“Dünya çempionatında münasib qrupa düşmüşük. İnanıram ki, xeyrimizə olacaq. İrəli getmək üçün qrupdan daha az güc itkisi ilə çıxmaq vacibdi”.
Presssport.az xəbər verir ki, bunu Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda təşkil olunacaq dünya çempionatında yer aldıqları A qrupunu dəyərləndirərkən deyib.
Mütəxəssis qrupu lider kimi başa vurmaq istədiklərini söyləyib: Sloveniya tanıdığımız rəqibdir, sonuncu Avropa çempionatında görmüşük. Bəhreyn ilə Mavritaniyanı görməmişəm. Oyunlarını izlədikdən sonra onlara qarşı necə hazırlaşmaq haqqında qərar verəcəyik. Qrupdan 2-ci yerlə çıxsaq, ilk pley-offda Rumıniya kimi güclü rəqiblə düşə bilərik. Ona görə də ilk pilləni tutmaq istəyirik. İnanıram ki, bunu bacara bilərik”.
O, dünya çempionatında güclü komandaların çox olduğunu vurğulayıb:
“Əsasən də Avropa komandaları güclüdür. Bundan əlavə, ABŞ, Meksika, həmçinin Argentina da çox yaxşı komandalardır. Portuqaliya və İspaniyanı da qeyd edərdim. Özbəkistanın yaxşı komanda ilə qatılacağını düşünürəm. Çünki Özbəkistanda futzal hazırda ən yaxşı dönəmini yaşayır. Futzalla minifutbolda bənzərlik var. Bizi güclü mundial gözləyir. Yeni komandalar da var, yəqin ki, onlar güclü ola bilməz”.
Baş məşqçi heyətlə bağlı sualı da cavablandırıb: “Heyətimiz genişdir, yeni oyunçularımız var. Hər biri nəzərimizdədir, dünya çempionatında onların xidmətindən yararlanmaq niyyətindəyik. Yəqin ki, yaxın günlərdə heyət açıqlanacaq”.
Xatırladaq ki, Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC