“Los-Anceles Olimpiadasındakı əsas məqsədimiz Parisdəki nəticədən daha yaxşı çıxış etməkdi" - millimizin almaniyalı baş məşqçisi

“Los-Anceles Olimpiadasındakı əsas məqsədimiz Parisdəki nəticədən daha yaxşı çıxış etməkdi”.

Presssport.az xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

Almaniyalı mütəxəssis ötən ilin Azərbaycan cüdosu üçün uğurlu olduğunu deyərək ölkəmizdə ilin məşqçisi seçilməsi ilə bağlı da fikirlərini bölüşüb: "Bakıda ilk dəfə belə bir tədbirdə iştirak etdim və bu, həqiqətən çox xoş idi. Daha əvvəl başqa ölkələrdə bənzər qala-gecələrinə qatılmışam, buna görə də burada mərasimin necə keçdiyini görmək mənim üçün xüsusilə maraqlı idi. Azərbaycan Cüdo Federasiyası böyük uğurlar qazandı və əməyimin də qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Ötən ilin ən yaxşı idmançılarının da bizim cüdoçular – Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olması sevindiricidir. Bu gecə mənim üçün çox yaddaqalan oldu. Gənclər və İdman Nazirliyinə, təşkilatçılara və məni dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm".

Trautman qısa və uzunmüddətli planlardan söz açıb: “Möhtəşəm komandamız var və heyətimizdə iki Olimpiya çempionu yer alır. Bundan əlavə, uğurun astanasında olan istedadlı və perspektivli idmançılarımız mövcuddu – onlara sadəcə, bir neçə düzgün addım atmaq qalır. Əlbəttə ki, gənc nəslimizlə fəxr edirik – onlar böyük potensiala malikdi, inkişaf etməyə, mükəmməlləşməyə və yeni zirvələr fəth etməyə hazırdı. Əsas məqsədimiz, şübhəsiz ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Lakin bu yolda mühüm mərhələlərdən biri də 2026-cı ildə Bakıda baş tutacaq dünya çempionatıdı. Bu yarışdakı uğur bizə əsas hədəfə çatmaqda böyük kömək edə bilər. Dünya çempionatında və digər böyük turnirlərdə stabil nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda unutmaq olmaz ki, uğur yalnız idman nəticələrindən ibarət deyil. İdmançılarımızın sağlamlığının qorunmasına və gücləndirilməsinə xüsusi diqqət yetiririk. Həmçinin gələcək qələbələrin təməlini təşkil edəcək yeni nəsil cüdoçuların hazırlanması bizim üçün olduqca vacibdi”.

Baş məşqçi ötən il zədə almış cüdoçuların bərpa prosesi ilə bağlı danışıb:

"Zədələr var və bu mövzuda artıq həm millinin həkimləri, həm də klublardakı tibbi mütəxəssislərlə müzakirələr aparmışıq. İdmançılar hətta kiçik zədələrə baxmayaraq, həmişə mübarizəyə hazırdı. Lakin onlar bəzən anlamırlar ki, belə yanaşma vəziyyəti daha da çətinləşdirə bilər. Burda balansı qorumağa çalışmalıyıq. Məhz bu səbəbdən Olimpiadadan sonra bütün idmançıların sağlamlıqlarına vaxt ayırması üçün israr etdim. Elcan Hacıyev (90 kq), Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) əməliyyat keçirdilər və hazırda bərpa prosesindədirlər. Onlar tam gücləri ilə olmasalar da, artıq məşqlərə qayıdıb. Bununla belə, irəliləyiş aydındı və onlar optimal formalarına qayıtmaq yolunda inamla irəliləyir. Bəzi idmançılarımız, məsələn, Turan Bayramov (60 kq) və Vüqar Talıbov (90 kq), hərbi xidmət səbəbindən müvəqqəti olaraq idman fəaliyyətlərini dayandırıb. Turan Bayramov cəmi bir ay əvvəl məşqlərə qayıdıb, tezliklə Vüqar Talıbov da onlara qoşulacaq. Digər idmançılarımızın da kiçik çətinlikləri var, məsələn, Zelim Tçkayevin (81 kq) kiçik zədələri var və onların müalicəsi tələb olunur. İlin əvvəlində Bakıda, Parisdə və Daşkənddə keçiriləcək turnirlərdə iştirak planlaşdırılıb. Bu yarışlarda, belə demək mümkünsə, eksperimental heyət iştirak edəcək. Heyət idmançıların hazırlıq səviyyəsinə əsasən formalaşdırılacaq. Əsas diqqət gənc, iddialı və istedadlı cüdoçularımızın potensialını yoxlamağa yönəldiləcək".

Mütəxəssis Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin yarış təqvimi ilə bağlı bunları deyib: "Hidayət və Zelim artıq tam şəkildə məşq prosesinə qoşulub. Onları əsas turnirlərə hazırlayırıq və ilin gedişində onlar 4-5 yarışda iştirak edəcək. Əsas diqqət dünya və Avropa çempionatlarına, İslam Həmrəyliyi Oyunlarına, həmçinin bəlkə də Tokioda keçiriləcək "Böyük Dəbilqə" turnirinə yönəlib. Lakin İslam Oyunlarının tarixi ilə bağlı hələ dəqiq məlumat yoxdu. Yarışın avqustda keçirilməsi planlaşdırılır, lakin noyabra təxirə salınması ehtimalı da var. Bu isə cüdo təqvimi üçün çox vacib bir dövrdü, çünki həmin müddətdə Tokioda keçirilən prestijli "Böyük Dəbilqə" turniri var və bu yarışda iştirak da bizim üçün prioritetdir".

Trautman cüdodakı qaydaların dəyişməsinə toxunub: "Qaydalar dəyişir və ya dəyişmir, cüdoda həmişə dramatik anlar kifayət qədər olur. Hamımız müəyyən ümidlər bəsləyirik və müəyyən nəticələr gözləyirik. Bununla belə, bəzi müsbət dəyişikliklər də var: məsələn, "dayvinq" adlandırılan vəziyyətə görə hansoku-make qərarının ləğvi. Bu, çox vacib bir addımdı, xüsusilə də 2023-cü ildə Dohada keçirilən dünya çempionatını xatırlasaq. Həmin çempionatda üç cüdoçumuz rəqibini atarkən başları ilə tatamiyə toxunduqları üçün məğlub oldu. Artıq belə hallar idmançılara qələbə şansına başa gəlməyəcək və bu, qaydaları daha ədalətli edəcək. "Yuko" qiymətləndirməsinin geri qaytarılmasını da müsbət bir addım hesab edirəm. Bu, döyüşlərin strategiyasını zənginləşdirəcək və idmançılara daha geniş texnika arsenalından istifadə etmək imkanı verəcək. "Golden score" məsələsinə gəlincə isə, burda hər şey fiziki hazırlığa bağlıdı. Cüdoçular 15 dəqiqə əlavə mübarizə aparmağa hazır olmalıdı. Məsələn, Hidayət əlavə vaxtı rahat keçirsə də, sürətli qələbəyə üstünlük verən Turan Bayramov üçün "golden score" ciddi bir sınaq ola bilər. Ümumilikdə qeyd etmək lazımdı ki, yeni qaydalar hələ test rejimindədir və bu ilin iyun ayına, yəni Budapeştdə keçiriləcək dünya çempionatına qədər sınaqdan keçiriləcək. Bundan sonra Beynəlxalq Cüdo Federasiyası onların rəsmi tətbiqi ilə bağlı yekun qərar verəcək. Biz də bu qərarlara uyğunlaşacaq və yeni qaydaların yarışlarda necə şərh edildiyini diqqətlə izləyəcəyik. Bu, cüdoçularımızın taktiki hazırlığını tənzimləməyə və onları dəyişikliklərə tam uyğunlaşdırmağa imkan verəcək. Beləliklə, 2025-ci il yeni qaydalara uyğunlaşma baxımından mühüm bir il olacaq".

O, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarından hədəflər barədə fikirlərini bölüşüb:

"İlk iki il adaptasiya dövrüdür, daha sonra isə Olimpiya təsnifat mərhələsi başlayır. Məhz buna görə təsnifat mərhələsinin başlanmasına qədər olan vaxt bizim üçün unikal imkan yaradır – bu dövrdə "ev tapşırığımızı" görmək, yeni qaydaları öyrənmək və onları praktiki olaraq tətbiq etmək şansı əldə edirik. Bu prosesdə müəyyən səhvlər ola bilər, lakin bəzən məhz bu səhvlər gələcək inkişaf üçün vacibdi. Bundan əlavə, Olimpiya təsnifatını evdə keçiriləcək dünya çempionatı ilə açırıq və bu, üzərimizə xüsusi məsuliyyət qoyur. Çox uzun müddət eksperimentlərə sərf etsək, bu, Bakıda medal qazanmaq şanslarımıza mənfi təsir göstərə bilər. Buna görə də adaptasiya üçün bir il ayırmışıq ki, növbəti mövsüm başlayanda idmançılarımız tam hazır olsun. Olimpiya təsnifatı mərhələsinə gəldikdə, əsas məqsədimiz mümkün qədər çox çəki dərəcəsində idmançılarımızın ilk “8-liy”ə daxil olmasıdı. Bundan əlavə, bütün çəki dərəcələri üzrə geniş və rəqabətli seçim imkanını təmin etməyə çalışırıq, çünki bu lisenziyalar uğrunda birdən çox idmançı mübarizə aparır. Dörd il həm də gənc idmançıları yüksək səviyyəyə gətirmək üçün kifayət qədər uzun bir müddətdi. Onlar artıq ciddi turnirlərdə iştirak etməyə hazırdı, lakin onların taktiki hazırlığını və stabilliyini inkişaf etdirməliyik. Daha bir vacib məqsəd məşqçi heyətinin uyğunlaşmasıdı. Kişi milli komandasının baş məşqçisi kimi vəzifəmi saxlamışam, lakin eyni zamanda performans direktoru kimi də fəaliyyət göstərirəm. Bu, geniş diqqət və böyük səylər tələb edən yeni bir roldu, çünki bu vəzifə həm idmançıların, həm də ümumilikdə komandanın inkişafına yönəlmiş çoxşaxəli məsələləri əhatə edir. Hazırda yeni məşqçi heyətini formalaşdırırıq və komandamıza bir neçə maraqlı və perspektivli mütəxəssis qoşulub. Ancaq başa düşmək lazımdı ki, komandanın uğuru yalnız məşqlərdən və çıxışlardan ibarət deyil. İdmançılar hər sahədə peşəkar olmalıdı – düzgün qidalanmadan və bərpadan tutmuş psixoloji hazırlığa qədər. Məhz buna görə bizə geniş mənada güclü bir komanda lazımdı".

Baş məşqçi son olaraq Bakıda keçiriləcək "Böyük Dəbilqə" barədə danışıb: "Olimpiadadan sonrakı il keçirilən ilk turnirlərin özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən biri odur ki, bütün idmançılar yarışa optimal formada gəlmir. Hazırda komandanın heyətini formalaşdırmaq prosesindəyik, eyni zamanda bəzi idmançılar hələ də zədələrdən bərpa olunur. Bunlardan biri də ardıcıl iki ildir Bakıda qalib gələn Zelim Tçkayevdir (81 kq). Təbii ki, üçüncü dəfə qalib gəlmək fürsəti onun üçün böyük motivasiya ola bilər, lakin əsas prioritet onun sağlamlığıdır. Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfovun (66 kq) yarışa tam hazır olub-olmayacağını da demək çətindir. Turan Bayramov yenicə məşqlərə qayıdıb, Vüqar Talıbov isə hələ də hərbi xidmətini davam etdirir. Digər tərəfdən, heyətimizdə bu turnirin hazırkı qalibi Murad Fətiyev (90 kq) var. Eyni zamanda, gənc idmançılarımızdan da xoş sürprizlər gözləmək olar. Məsələn, Hüseyn Allahyarov (60 kq) U-23 Avropa çempionatındakı qələbəsinin ardınca ölkə çempionatında da qalib gəldi və çox təsirli döyüş nümayiş etdirdi. Onun “Böyük Dəbilqə”də çıxışı maraqlı və gərgin olacaq, biz də onun performansını səbirsizliklə gözləyirik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC