbola gəlməyimdə onun da böyük rolu var. O mənə deyirdi ki, “mən futbola gedirəm, sən də gəl”. O, 5-6 yaşından futbol məşqlərinə gedirdi, mən 4-5-ci sinifdə oxuyanda.

– “Sabahın ulduzları”ndan səni kim “Neftçi”yə seçdi?

– Konkret kimisə xatırlamıram, amma mən o turnirin ardıcıl 2 il ən yaxşı qapıçısı seçildim. Hətta yadımdadır ki, Rasim Kara mənə o mükafatı təqdim etmişdi. İlk ilimdə “Vətən”, daha sonra “Neftçi”nin qapıçısı kimi bu mükafata layiq görülmüşdüm.

– Hücumçu olmaq istəmisən, amma səni qapıya keçiriblər. Bu təşəbbüs kimdən gəlib?

– Hücumçu yox, pleymeyker deyərdim. Həmişə qol ötürməsini sevmişəm. Meydana çıxandan sonra istəyirdim ki, qollar mənim ötürmələrimdən sonra vurulsun. Amma məşqlərə qoşulanda gördülər ki, ən ucaboy oyunçu mənəm, nəticədə qapıya keçməyimi məsləhət gördülər. Amma “çərçivə”ni qorumağa da həvəsim olub. Amma ümumi götürəndə 10 uşaqdan 9-u deyər ki, mən qol vurmağı daha çox sevirəm, bu da təbiidir. 1-2 uşaq qapıçı və ya müdafiəçi olmağı arzulayar.

– Azərbaycan millisində Berti Foqtsun köməkçilərindən olan Volfqanq Rolf səni “Ayntraxt”a aparan adam olub.

– Hə, o Frankfurt klubunda baş məşqçi Tomas Şaafın köməkçisi idi. Onlar da qapıçı axtarışında idilər. Rolf məni milli komandadan tanıdğına görə belə bir imkan yaratdı. Əvvəlcədən “Neftçi” rəhbərliyinə dedi ki, belə bir şans var, ancaq əvvəlcə baxışdan keçməlidir. Təbii ki, Bundesliqada oynamaq hamının arzusudur. Bu, baş tutmasaydı belə, ən azı cəhd etdiyimə görə peşman olmayacaqdım. Nəticədə 2 həftəlik yoxlanışa getdim, amma 6-7 gündən sonra mənə müqavilə təklif etdilər. “Neftçi” də keçidimə heç bir problem yaratmadı.

- “Ayntraxt”da niyə çox qalmadın?

– O vaxt əsas qapıçıları Kevin Trapp idi. Onların mənə böyük ümidləri var idi. Problem onda oldu ki, mən zədələndim və 3 dəfə əməliyyat keçirdim. Müqavilə müddəti bitəndən sonra da onu artırmadılar. Doğrudur, Braunşveyq klubu müəyyən şərtlər irəli sürdü, o da məni qane etmıədi. Nəticədə vətənə qayıtmaq qərarına gəldim.

– Sən “Ayntraxt”da oynayanda hazırda Leverkuzen “Bayer”ində çıxış edən Finlandiya millisinin qapıçısı Lukaş Qradetski də orada idi.

– Bəli, onunla bu günə qədər də isti münasibətlərim var. Hətta son əməliyyatımdan əvvəl də məni həkimlə məhz Qradetski tanış etdi. Onunla indiyə qədər danışıram.

– Yeri gəlmişkən, Qradetski səndən sonra Andrey Lunyovu da “Qarabağ”a yola saldı. Bu dəfə “Bayer”dən…

– Bu, bir təsadüfdir. Qismət belə alınıb.

– Mən bilən hazırda Avstriya millisinin qapıçısı olan Haynts Lindner də “Ayntraxt”da sənin komanda yoldaşın olub.

– Mən “Qarabağ”da çıxış edəndə “Bazel”lə səfərdəki oyun öncəsi onunla orada görüşdüm. Köhnə günləri yada saldıq.

– “Ayntraxt”da oynayarkən səninlə bir komandada indi “Qalatasaray”da oynayan Kaan Ayhan, “Qalatasaray”ın sabiq hücumçusu Haris Seferoviç, komandanın əfsanəsi Aleksandr Mayer, Yaponiya futbolunun siması Makoto Hasebe kimi oyunçular çıxış edib. Kiminlə münasibətin var idi?

– Elədir ki, var. Məsələn, mən orada olanda Mayer həmin ildə Robert Levandovski və Aryen Robbenlə birgə Bundesliqda bombarlik uğrunda mübarizə aparırdı. Nəticədə, Mayer 19 qolla 2014/15 mövsümündə hamını qabaqladı. Münasibətlərə gəlincə, hamı ilə yaxşı idim. Kaan Ayhanla münasibətlərim əla olub. Frankfurtda mənim evimə də gəlmişdi, bir yerdə çay içmişik. Kaanla Canni de Byazinin dövründə Alanyada keçirilən yoldaşlıq görüşündə də üz-üzə gəldim. Görüşdük, söhbətləşdik. O özü də mənə deyirdi ki, əslimiz Iğdırdandır. Əslən azərbaycanlı ola biləcəyini də istisna etmirdi. Yeri gəlmişkən, Ayhan Kovaç qardaşlarının dövründə “Ayntraxt”dan ayrılmaq məcburiyyətində qaldı. Bəlkə də vaxtilə Xorvatiya millisinin kapitanı olan Robert AÇ-2008-də Türkiyəyə dramatik matçda məğlub olduqdan sonra bir az sarsılıb və Kaana komandasında çox da şans vermədi. Təbii ki, bu, sadəcə bir fərziyyədir. Bir qədər əvvəl Hasebenin adını çəkdiz. Yaponiyalı ulduzla paltadəyişmə otağında şkafımız yanaşı idi. Onunla münasibətlərim yaxşı idi. Daha sonra paraqvaylı Nelson Valdes də orada idi. Mehriban kollektiv idi.

– Mən bildiyimə görə baş məşqçi Tomas Şaaf sənə də güvənirdi, amma nəsə özü də alındıra bilmədi. Halbuki, əzəmətli “Verder”i o qurmuşdu…

– Mən ora gələndən 5 ay sonra istefaya göndərildi. Səbəbini bilmədim. Ondan sonra sabiq məşqçiləri Armin Vehi gətirdilər. O da çox qalmadı. Nəticədə Kovaç qardaşlarını gətirdilər. Bəlkə də Şaafa daha artıq vaxt verilsəydi, burada da istədiyi komandanı qurardılar. Məsələn, Yürgen Kloppa Dortmund “Borussiya”sında vaxt verdilər. Şaafa yəqin ki, “Verder”də bu şəraiti yaratdılar. “Ayntraxt”da isə fərqli düşündülər.

– Qazaxıstanda normal oynayırdın. Niyə “Tobol”u qoyub bura gəldin? Komandaya gətirilən erməni baş məşqçi Qriqori Babayana görə?

– Bəli, mənim atam I Qarabağ müharibəsinin iştirakçısı olub. Qanlı tariximizi unutmaq olmazdı. Erməni məşqçinin başçılığı altında oynaya bilməzdim. Atam da mənə “Tobol”dan ayrılmağı məsləhət gördü, özüm də qalmaq istəmirdim. Bəlkə də komandaya erməni futbolçu gəlsəydi, onu ötüşdürmək olardı. Amma onda da “qalardım” deyə bilmərəm. Hər halda, oyunçunun status səndən yüksək deyil. Amma məşqçi başqa söhbətdir. O, qərarları verən adamdır. Doğrudur, Babayan məni komandada saxlamaq istəyirdi. Amma seçimi etmişdim.

– Bəs Qazaxıstanın başqa klublarından təklif var idi?

– Bəli, hətta agentimlə də görüşmüşdülər. Amma mən artıq Qazaxıstanda qalmağı fikirləşmirdim. Avropaya getmək istəyirdim.

– Bəs Avropada kiminlə danışıqlar aparmısan?

– “Bodo Qlimt”. Norveçə də getdim, amma alınmadı. Daha doğrusu, menecerimin mənə dediyi şərtlərlə onların mənə təklif etdiyi şərtlər üst-üstə düşmədi.

– Məsələ ondadır ki, “Bodo Qlimt”in yüksəlişi də həmin vaxtdan başladı. Onlarla anlaşa bilmədiyinə görə peşmansan?

– Yox, peşman deyiləm. Hər bir işdə xeyir var. Həmin ərəfələrdə pandemiya düşdü, “Qarabağ”ın üzvünə çevrildim. Bir yerdə müəyyən uğurlara imza atdıq. Avrokuboklarda uğurlu çıxış etdik. Xüsusən də Vətən Müharibəsi dövründə “Qarabağ”ın futbolçusu olmaq qürurverici idi. Ağdama ilk gedənlər sırasında olmaq nəyə desən dəyər. Ona görə də qətiyyən peşmançılıq hissi keçirmirəm.

– Ola bilər, dişini sıxıb “Bodo Qlimt”in maliyyə şərtlərini qəbul etsəydin, indi Avropaya səs salan bu komandanın bir parçası olardın. Keçmişə qayıtsaydın, yenə bu addımı atardın?

– Hə, yenə belə edərdim. Mən ora gedəndə onların əsas qapıçısını “Ankaragücü” aldı. Bodo okeanın sahilində balaca bir şəhərdir, Norveçin ən şimal nöqtələrindən birində yerləşir. Məni çox isti qarşıladılar, amma olmadı.

– Necə düşünürsən, “Qarabağ” karyeran alındı?

– Əslində karyera deyəndə Avropada “böyük beşlik” ölkələrində oynamağı arzulayırsan. İdeal karyera odur. Amma “Qarabağ”da oynamaq da bir uğurdur.

– Bəs niyə möhkəmlənə bilmədin, niyə karyeranı orada davam etdirmədin?

– Özünüz görürsünüz ki, bu klubda kim oynayır-oynasın, rotasiyalar olur. Mənim dönəmimdə də belə idi. Mənim “Qarabağ”I tərk etməyimin əsas səbəbi Qazaxıstanın “Turan” klubundan gələn təklif idi. Vaxtilə “Tobol”dan tanıdığım Georgi Qazzayev (bəli, Valeri Qazzayevin oğlu), məni ora dəvət etdi. Fikirləşdim ki, Georgi Kostanayda yığdığı kollektivi burada da formalaşdıracaq. Amma rəhbərlik ona güvənmədi. Çempionatın startından 1 ay sonra istefaya göndərildi.

– 2016/17 mövsümündə “Qarabağ”da çıxış edərkən qəza törətdin və bir azyaşlı uşaq həlak oldu. Bu, sənin psixoloji durumuna necə təsir elədi?

– Bu, həyatdır, belə hadisələr hamının başına gələ bilər. Əsas odur ki, hər bir çətinlikdən sonra özündə güc tapıb həyata davam edirsən. Təbii ki, yadına düşəndə pis olursan.

– Qəribədir ki, “Qarabağ”ın islandiyalı qapıçı Halldorson da qəza törətmişdi. Amma onun fəsadı daha yüngül olmuşdu.

– Hə, elədir. Təbii ki, bu da bir təsadüfdür.

– Belə bir paylaşım etmişdin ki, “Priuslardan uzaq olun”. Niyə?

– Orada daha çox istehza var idi. Orada mən motosikletləri nəzərdə tutmuşdum. Çünki maşın sürəndə bilirsən ki, qutunun içindəsən və təhlükəsizliyin var. Mən motosikletçilərin özlərini “Prius”dan qorumasını məsləhət görmüşdüm. Çünki bu markanın sürücüləri maşını çox təhlükəli sürür.

– Millidə sənin Bakıda Xorvatiyaya qarşı möhtəşəm oyununu xatırlamayan var?! Ondan sonra Emil görünmədi.

– “Görünmədi” deyəndə baxır siz nəyi nəzərdə tutursunuz?! Həmin oyundan sonra mən millidə daha 15 görüşdə meydana çıxmışam. Qismət elə oldu ki, biz bu oyunda uduzmadıq. Bəlkə də məğlub olsaydıq, yaxşı debüt alınmazdı. Təmkin Xəlilzadə də bu oyunda yaxşı qol vurdu. Ümumiyyətlə, uşaqlar əzmkarlığı ilə seçildi. Dünyanın vitse-çempionuna qarşı çox yaxşı oynadıq. Rəqib Xorvatiya idi deyə yaddaşlarda qaldı. Nisbətən zəif komanda olsaydı, heç kim bunu xatırlamayacaqdı.

– Hələ də milliyə qayıdacağına ümid edirsən?

– Məncə, yaşın fərqi yoxdur. Hər bir futbolçu bunu arzulayır. Bizim işimiz klubda özümüzü göstərib millinin məşqçisinin diqqətini cəlb etməkdir.

– Hələ səndə klub səddi var. Əsas heyətə düşə bilmirsən.

– Ağır zədəyə görə 1 il oynamamaq çətindir.

– Bu sual həmişə məni düşündürüb: bizdə komanda oyunu yoxdur. Sahə oyunçularımızın taktiki zəka ilə bağlı problem ola bilər. Amma qapıçılar bir qədər başqadır axı. Onlar çox da taktikanın əsiri deyil. Sahə oyunçularımız qırağa çıxa bilmir, bəs qapıçılarımızın qarşısını nə kəsir?

– Əksinə, bizdə qapıçılar həmişə ön plana çıxır. Bu da bizim millimizin qapısı qarşısında çox qol vəziyyətinin yaranması ilə əlaqəlidir. Məsələn, mənim Xorvatiya yığmasına, Şahruddinin Portuqaliya millisinə qarşı oyununu xatırlaya bilərsiniz. Yaxud Kamranı deyək. Mən deməzdim ki, qapıçılarımız yaxşı deyil. Ola bilər, sahə oyunçuları texniki və taktiki cəhətdən başqa cür hazırlaşır, amma qapıçı da 90 dəqiqə təzyiq altında qalır. Məsələn, sol tərəfdən hücum qurulanda sağdakı müdafiəçi bir qədər rahat ola bilir. Amma 90 dəqiqəyə bir qapıya hücum olunur. Rəqib ancaq sənin qərarlaşdığın yeri nişan alır. Bizim millinin yaxşı qapıçıları olub.

– Sözümün canı odur ki, Avropaya gedən yoxdur.

– Gürcülərin yolunu Xviça Kvaratsxeliya açdı. Biri uğurlu olanda görürlər ki, bu millətdə istedadlı futbolçular var. Nəticədə diqqətlər Gürcüstan bazarına yönəlir. Bizdə də birinci kimsə bu səddi adlasa, bəlkə də ardı gələr. Görürsüz ki, Mahir Emreli hazırda uğurlu çıxış edir. Bura çatmaq üçün də Avropada iki-üç komanda dəyişib. Bu, bizim ölkənin uğurudur. Belə məqamda agentlər bizə tərəf yönələcək.

– Gürcülərlə müqayisə olunmağımız nə dərəcədə düzdür ki? Əvvəla sovet dövründə Tiflis “Dinamo”sunun yerli oyunçularla vaxtları olub. Müstəqillik dövründə Avropaya Arveladze qardaşları, Kaladze və Ketsbaya kimi oyunçular çıxardılar. Onlar həmişə diqqət mərkəzində olub.

– Başa düşdüm, onların da boş keçirdiyi dönəmlər olub. Amma biz də geridə nələrisə qoymuşuq. Müyyən vaxtdan sonra biz də qapını açmalıyıq.

– Həm də Gürcüstan millisi Avropa çempionatında oynayır. Biz o ümidləri doğrultmuruq deyənə bu tərəfə boylanan yoxdur.

– Onların Avropa çempionatına yollanmasına əsas səbəb kənarda oynayan futbolçularının sayının çoxluğu oldu. Bizdə daha çox oyunçu kənarda daha səviyyəli futbolçulara qarşı oynasa, milli daha çox qabağa düşər. Rahil Məmmədov “LKS Lodz”da yaxşı çıxış etməsəydi, ona “Radomyak”dan təklif gəlməzdi.

– Bildiyimə görə, mütaliəni və film seyr etməyi çox sevirsən.

– Son vaxtlar vaxt çatışmazlığı var. Vaxtilə Aqata Kristini çox oxumuşam. Mən onun Erkül Puaro obrazını kinoda gördükdən sonra yaradıcılığına baş vurmuşdum. Xüsusən də “Şərq qatarında qətl” əsərini ön plana çıxarardım (futbolinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC