“Araz-Naxçıvan”ın braziliyalı hücumçusu müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Çətin oyun oldu. Matçdan əvvəl qələbəyə köklənmişdik. Əzmkarlıq nümayiş etdirərək sonda qələbə qolunu vurduq. Ümumiyyətlə, turnir cədvəlində bizdən aşağıda olan klublarla oynayanda mənim üçün daha çətin olur.
- Onda belə çıxır ki, bütün oyunlar sizin üçün çətin keçir?
- Elədir. Qələbə qazandıqca digər klublar bizim çıxışımızı daha yaxından izləyirlər, daha ciddi hazırlaşırlar. Eləcə də xal itirməyimizi istəyirlər.
- Qələbə qolunu 87-ci dəqiqədə vurdunuz. Oyun sona yaxınlaşdıqca heç-heçəyə razılaşmışdınız, yoxsa sona qədər inam var idi?
- Çətin də olsa, son ana qədər mübarizə apardıq. İnanırdıq ki, qalib gələ bilərik. Digər tərəfdən də heç-heçə də olsaydı, 1 xal qazanacağdıq və bu, 2-ci pillədəki yerimizi qorumağa kifayət edəcəkdi.
- Hazırdı ikinci pillədəsiniz. 1 oyun az keçirən lider “Qarabağ”dan 1 xal geri qalır, üçüncü pillədəki “Turan Tovuz”u isə 4 xal qabaqlayırsınız. Mövsümün əvvəlində, komanda bir araya gələndə 13 turdan sonra belə nəticələrə imza atacağınıza inanırdınız?
- Açıq deyim ki, xeyr, inanmırdım. Düzdür, yaxşı çıxış edəcəyimizə inam var idi. Lakin “Araz-Naxçıvan”ın ikinci yerdə olması bizim üçün də sürprizdir. Bu qədərini heç kim gözləmirdi. Hazırda 30 xalımız var və bu, əla nəticədir.
- Bu sürprizi davam etdirmək üçün komandanızın gücü çatacaq?
- Əlbəttə, hiss edirik gücümüz var. Özümüzə inanırıq.
- “Qarabağ”ın gücü məlumdur. Onları çıxsaq, avrokubok yolunda hansı komandaları əsas rəqib qismində görürsünüz?
- Hələ çempionatın sonuna çox var. Heç ikinci dövrə yekunlaşmayıb. Ona görə də düşünürəm ki, indidən bu barədə danışmaq çox tezdir. Biz indi mövsümün sonunu düşünmürük. Oyuna oyuna köklənirik.
- Əksər oyunlarda 90 dəqiqə meydanda olur, sona qədər qaçır, mübarizə aparırsınız. 33 yaşda bu gücü hardan tapırsınız?
- Bu, mənim tərzimdir. 10 il əvvəl də belə oynayırdım. Çalışıram hər zaman formada qalım. Bu, baş məşqçimizin də xoşuna gəlir.
- Bir mövsüm Malayziyada çıxış etdiniz. Yenidən qayıdarkən Azərbaycan çempionatında nə dərəcə fərq hiss etdiniz?
- Azərbaycan Premyer Liqasında mübarizə aparmaq həqiqətən çox çətindir. Əksər klubların heyətində çoxlu legionerlər var. Bu da səviyyəni artırır. Klubların bir çoxu inkişaf edir.
- Lakin sabiq klublarınız heç də yaxşı günlərini yaşamırlar. “Qəbələ” I Liqadadır, “Neftçi” isə hazırda 8-ci pillədə…
- “Qəbələ”nin I Liqada olması mənim üçün sürprizdir. Bu klubun ürəyimdə xüsusi bir yeri var. O ki qaldı “Neftçi”yə, açıq demək lazımdır ki, orada çox şeyi inkişaf etdirmək lazımdır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC