"İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmadı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ aldıq".
Presssport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 21-ci turunda "Sumqayıt"la 0:0 hesablı heç-heçə etdikləri oyun haqda deyib.
O, görüşdən sonra təşkil olunan mətbuat konfransında Sumqayıt səfərinin hər zaman çətin keçdiyini vurğulayıb: "Təhlükəli komandadı. Vaqif müəllimin gəlişindən sonra bu komanda dinamik, aqressiv futbol oynayır. Komanda olaraq yaxşı iş görürlər. Qazanılan xala görə sevinməliyik. Çünki gedişat elə idi ki, uduza da, qələbə də qazana bilərdik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".
45 yaşlı mütəxəssis öz komandasının oyun tərzi haqda da söz açıb: "Araz-Naxçıvan" heç bir oyunu müdafiədə keçirmir. Komandadan daha çox hücum etmək tələb olunur, oyun o üslubda qurulur".
Baxşıyev penalti zərbəsi qazanmalı olduqlarını qeyd edib: "80-ci dəqiqədə "Sumqayıt"ın qapısına penalti təyin olunmalı idi, ancaq nə VAR-dan çağıran oldu, nə də hakim qərar verdi. Komanda olaraq üzərinizə düşən meydandakı işimizdir. Futbolçularıma inanıram, möhkəm komandamız var".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC